Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

PAKLAYICILAR

Məsələ: 152. On şey nəcasəti paklayır (bunlara mütəhhirat deyilir): 1-Su; 2-Yer; 3-günəş; 4-İstihalə (bir haldan başqa hala keçmə); 5-intiqal (bir yerdən başqa yerə nəql olunma); 6-İslam; 7-Təbəiyyət; 8-Nəcasətin eyninin aradan qaldırılması; 9-Nəcasət yeyən heyvanın istibrası; 10-Müsəlmanın qaib olması (və bunların hökmləri sonrakı məsələlərdə müfəssəl şəkildə gələcəkdir).

1-SU

Məsələ: 153. Su, dörd şərt daxilində nəcis şeyi pak edir:

1-ci şərt budur ki, mütləq olsun; (Deməli əgər muzaf olsa (gülab suyu və s. kimi) nəcis şeyi pak etməz.)

2-ci şərt budur ki, pak olsun;

3-cü şərt budur ki, nəcis şeyi yuyanda su muzaf olmasın və rəngi, iyi, yaxud dadı, nəcasətin rəngini, iyini, dadını özünə götürməsin;

4-cü şərt budur ki, nəcis şeyi suya çəkəndən sonra nəcasətin eyni onda qalmasın. (Nəcis şeyin qəlil (az) su ilə pak olmasının əlavə şərtləri vardır ki, sonradan qeyd olunacaq.

Məsələ: 154. Nəcis qabı qəlil su ilə üç dəfə yumaq lazımdır amma kürr, yaxud cari (axar) suda bir dəfə yumaq kifayətdir. İtin yaladığı, yaxud su və ya maye şeylər yediyi qabı əvvəlcə pak torpaq ilə sürtmək, sonra isə ehtiyat-vacibə görə kürr, axar, yaxud qəlil suda iki dəfə yumaq lazımdır. Həmçinin itin ağzının suyu tökülən qabı da ehtiyat-vacibə görə yumaqdan əvvəl torpaqla sürtmək lazımdır.

Məsələ: 155. Əgər itin ağzını vurduğu qabın ağzı dar olsa və onu torpaqla sürtmək mümkün olmasa, gərək torpağı onun içinə töküb möhkəm hərəkət etdirsinlər ki, torpaq qabın hər tərəfinə çatsın. Bundan qeyri surətdə qabın pak olması işkallıdır.

Məsələ: 156. Donuzun axıcı (maye) şey yediyi qabı qəlil su ilə yeddi dəfə; ehtiyat-vacibə görə kür və ya axar suda da 7 dəfə yumaq lazımdır. Onu torpaq ilə sürtmək vacib deyil. Amma, ehtiyat-müstəhəb budur ki, o da torpaqla sürtülsün.

Məsələ: 157. Əgər şərab vasitəsilə nəcis olmuş qabı qəlil su ilə suya çəkmək istəsələr, gərək üç dəfə yusunlar. Daha yaxşı olar ki, yeddi dəfə yuyulsun.

Məsələ: 158.Nəcis palçıqdan düzəldilən, yaxud nəcis suyun hopduğu kuzəni kürr, yaxud axar suda qoysalar və hər yerinə su dəysə, pak olar. Əgər onun batinini də paklamaq istəsələr, kürr, yaxud cari suda o qədər qalmalıdır ki, su onun hər yerinə hopsun (nüfuz etsin). Rütubətin hopması kifayət deyil.

Məsələ: 159.Nəcis olmuş qabı, az su ilə iki cür yumaq olar: 1-O qabı üç dəfə doldurub-boşaltsınlar; 2-Bir miqdar suyu üç dəfə onun içinə töksünlər və hər dəfədə suyu onun içində elə hərəkət etdirsinlər ki, bütün nəcis yerlərinə çatsın, sonra isə suyu boşaltsınlar.

Məsələ: 160. Xum, qazan və s. kimi böyük qablar nəcis olsa və onu üç dəfə su ilə doldurub-boşaltsalar, paklanar. Həmçinin üç dəfə ona yuxarıdan su töksələr və onun hər tərəfinə dəysə və hər dəfə də onun dibində yığılan suyu çölə töksələr, paklanar. Ehtiyat-vacib budur ki, o böyük qabın içində yığılan suyu çölə tökmək üçün istifadə olunan qab hər dəfə suya çəkilsin.

