Azərbaycanda irfan və sufilik adı altında fəaliyyət edən şəxslər barəsində sual
Allahın adı ilə
Dünya
şiələrinin mərcəi-təqlidi hörmətli Ayətullahül-üzma Hacı Şeyx Məhəmməd Fazil
Lənkərani (damə zillihul-ali) həzrətlərinin hüzuruna kamali-ehtiramla salam
yetirib sağlamlıq arzulayaraq bildirilir:
Son zamanlar
Azərbaycan Respublikasının müxtəlif məntəqələrində bə`zi şəxslər özlərini
ariflərə və sufilərə bənzədərək xalq arasında qeyri-adi iddialar edirlər. Belə
insanların fikirlərinə aydınlıq gətirilmədiyi üçün, onların və onlara meyl edən
müridlərin sayı gündən-günə artır. Onların bə`zi iddiaları aşağıdakılardan
ibarətdir:
On ikinci
imam həzrət Hüccət ibni-Həsən əl-Əsgəri əleyhiməssəlamın hüzuruna yetişmək,
səkkizinci imam həzrət Əli ibn-Musa əl-Rza əleyhiməssəlamın ziyarətinə gedib
Allahın hüccətindən xüsusi yüksək elmləri mənimsəmək, Qəməri bəni-Haşim həzrət
Əbül-fəzil əl-Abbas əleyhiməssəlamla görüşmək və o həzrətin atının tərkinə
minmək, yuxuda Allahın əziz Peyğəmbəri həzrəti Muhəmmədi (səlləlahu əleyhi və
alihi), habelə mə`sum imamları görüb, din və şəriət sahiblərindən mühüm İlahi
əmrləri alaraq bu kimi hökmlərə əməl etmək ciddiyətində olmaq, dünyasını
dəyişmiş bə`zi alimlərin ruhlarını çağırıb onlarla danışmaq, hazırki
müctəhidlərin bəzilərindən bir neçə dəqiqə ərzində illik dərslər həcmində elm
əxz etmək, kəramətlər və möcüzələrə malik din təbliğatçıları ilə ünsüyyətdə olub
onlardan xariqül`adə elmləri öyrənmək, mə`sumlardan və böyük alimlərdən
möcüzələr yaradan üzük, əsa, Quran və s. Bu kimi hədiyyələr almaq, falçılıq edib
insanın taleyini bilmək, istixarə etmək, dua yazmaq, yuxu yozmaq, şəxsin
qiyafəsindən onun taleyini bilmək, əsl-nəsəb tanımaq və buna oxşar başqa
iddialar.
Xatırladaq
ki, bu müdəaların sahiblərinin əksəriyyəti ya ümumiyyətlə dini hövzələrdə
təhsil almamış, ya da az bir müddətdə din elmlərini öyrənmək istəmişlər.
Sizdən xahiş
edirik yuxarıda qeyd olunan müdəalar barəsində, o cümlədən, onlarla nə həddə
ünsiyyət bağlamaq, də`vətlərini qəbul etmək məclislərinə getmək və bu kimi
suallara cavab olaraq öz nöqteyi-nəzərinizi bəyan edəsiniz.
Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.
Allahın adı ilə
Salamun əleykum
Həzrət
Peyğəmbəri-əkrəmin (səlləlahu əleyhi və alihi) təkid və tövsiyələrinə əsasən
səadətə yetişməyin yeganə yolu, ancaq Qur`ani-Kərim və Əhli-beyt əleyhimussəlama
sığınmaqla mümkündür. Hər hansı bir iki məsələdən xaric, yaxud başqa məsələlərlə
qarışmış olarsa, hüccət və e`tibarını itirmiş sayılır. Amma sufilik məsələsi
Məsum imamların əleyhiməssəlamın zamanında xüsusi olaraq Əhli-beytlə müqabilə
etmək və başqa məslək adı altında yaranmışdır. Ona görə də mə`sum imamlar bu
məsləklə ciddi surətdə müxalifət etmişlər.
Amma bizim
zamanımızda həzrət Bəqiyyətullahıl-Ə`zəm (ruhi və ərvahil-aləminə ləhil-fida)
imam Zaman əleyhiməssəlamın hüzuruna ixtiyari surətdə müşərrəf olmaq məsələsi
mümkün deyildir. Eləcə də həzrət özünün sonuncu xass naibinə buyurduğuna əsasən,
əgər hər kəs belə bir məsələni iddi edib öz ixtiyarı ilə imamı görmək
müdəasında olsa, bu iftiradan başqa bir şey deyildir və onu təkzib etmək
lazımdır.
Amma yuxu
aləmində alınmış hökmlərin məsələsinə gəldikdə isə, diqqət olunmalıdır ki,
şəriət baxımından onların heç bir e`tibarı və hüccüyyəti yoxdur. Möminlərin
vəzifələri və təklifləri isə yalnız camiş-şərait müctehidlərə müraciət etməklə
müəyyən olunur.
Mən dini
elimləri əldə edən möhtərəm tələbələrə tövsiyə edirəm ki, din, əhkam və İlahi
maarifi dərk etmək üçün böyük din alimləri və keçmiş fəqihlərin yolunu
getsinlər. Qur`anın həqiqətinə yetişmək, onu dərk etmək, ayələri təfsir edib
əhkamı ələ gətirmək üçün gərək illərlə elmi təhsil alsınlar. Elmə yiyələnmədən
yüksək məqamlara yetişmək qeyri-mümkündür. Əlbəttə, bu yolda şübhəsiz ki, pak
qəlblər və sadiq niyyətlərə sahib olanlar daha dəqiq şəkildə və daha aydınlıqla
məqsədə çatacaqlar. Keçmiş və indiki müctehidlərimiz arasında yuxu və ya
kəşf-şühud aləmində ictihada çatmış və dini elmləri dərk etmək qüdrəti verilmiş
bir şəxs yoxumuzdur. Belə bir iddianı etmiş şəxslər olsalar da, şübhəsiz ki,
qəbuledilməzdir və onların yalanı mütləq aşkar olacaqdır. Adətən, elmi qüdrəti
olmayan, yaxud çalışmaq, sə`y etmək və zəhmətə qatlaşmaqdan bibəhrə qalan
şəxslər bu cür iddianı izhar edirlər.
Mütəal
Allahdan istəyirəm ki, dinin elm bulaqlarını hamının qəlbinə cari etsin və ilahi
hikməti mənimsəməkdə bizi daha çox müvəffəq buyursun. İnşaallah!
Məhəmməd Fazil Lənkərani
Hicri 1428-ci il, məhərrəmul-həramın 3-ü