Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

DƏSTƏMAZIN ŞƏRTLƏRİ

Dəstəmazın səhih olmasının on üç şərti var:

1-ci şərt budur ki, dəstəmazın suyu pak olsun.

2-ci şərt budur ki, dəstəmazın suyu mütləq olsun.

Məsələ: 267.Nəcis və muzaf su ilə alınan dəstəmaz batildir. Hətta əgər insan onun nəcis və muzaf olmasını bilməsə, yaxud unutsa da batildir. Əgər bu sularla alınan dəstəmazla namaz qılsa, o namazı yenidən, səhih dəstəmazla qılmalıdır.

Məsələ: 268.Əgər palçıq qarışmış muzaf sudan başqa dəstəmaz üçün su olmasa, namazın vaxtı da az olduğu halda təyəmmüm etməlidir. Amma əgər, vaxtı olsa, suyun saflaşmasını gözləməlidir ki, onunla dəstəmaz alsın.

3-ü şərt budur ki, dəstəmazın suyu mübah olsun (qəsbi olmasın).

Məsələ: 269.Qəsbi su, habelə sahibinin razı olub-olmadığı mə”lum olmayan su ilə dəstəmaz almaq haram və batildir. Amma əgər sahibi əvvəlcə razı olsa və sonradan insan onun razılığından dönüb-dönməməsini bilməsə, dəstəmaz alması səhihdir. Həmçinin, əgər dəstəmazın suyu üz və əllərdən qəsbi yerdə tökülsə, dəstəmazı səhihdir.

Məsələ: 270.Ümumi istifadə üçün, yoxsa yalnız təhsil alan şagird və tələbələr üçün vəqf olunduğu mə”lum olmayan mədrəsənin hövuzunda dəstəmaz almağın–adətən camaat o sudan istifadə edərək dəstəmaz alırsa və bu iş ümumi camaatın istifadəsi üçün icazəni göstərirsə–eybi yoxdur.

Məsələ: 271.Əgər bir kəs müəyyən bir məsciddə namaz qılmaq istəmirsə, bu halda onun hovuzunun hamı üçün, yoxsa yalnız həmin məsciddə namaz qılanlar üçün vəqf olunduğunu bilməsə, o məscidin hovuzunda dəstəmaz ala bilməz. Amma əgər o məsciddə namaz qılmayan şəxslər də adətən o hovuzda dəstəmaz alırlarsa və bu iş ümumi istifadə üçün icazə verildiyinə dəlalət edirsə o hovuzda dəstəmaz ala bilər.

Məsələ: 272.Karvansara, müsafirxana və bu kimi yerlərin hovuzlarında dəstəmaz almaq, o yerin sakini olmayan şəxslər üçün, əgər oranın əhli olmayan kəslər də adətən orada dəstəmaz alırlarsa və camaatın dəstəmaz alması ümumi icazəni göstərirsə, səhihdir.

Məsələ: 273.Böyük arxlarda dəstəmaz almaq hətta sahibinin razı olub-olmaması mə”lum olmasa, eybi yoxdur. Amma əgər, onun sahibləri dəstəmaz almaqdan nəhy etsələr, ehtiyat-vacibə görə oranın suyu ilə dəstəmaz almaq olmaz.

Məsələ: 274.Əgər bir kəs suyun qəsbi olmasını unudub dəstəmaz alsa, dəstəmazı səhihdir.

4-ü şərt budur ki, dəstəmazın suyunun qabı da mübah olsun.

5-ci şərt budur ki, dəstəmazın suyunun qabı qızıl və ya gümüş olmasın.

Məsələ: 275.Bir kəsin dəstəmazının suyu qəsbi qabda olsa və o sudan başqa suyu olmasa, təyəmmüm etməlidir. Əgər o su ilə dəstəmaz alsa dəstəmazı batildir. Habelə, başqa mübah suyu olsa və o qəsbi qabda irtiması dəstəmaz alsa, yaxud üzünə və ya əllərinə o qabdan su töksə, dəstəmazı batildir. Amma əgər ovcu ilə suyu o qabdan götürüb üzünə və əllərinə töksə, qəsbi qabdan istifadə etdiyi üçün haram işə mürtəkib olmasına baxmayaraq, dəstəmazı səhihdir. Qızıl və gümüş qabdan istifadə edərək, aldığı dəstəmaz ehtiyat-vacibə əsasən qəsbi qabdan alınan dəstəmaz kimidir.