Məsələ: 161. Əgər nəcis bir şeyi nəcasətin eyni aradan qaldırdıqdan sonra bir dəfə kürr, yaxud axar suya batırsalar və su onun nəcis yerlərinin hamısına dəysə, pak olar. Ehtiyat-vacib budur ki, xalça, palaz-paltar və s. kimi şeyləri elə sıxsınlar və ya hərəkət etdirsinlər ki, onun daxilindəki su çıxsın.

Məsələ: 162.Əgər bovl ilə nəcis olmuş şeyi qəlil su ilə suya çəkmək istəsələr, suyu bir dəfə onun üstünə töksələr və ondan ayrılsa, bovlun o şeydə qalmadığı halda üstünə ikinci dəfə su töküldükdə paklanar. Amma, əgər paltar-palaz və bu kimi şeylərdə hər dəfə su töküldükdən sonra sıxılmalıdır ki, onun içində olan ğüsalə suyu çölə çıxsın (ğüsalə o sudur ki, adətən yuyulma vaxtında, yaxud ondan sonra yuyulan şeydən öz-özünə, yaxud sıxılmaqla tökülür).

Məsələ: 163. Əkər bir şey, iki yaşı tamam olmayan və xörək və donuz südü yeməyən oğlan uşağının bovlu ilə nəcis olsa, onun üstünə bir dəfə su töksələr və su nəcis yerlərinin hamısına çatsa, pak olar. Amma ehtiyat-müstəhəb budur ki, ikinci dəfə də həmin yerin üstünə su töksünlər. Bu halda paltar, palaz və s. kimi şeyləri sıxmaq lazım deyildir.

Məsələ: 164. Əkər bir şey bovldan başqa bir şeylə nəcis olsa, nəcasəti aradan qaldırdıqdan sonra, onun üstünə bir dəfə su töksələr və üstünə tökülən su həmin şeydən ayrılsa pak olar. Həmçinin əgər onun üstünə birinci dəfə su töküləndə nəcasət aradan getsə, pak olar. Amma hər halda paltar və s. kimi şeyləri sıxmaq lazımdır ki, onun ğüsaləsi çıxsın.

Məsələ: 165.Əgər iplə toxunmuş həsir nəcis olsa və onu kürr, yaxud axar suya batırsalar, nəcasətin eyni aradan gedəndən sonra pak olar.

Məsələ: 166. Əgər buğda, arpa, düyü, sabun və s. kimi şeylərin zahiri nəcis olsa kür, yaxud axar suya batırmaqla pak olar. Amma batini nəcis olsa, pak olmaz.

Məsələ: 167. Əgər insan nəcis suyun sabunun batininə keçib-keçməməsində şəkk etsə, batini pakdır.

Məsələ: 168. Əgər düyü, ət və s. kimi şeylərin zahiri nəcis olsa və onları bir qabın içərisinə qoyub qabı, üstünə örtənə qədər üç dəfə su ilə doldurub-boşaltsalar həm onlar, həm də o şeylərin qoyulduğu qab pak olar. Amma, əgər paltar və sıxılması lazım olan sair şeyləri bir qaba qoyub suya çəksələr, gərək suyu hər dəfə onun üstünə tökəndə, sıxsınlar və qabı əysinlər ki, ondan çıxan ğüsalə çölə çıxsın.

Məsələ: 169. Lilə və bu kimi şeylərlə rənglənmiş nəcis paltarı əgər kür və axar suya batırsalar və su, lilə və rəngin vasitəsilə muzaf olmamışdan qabaq paltarın hər yerinə çatsa, sıxanda ondan muzaf, yaxud rəngli su çıxmasına baxmayaraq, paltar pakdır.

Məsələ: 170.Əgər paltarı kür və ya axar suya çəkəndən sonra suyun çöküntüləri paltarda görünsə, bu halda o çöküntülərin suyun paltarın hər bir nöqtəsin çatmasının qarşısını alması ehtimalı verilməzsə, o paltar pakdır.

Məsələ: 171. Əgər paltar və s. kimi şeyləri suya çəkdikdən sonra (nəcis olan) palçıq və ya başqa əşyaların kiçik zərrələri onda görünsə, bu halda həmin zərrələrin, suyun paltarın hər yerinə çatmasının qarşısını almadığı mə”lum olarsa, o paltar pakdır. Amma əgər nəcis su palçığın və kiçik əşyaların daxilinə keçsə, palçığın və ya kiçik əşyaların zahiri pak, batini isə nəcis olar.

Məsələ: 172. Hər nəcis şeydən, nə qədər ki, nəcasətin eyni aradan qaldırılmayıb, pak olmaz. Amma nəcasətin rəngi və ya iyi o şeydə qalsa eybi yoxdur. Deməli əgər qanı paltardan təmizləyib suya çəkdikdən sonra qanın rəngi o paltarda qalsa pakdır. Amma əgər nəcasətin iyi və ya rəngi vasitəsilə nəcasətin zərrələrinin o şeydə qalmasını yəqin etsələr, yaxud ehtimal versələr nəcisdir.

Məsələ: 173.Əgər bədənin nəcasətini kürr, yaxud axar suda aradan qaldırıb təmizləsələr, bədən pak olur: və sudan çölə çıxıb, yenidən suya girmək lazım deyil.

Məsələ: 174. Əgər nəcis yemək dişin dibində qalsa və suyu ağızda dolandırdıqda nəcis yemək qalıqlarının hər yerinə çatsa (pak etmənin sair şərtlərinə riaət etməklə) pak olar.

Məsələ: 175. Əgər üzün, yaxud başın tükü uzun olsa və onun qəlil su ilə suya çəksələr, sıxmalıdırlar ki, onun ğüsaləsi ayrılsın.

Məsələ: 176. Əgər bədənin və ya paltarın bir yerini qəlil su ilə suya çəksələr, o yerə birləşən və adətən nəcis olan ətraf hissələr, nəcasət yerinin pak olması ilə (ətraf hissələri də) pak olar. Həmçinin pak bir şeyi nəcis şeyin yanına qoyub hər ikisinin üstünə su töksələr, nəcis şey pak olanda hər ikisi pak olur. Deməli, əgər bir nəcis barmağı suya çəkmək üçün barmaqların hamısına su tökülsə və nəcis su bütün barmaqlara dəysə, nəcis barmaq pak olandan sonra bütün barmaqlar pak olur.

Məsələ: 177. Nəcis olmuş ət, quyruq və s. şeylər kimi suya çəkilir. Həmçinin əgər bədən və yaxud paltar azacıq yağlı olsa və (bu yağlılıq) suyun onlara dəyməsinin qarşısını almasa suya çəkilməklə pak olur.

Məsələ: 178. Əgər qab və ya bədən nəcis olduqdan sonra çox yağlı olsa, belə ki, yağlılıq suyun onlara çatmasının qabağını alarsa, bədəni və yaxud qabı suya çəkmək üçün əvvəlcə onun yağlılığı təmizlənməlidir ki, su onun hər yerinə çatsın.

Məsələ: 179. Üzərində nəcasətin eyni olmayan nəcis şey kürr suya birləşmiş olan krantın altında bir dəfə yusalar, pak olar. Həmçinin əgər nəcasətin eyni də onun üstündə olsa, amma nəcasətin eyni krantın altında və ya başqa bir vasitə ilə aradan qaldırılsa və o şeydən axan su nəcasətin iy, rəng, yaxud dadını özünə götürməmiş olsa, krant suyu ilə pak olar. Amma əgər həmin nəcis şeydən axan su, nəcasətin iy, dad, və ya rəngini özünə götürmüş olsa, krantın suyu onun üstündən o qədər axmalıdır ki, ondan ayrılan suda nəcasətin iyi, rəngi, yaxud dadı olmasın.

Məsələ: 180.Əgər bir şeyi suya çəkib pak olmasını yəqin etdikdən sonra nəcasətin eyninin ondan ayrılıb-ayrılmamasında şəkk etsə, o şey pakdır.

Məsələ: 181. Əgər üstündən su axa bilməyən torpaq nəcis olsa, qəlil su ilə pak olmaz. Amma üstü çınqıllı, qumlu olan torpaq, su onun üstünə töküləndə ondan ayrılıb quma batdığına görə, qəlil su ilə pak olur. Amma, qumların altı nəcis qalır.