Məsələ: 276.Bir daşı, yaxud kərpici qəsbi olan hovuzda dəstəmaz alsa, dəstəmazı səhihdir.

Məsələ: 277. Əgər əvvəllərdə qəbiristan olan, sonradan İmamzadə və ya İmamın hərəminin həyəti olan yerdə hovuz, yaxud arx salsalar, insan o həyətin qəbirstan üçün vəqf olunmasını bilməsə və orada dəstəmaz alsa, eybi yoxdur.

6-cı şərt budur ki, dəstəmaz üzvləri yuyulduqda və məsh edildikdə pak olsun.

Məsələ: 278.Əgər dəstəmaz qurtarmamışdan qabaq yuyulmuş, yaxud məsh edilmiş yer nəcis olsa, dəstəmaz səhihdir.

Məsələ: 279.Dəstəmaz üzvlərindən başqa yerlər nəcis olsa dəstəmaz səhihdir. Amma bovl və ya qaitin məxrəcini paklamamış olsa yaxşı olar ki, əvvəlcə onu paklayıb sonra dəstəmaz alsın.

Məsələ: 280.Əgər dəstəmaz üzvlərindən biri nəcis olsa və dəstəmazdan sonra, əvvəldə oranı suya çəkib-çəkməməsində şəkk etsə, bu halda dəstəmaz aldığı vaxt o yerin pak, yaxud nəcis olmasını fikrinə gətirməyibsə, dəstəmazı batildir. Amma əgər fikrinə gətirməsini bilirsə, yaxud şəkk edirsə, səhihdir. Hər halda nəcis olan yeri suya çəkməlidir.

Məsələ: 281.Əgər üzdə, yaxud əllərdə kəsilən yer, yaxud yara olsa və qanı dayanmasa, suyun da zərəri olmasa, bu halda o üzvü kürr və ya axar suya batırıb o qədər sıxmaq lazımdır ki, qanı dayansın. Sonra da qeyd olunan göstərişə əsasən irtimasi dəstəmaz almalıdır.

7-ci şərt budur ki, namaz və ya dəstəmaz üçün kifayət qədər vaxt olsun.

Məsələ: 282.Əgər vaxt çox dar olsa, belə ki, dəstəmaz alacığı halda namazın hamısı, yaxud bir hissəsi öz vaxtından sonraya (qəzaya) qalacaqsa, onda təyəmmüm etməlidir. Amma dəstəmaz və ya təyəmmümün hər biri üçün eyni qədər vaxt olarsa, dəstəmaz almalıdır.

Məsələ: 283.Vaxtın azlığına görə təyəmmüm etməli olan şəxs dəstəmaz alsa–istər o namaz üçün, istərsə də başqa işlər üçün dəstəmaz alsın–dəstəmazı səhihdir.

8-ci şərt budur ki, dəstəmazı qürbət qəsdi ilə, yə”ni Allah Təbarək və Təalanın əmrini yerinə yetirmək üçün dəstəmaz alsın. Amma sərinləmək, yaxud başqa məqsədlə dəstəmaz alsa, batildir.

Məsələ: 284.Dəstəmazın niyyətini dildə demək, yaxud qəlbdən keçirtmək vacib deyil. Amma, dəstəmaz aldığı bütün müddət ərzində diqqətli olmalıdır ki, dəstəmaz alır. Belə ki, ondan”nə edirsən?”-deyə soruşsalar, “dəstəmaz alıram” deyə bilsin.

9-cu şərt budur ki, dəstəmazı əvvəldə qeyd olunan ardıcıllıqla yerinə yetirsin. Yə”ni əvvəlcə üzünü, sonra sağ əlini, daha sonra sol əlini yuyub əvvəlcə başına, sonra isə ayaqlarına məsh etsin. Ehtiyat-vacibə görə sağ ayağa sol ayaqdan əvvəl məsh etsin. Əgər bu ardıcıllıqla alınmasa, batildir.