Məsələ: 182. Suyun batmadığı daş, kərpic döşənən yerlər, həmçinin bərk torpaq nəcis olsa, qəlil su ilə pak olur. Amma, bu halda onun üstünə o qədər su tökülməlidir ki, o yerdə axmağa başlasın. Əgər onun üstünə tökülən su bir deşikdən axıb çölə çıxsa, torpağın hamısı pak olur. Amma axıb çölə çıxmasa, o suyun yığıldığı yer nəcis qalır. Onun pak olması üçün bir çala qazmalıdırlar ki, su çalaya yığılsın, sonra oranın suyunu çölə çəksinlər, həmin çalanı isə torpaq ilə doldursunlar.

Məsələ: 183.Əgər daş duz və s. kimi şeylərin zahiri nəcis olsa kürrdən az su ilə də pak olur.

Məsələ: 184. Əgər suda həll olmuş nəcis şəkərdən qənd düzəldib sonradan kürr, yaxud axar suya qoysalar pak olmaz.

2-TORPAQ

Məsələ: 185. Torpaq üç şərtlə nəcis olmuş ayağı və ayaqqabının altını pak edir: 1-Təmiz olsun; 2-Quru olsun; 3-Qan və ya bovl kimi nəcasətin eyni, yaxud nəcis dəymiş palçıq kimi şeylər ayağın və ya ayaqqabının altında olsa, yol getmək, yaxud yerə sürtmək vasitəsilə aradan qaldırılsın. Həmçinin yer, torpaq və ya daş, yaxud kərpic kimi şeylərdən döşənmiş olsun. Fərş, xalça, palaz, həsir, çəmənlik və s. kimi yerlərdə getməklə ayağın və ya ayaqqabının altı pak olmaz. Əgər yol getməkdən başqa bir vasitə ilə nəcis olarsa, yol getmək vasitəsilə paklanmasının işkalı vardır.

Məsələ: 186. Nəcis ayağın və ya ayaqqabının altı asfaltda, yaxud taxta döşənmiş yollarda getməklə təmizlənməsi işkallıdır.

Məsələ: 187. Nəcis olmuş ayağın və ayaqqabının altını paklamaq üçün daha yaxşı olar ki, on beş və ondan artıq addım gedilsin–hətta on beş addımdan az yol getməklə və ya ayağı yerə sürtməklə nəcasət aradan qaldırılmış olsa da.

Məsələ: 188. Ayağın və ayaqqabının nəcisinin yaş olması lazım deyil; əgər quru da olsa, yol getməklə paklanır.

Məsələ: 189. Ayağın və ayaqqabının altı, yol getməklə paklanandan sonra, adi halda palçığa batan kənar hissələri də pak olur.

Məsələ: 190. Əlləri və dizləri ilə yol gedənlərin əli və dizləri nəcis olsa, yol getməklə paklanması işkallıdır. Əsanın və sün”i (protez) ayaqların altı, habelə heyvanların nalı, avtomobillərin təkərləri və s. kimilərin də nəcis olduğu halda yol getməklə paklanması işkallıdır.

Məsələ: 191. Əgər yol getdikdən sonra, nəcasətin gözlə görünməyən kiçik zərrələri ayağın, yaxud ayaqqabının altında qalsa, ehtiyat-vacibə görə, o zərrələr də aradan qaldırılmalıdır. Amma, rəng və ya iyinin qalmasının eybi yoxdur.

Məsələ: 192.Ayaqqabı və ya ayağın yerə dəyməyən hissəsi, yol getməklə pak olmur. Corabın altının yol getməklə paklanması işkallıdır. Amma corabın altı dəridən olsa, yol getməklə paklanar.

3-GÜNƏŞ

Məsələ: 193. Günəş yeri, binanı və binada işlənən qapı-pəncərəni, həmçinin divara vurulan və binanın bir hissəsi sayılan mıxı, altı şərt daxilində pak edir.

1-Nəcis şey yaş olsun; əgər quru olsa, müəyyən vasitələrlə onu islatmaq lazımdır ki, günəş onu qurutsun;

2-Nəcasətin eyni (zərrələri) o şeyin üstündə olsa, günəşin onun üstünə düşməsindən qabaq, o zərrələr aradan qaldırılmış olsun;

3-Günəş şüalarının qarşısını bir şey almasın; deməli, əgər günəş pərdə, bulud və s. kimi şeylərin arxasından düşüb nəcis şeyi qurutsa, pak olmaz. Amma, əgər bulud və ya pərdə çox nazik olub günəşin qabağını almazsa, eybi yoxdur.

4-Günəş təklikdə nəcis şeyi qurutmuş olsun; deməli, əgər, misal üçün, nəcis şey külək və günəşin ikisinin vasitəsilə qurusa, pak olmaz. Amma külək çox az olsa və “həmin şeyin qurudulmasına cü”zi kömək edib”-deyilsə, eybi yoxdur.

5-Günəş binanın nəcis hopmuş yerini bir dəfəyə qurutsun; deməli, künəş bir dəfə nəcasət dəymiş binanın və yerin üst tərəfinə düşüb qurutsa, ikinci dəfə isə alt tərəfini qurutsa, təkcə onun üst tərəfi pak olur, alt tərəfi isə nəcisliyində qalır.

6-Günəşin düşdüyü yerin, yaxud binanın üzü ilə daxili arasında hava və yaxud başqa pak bir şey fasilə salmasın.

Məsələ: 194.Günəş nəcis həsiri pak edir. Həmçinin, ağac və bitkilər (nəcis olarsa) günəşin vasitəsilə pak olur.

Məsələ: 195. Əgər günəş nəcis torpağa düşsə və insan günəşin düşdüyü vaxt həmin yerin yaş olub-olmamasında şəkk etsə, yaxud şəkk etsə ki, onun yaşlığı təkcə günəşin vasitəsilə quruyub ya yox, o torpaq nəcisdir. Həmçinin, əgər insan günəşin düşməsindən qabaq nəcasətin eyninin aradan qalxıb-qalxmamasında, yaxud günəşin düşməsinin qabağını bir şey alıb-almamasında şəkk etsə, o torpaq nəcisdir.

Məsələ: 196.Əgər günəş nəcis divarın bir tərəfinə düşsə, düşmədiyi tərəf pak olmur. Amma, divar çox nazik olsa və günəşin, onun bir tərəfinə düşməsi səbibilə o biri tərəfi də qurusa pak olar.

4-İSTİHALƏ (BİR HALDAN BAŞQA HALA KEÇMƏK)

Məsələ: 197. Əgər nəcis şeyin cinsi (zatı) dəyişilib başqa pak bir şeyə çevrilsə pak olar. Belə dəyişikliyə istihalə deyilir. Məsələn, nəcis çubuq, taxta yanıb külə çevrilsə, yaxud it duzlağa batıb duza çevrilsə, paklanar. Amma əgər cinsi dəyişilməsə, (məsələn, nəcis buğdanı üyüdüb un etsələr, yaxud çörək bişirsələr) pak olmaz.

Məsələ: 198.Nəcis palçıqdan düzəldilən kuzə və s. kimi şeylər nəcisdir. Həmçinin, nəcis odundan düzəldilmiş kömürdən ictinab olunmalıdır.

Məsələ: 199. İstihalə olub-olmaması mə”lum olmayan nəcis şey öz nəcisliyində qalır.

Məsələ: 200. Əgər şərab öz-özünə, yaxud sirkə və duz tökülməsi vasitəsilə sirkəyə çevrilsə pak olar.

Məsələ: 201. Nəcis üzümdən düzəldilən şərab sirkəyə çevrilməklə pak olmur. Hətta əgər xaricdən şəraba bir nəcasət dəysə ehtiyat-vacib budur ki, sirkə olduqdan sonrada ondan ictinab olunsun.

Məsələ: 202. Nəcis üzüm, kişmiş və xurmadan hazırlanan sirkə nəcisdir.

Məsələ: 203. Əgər üzümün, yaxud xurmanın kiçik quru budaqları onun içində olsa və ona sirkə töksələr zərəri yoxdur. Həmçinin üzüm, kişmiş, xurma sirkə olmamışdan qabaq içinə xiyar, badımcan və s.-ni töksələr eybi yoxdur.