10-cu şərt budur ki, dəstəmazın işlərini fasiləsiz olaraq yerinə yetirsin.

Məsələ: 285.Əgər dəstəmazın işləri arasında çoxlu fasilə düşsə, belə ki, bir yeri yuyub, yaxud məsh etdikdə, ondan əvvəlki yerin və ya məhsin rütubəti qurusa, dəstəmaz batildir. Əgər bir üzvü yumaq istəyəndə, ondan əvvəl yuduğu, yaxud məsh etdiyi yerin rütubəti qurumuş olsa (məsələn, sol əli yumaq istəyəndə sağ əli qurusa, amma üzü yaş olsa), yaxşı olar ki, dəstəmazı əvvəldən başlasın.

Məsələ: 286.Əgər bir kəs dəstəmazın işləri fasiləsiz yerinə yetirsə, amma havanın kəskin istisi, yaxud bədənin kəskin hərarəti səbəbilə rütubət qurusa, dəstəmazı səhihdir.

Məsələ: 287.Dəstəmaz əsnasında yol getməyin eybi yoxdur. Deməli, bir kəs üzü və əlləri yuduqdan sonra bir neçə addım gedib sonra başa və ya ayaqlara məsh etsə, dəstəmazı səhihdir.

11-ci şərt budur ki, üzün, əllərin yuyulmasını, başa və ayağa məsh çəkilməsini insanın özü yerinə yetirsin: başqası ona dəstəmaz alsa, yaxud kömək etsə, dəstəmazı batildir.

Məsələ: 288. Əgər bir şəxsin özü dəstəmaz ala bilmirsə, gərək başqasını kömək üçün götürsün ki, ona dəstəmaz aldırsın. Kömək edən şəxs muzd istəsə, verə biləcəyi təqdirdə gərək versin. Amma onun özü və tutduğu naib (köməkçi) hər ikisi dəstəmaz niyyəti etməli və naib onun öz əli ilə məsh çəkməlidir. Əgər bunu edə bilməsə, gərək naibi onun əlini tutub məsh yerlərinə çəksin. Bu da mümkün olmasa, naib onun əlinin rütubətindən götürüb başına və ayaqlarına məsh etməlidir. Ehtiyat-vacib, imkan olan surətdə bunun ardınca təyəmmüm etməkdir. Yə”ni dəstəmazdan əlavə, təyəmmüm də etsin.

Məsələ: 289.Dəstəmazın bə”zi işlərini təklikdə yerinə yetirə bilirsə onlar üçün kömək almamalıdır.

12-ci şərt budur ki, sudan istifadə olunmasının şəxs üçün heç bir maneəsi olmasın.

Məsələ: 290.Əgər bir kəs dəstəmaz alarsa xəstələnəcəyindən, yaxud suyu dəstəmaz üçün istifadə edərsə susuz qalacağından qorxsa, ehtiyat-vacibə görə dəstəmaz almamalıdır. Amma suyun zərərli olub-olmamasını bilmədiyi halda dəstəmaz alıb sonradan zərərli olduğunu başa düşsə, dəstəmazı səhihdir. Amma ehtiyat-müstəhəbbə görə o dəstəmazla namaz qılmasın və təyəmmüm etsin. O dəstəmazla namaz qılıbsa, ehtiyat-müstəhəb budur ki, o namazı (təyəmmümlə) yenidən qılsın.

Məsələ: 291.Əgər üzə və əllərə, dəstəmazın səhih olduğu az miqdarda suyun dəyməsinin zərəri olmasa, amma ondan artıq istifadə etməyin zərəri olsa, gərək az miqdar su ilə dəstəmaz alsın.

13-cü şərt budur ki, dəstəmazın üzvlərində suyun bədənə dəyməsinin qarşısını alan maneə olmasın.