5-ÜZÜM SUYUNUN ÜÇDƏ İKİ HİSSƏSİNİN AZALMASI

Məsələ: 204. Qaynayan üzüm suyunun üçdə iki hissəsi buxarlanmamışdan qabaq nəcis deyil, amma yeyilməsi haramdır. Amma məstedici olduğu mə”lum olsa, haram və nəcisdir. Təkcə sirkəyə çevrilməklə pak və halal olur.

Məsələ: 205. Əgər misal üçün, bir qora salxımında bir-iki üzüm giləsi olsa o salxımdan alınan, şirinlikdən əsər-əlamət olmayan qora suyu qaynasa pak, yeyilməsi halaldır.

Məsələ: 206. Qora, yaxud üzüm olması mə”lum olmayan üzüm giləsi qaynasa haram olmaz.

6-İNTİQAL (BİR YERDƏN BAŞQA YERƏ NƏQL OLUNMA)


Məsələ: 207. İnsanın, yaxud atıcı qanı olan (yə”ni damarı kəsildikdə qanı sıçrayışla çölə gələn) heyvanın qanı, atıcı qanı olmayan heyvanın (həşəratın) bədəninə gedib (sorulub) o heyvanın qanı hesab olunsa, pak olur. Buna intiqal deyilir. Deməli, zəlinin insandan çəkdiyi qana “zəli qanı” deyil, “insan qanıdır” deyildiyinə görə nəcisdir.

Məsələ: 208. Əgər bir kəs, bədəninə qonmuş ağcaqanadı öldürsə və ondan çıxan qanın öz qanı, yaxud ağcaqanadın qanı olmasını bilməsə, pakdır. Həmçinin, əgər həmin insandan sormasını bilsə, amma ağcaqanadın bədənindən hesab olunsa, yenə də pakdır. Amma əgər ağcaqanadın onun qanını çəkməsi ilə öldürməsi arasındakı zaman fasiləsi çox az olsa və “insan qanıdır” deyilsə, yaxud “insan və ya ağcaqanadın qanıdır” deyilməsi mə”lum olmasa nəcisdir.

7-İSLAM

Əgər kafir şəhadəteyni (yə”ni “Əşhədü ən la ilahə illəllah və əşhədü ənnə Mühəmmədən Rəsulullah”) desə, müsəlman olar. Müsəlman olandan sonra onun bədəni, ağzının, burnunun suyu və təri pakdır. Amma müsəlman olduğu zaman nəcasətin eyni onun bədənində olsa, onu təmizləməli, yerini suya çəkməlidir. Həmçinin əgər müsəlman olmamışdan qabaq nəcasətin eyni aradan qaldırılmış olsa, onun yerini suya çəkmək lazımdır.

Məsələ: 210. Şəxs kafir olduğu vaxt paltarı, rütubətlə bədəninə dəymiş olsa və o paltar müsəlman olduğu vaxtda bədənində olmasa, nəcisdir. Hətta əgər bədənində də olsa ondan ictinab etməlidir.

Məsələ: 211. Əgər kafir, şəhadəteyni desə və insan onun qəlbən müsəlman olub-olmamasını bilməsə, pakdır. Amma qəlbən müsəlman olmadığını bilsə, ehtiyat vacibə görə ondan ictinab etməlidir.

8-TƏBƏİYYƏT

Məsələ: 212.Təbəiyyət odur ki, nəcis bir şey başqa nəcis şeyin pak olması ilə paklansın.

Məsələ: 213. Əgər şərab sirkəyə çevrilsə, onun qabı da–şərab qaynayanda çatdığı yerə qədər–pak olur. Şərab qaynayan adətən qabın ağzına qoyulan parça və s. kimi şeylər şərabın rütubəti ilə nəcis olsa, (sirkəyə çevriləndən sonra) pak olur. Hətta əgər qaynadığı vaxt köpüklənib daşsa və qabın çöl tərəfini bulaşdırsa, sirkəyə çevriləndən sonra qabın çöl tərəfi də pak olur.

Məsələ: 214. Üstündə meyyit yuyulan taxta və ya daş, habelə meyyitin ovrətinə örtülən parça, onu yuyan şəxsin əlləri, meyyitin yuyulduğu kisə və sabun qusul işi qurtarandan sonra paklanır.

Məsələ: 215.Bir kəs öz əli ilə nəcis şeyi suya çəkəndə, əgər onun əli həmin şeylə birlikdə suya çəkilirsə, həmin şey paklanandan sonra əli də pak olur.

Məsələ: 216.Əgər paltar və bu kimi şeyləri qəlil su ilə suya çəksələr, onun üstünə tökülən su xaric olsun deyə adi, normal halda sıxsalar, daxilində qalan su pakdır.

Məsələ: 217. Nəcis qabı qəlil su ilə suya çəkəndə onun pak olması üçün üstünə tökülən suyun ondan ayrılmasından sonra, daxilində qalan az miqdarda su pakdır.

9-NƏCASƏTİN ARADAN GETMƏSİ

Məsələ: 218. Əgər heyvanın bədəni nəcisin eyni (qan kimi), yaxud su kimi mütənəccislə (nəcis olmuş su ilə) nəcis olsa onlar aradan getdikdə, heyvanın bədəni də pak olur. Həmçinin insanın bədəninin batini (içəri) tərəfi, ağızın, burnunun içi də eyni qayda ilə. Məsələn, əgər dişin dibindən qan gəlsə və ağız suyunda həll olub aradan getsə ağızın içini suya çəkmək lazım deyil.

Məsələ: 219. Əgər bir kəsin dişinin dibində yemək qalığı qalsa və ağızdan qan gəlsə, bu qanın ağızda qalan yemək qalıqlarına dəyib-dəyməməsini bilməsə ağzındakı yemək pakdır. Əgər qan o yemək qalıqlarına dəysə, ehtiyat-vacibə görə nəcis olur. Sün”i (protez) dişlər də həmin hökmdədir.

Məsələ: 220.Əgər insanın bədənin zahiri hissələrindən olub-olmamasını bilmədiyi yerləri nəcis olsa, suya çəkilməsi lazım deyil. Amma suya çəkilməsi əhvətdir.

Məsələ: 221. Əgər nəcis toz-torpaq palaz-paltar və s. kimi şeylərin üstünə qonsa və hər ikisi quru olsa nəcis olmaz. Amma əgər, toz-torpaq, yaxud palaz, paltar və bu kimi şeylər yaş olsa onda toz-torpağın oturduğu yerlər suya çəkilməlidir.

10-NƏCASƏT YEYƏN HEYVANIN İSTİBRASI

Məsələ: 222. İnsan nəcasətini yeməyə adət edən heyvanın bovlu və qaiti nəcisdir. Onların pak olması üçün heyvan istibra olunmalıdır. Yə”ni bir müddət nəcasət yeməsinin qabağı alınmalı, həmin müddət ərzində ona “daha nəcasət yeyən” deyilməyəcəyi qədər pak yem verilməlidir. Nəcasət yeyən dəvənin–40 gün, inəyin–20 gün, qoyunun–on gün, qaz-ördəyin–5 gün, ev toyuğunun–3 gün nəcasət yeməsinin qabağı alınmalı, pak yeməklər verilməlidir.

11-MÜSƏLMANIN QAİB OLMASI

Məsələ: 223. Əgər bir müsəlmanın paltarı, bədəni və yaxud ixtiyarında olan qab-qacaq, xalça və s. nəcis olsa və o müsəlman qaib olsa, həmin şəxsin o şeylərinin suya çəkilməsini, yaxud misal üçün, axar suya düşüb pak olması ehtimal verilsə, ondan ictinab etmək lazım deyildir.

Məsələ: 224.Əgər insanın özü, nəcis olan şeyin pak olmasını yəqin etsə, yaxud iki adil şəxs onun pak olmasını xəbər versə o şey pakdır. Həmçinin, nəcis şey ixtiyarında olan şəxs “o şey pak olub” desə və ya hər hansı müsəlman nəcis şeyi suya çəkmiş olsa, hətta əgər düz, səhih surətdə suya çəkməsi mə”lum olmasa belə, həmin şey pakdır.

Məsələ: 225. İnsanın paltarlarını yumağa vəkil olan bir kəs paltarlar onun ixtiyarında olduğu halda “suya çəkmişəm” desə, o paltarlar pakdır.

Məsələ: 226. Əgər insana bir halət üz versə və nəticədə nəcis şeyin suya çəkilməsi barəsində yəqinə çata bilmirsə, adi camaat kimi əməl etməlidir, yəqinə çatması da lazım deyil.