Məsələ: 292.Əgər dəstəmaz üzvlərindən birinə bir şey yapışdığını bilsə, amma suyun onun bədəninə çatmasının qarşısını alıb-almamasında şəkk etsə, gərək ya o şeyi aradan qaldırsın, ya da suyu onun altına çatdırsın.

Məsələ: 293.Əgər dırnağın altında çirk olsa, dəstəmazın eybi yoxdur. Amma əgər dırnağı tutsa, dəstəmaz üçün o çirki təmizləməlidir. Həmçinin dırnaq adi qaydadan artıq uzun olarsa və onun altına yığışan çirk bədənin zahirindən hesab olunarsa, onda adi haldan uzun olan miqdarın altındakı çirk təmizlənməlidir.

Məsələ: 294.Əgər üzdə, əllərdə, başın qabağında və ayaqların üstündə yanıq və ya başqa səbəblərlə şiş (qabar) olarsa, onun üstünü yumaq və ya məsh etmək kifayətdir. Əgər bu şiş (qabar) deşilsə, suyu onun altına, (içəridəki boşluğa) çatdırmaq lazım deyil. Hətta əgər onun bir hissəsinin dərisi qopsa, qopmayan hissələrin altına su çatdırmaq lazım deyil. Amma qopan dəri bə”zi vaxtlar bədənə yapışıb, bə”zi vaxtlar aralanırsa, onu qoparmalı, yaxud suyu onun həm altına həm də üstünə çatdırmaq lazımdır.

Məsələ: 295.Əgər insan, dəstəmaz üzvlərinə bir şey yapışıb-yapışmamasında şəkk etsə, bu halda onun ehtimalı camaatın nəzərində yerli ehtimal olsa (məsələn, palçıqla işlədikdən sonra, palçığın əlinə yapışıb-yapışmamasında şəkk etsə), bu halda axtarış aparmalı, yaxud əlini o qədər sürtməlidir ki, bir şey olubsa aradan qaldırılmasında, yaxud suyun onun altına çatmasında xatircəmlik hasil olsun.

Məsələ: 296.Yuyulmalı və məsh edilməli yerlərdə nə qədər çirk olsa–suyun bədən üzvlərinə çatmasına maneçilik törətməzsə–eybi yoxdur. Həmçinin əgər kəc, suvaq və s. kimi işlərdən sonra suyun bədənin dərisinə çatmasının qarşısını almayan maddə qalsa eybi yoxdur. Amma onun olması ilə suyun bədənə çatıb-çatmamasında şəkk etsə gərək onu təmizləsin.

Məsələ: 297.Əgər dəstəmazdan qabaq, dəstəmaz üzvlərinin bə”zisində, suyun dəriyə çatmasının qarşısını alan maneə olduğunu bilib dəstəmazdan sonra (dəstəmaz alan vaxt) suyun o hissələrə çatıb-çatmamasında şəkk etsə, dəstəmazı səhihdir.

Məsələ: 298.Əgər dəstəmaz üzvlərinin hər hansı birində bə”zi vaxtlar suyun öz-özünə onun altındakı dəriyə çatıb, bə”zi vaxtlar isə çatmadığı bir maneə olsa, insan da dəstəmazdan sonra, suyun onun altına çatıb-çatmamasında şəkk etsə, bu halda dəstəmaz aldığı vaxt suyun onun altına çatmasına diqqət yetirməyibsə, dəstəmazı yenidən almalıdır.

Məsələ: 299. Əgər dəstəmazdan sonra suyun dəriyə çatmasına mane olan bir şeyi dəstəmaz üzvlərində görüb dəstəmaz vaxtı orada olduğunu, yoxsa sonradan əmələ gəldiyini bilməsə, dəstəmazı səhihdir. Amma dəstəmaz vaxtında o maneənin olmasına diqqətli olmadığını bilsə, ehtiyat-vacibə görə gərək ikinci dəfə dəstəmaz alsın.

Məsələ: 300. Əgər dəstəmazdan sonra ki, suyun dəriyə çatmasına mane olan bir şeyin dəstəmaz üzvlərində olub-olmamasında şəkk etsə, dəstəmazı səhihdir.