|
||||||||||||||||||||
|
HƏNUTUN HÖKMLƏRİMəsələ: 584.Qusuldan sonra vacibdir ki, meyyitə hənut vursunlar, yə”ni alnına, əllərinin içinə, dizlərinin gözünə, ayaqlarının iki baş barmaqlarının ucuna kafur sürtsünlər. Müstəhəbdir ki, meyyitin burnunun ucuna da kafur sürtsünlər. Kafur təzə və əzilmiş olmalıdır. Əgər köhnəlmək səbəbilə ətri getsə, kifayət deyildir.Məsələ: 585.Meyyitə hənut vuranda səcdə üzvləri arasında tərtibə riayət etmək lazım deyildir. Amma ehtiyat-müstəhəb budur ki, əvvəl kafuru meyyitin alnına vursunlar. Məsələ: 586.Daha yaxşı olar ki, meyyitə, kəfənə bükməmişdən əvvəl hənut vursunlar. Amma kəfənə bükmə əsnasında və ondan sonra da vurmağın maneəsi yoxdur. Məsələ: 587.Həcc üçün ehram bağlayan bir kəs, Səfa və Mərva arasındakı sə”y əməlini yerinə yetirməyi tamamlamazdan əvvəl ölsə, ona hənut vurmaq caiz deyil. Həmçinin əgər ömrə ehramında başının tükünü qısaltmaqdan qabaq ölsə, ona hənut vurmaq olmaz. Məsələ: 588. Əri ölən və iddəsi tamam olmayan qadın özünü ətirləməsinin haram olmasına baxmayaraq, ölərsə, ona hənut vurmaq vacibdir. Məsələ: 589.Ehtiyat-vacib budur ki, meyyitə müşk, ənbər, ovd və s. ətirlər vurmasınlar, yaxud hənut edəndə onları kafura qarışdırmasınlar. Məsələ: 590.Müstəhəbdir ki, Həzrət Seyyidüş-şühəda (əleyhissalam)-ın türbətindən bir qədər kafura qarışdırsınlar. Amma gərək ondan ehtiramsızlıq olan bədən üzvlərinə vurmasınlar. Həmçinin, türbət o qədər çox olmamalıdır ki, kafurla qarışanda daha ona kafur deyilməsin. Məsələ: 591.Əgər kafur qusul və hənuta kifayət etməsə, bu halda qusul suyuna qarışdırmağı qabağa salmaq lazımdır; və əgər yeddi üzvün hənutuna çatmasa, alnına vurmağı qabağa salmaq lazımdır. Məsələ: 592.Müstəhəbdir ki, iki yaş, tər-təzə çubuğu meyyitlə yanaşı qəbrə qoysunlar. MEYYİT NAMAZININ HÖKMLƏRİMəsələ: 593.Müsəlman meyyitə–hətta uşaq da olsa belə–namaz qılmaq vacibdir, amma gərək uşağın ata-anası, yaxud onlardan biri müsəlman olsun, altı yaşı da tamam olmuş olsun.Məsələ: 594.Meyyit namazı qusl, kəfən və hənut işlərindən sonra qılınmalıdır. Əgər bu işlərdən qabaq və ya bu işlər əsnasında hətta unutqanlıq, yaxud məsələni bilməməzlik üzündən qılınmış olsa, kifayət deyildir. Məsələ: 595.Meyyit namazı qılmaq istəyən şəxsin dəstəmaz, qusl, yaxud təyəmmüm alması, bədəninin, yaxud paltarının pak olması lazım deyil. Hətta onun paltarı qəsbi də olsa, eybi yoxdur. Amma ehtiyat-müstəhəbbə görə sair namazlarda riayət olunmalı məsələlər bunda da riayət olunsun. Məsələ: 596.Meyyitə namaz qılan şəxs üzü qibləyə dayanmalıdır. Həmçinin vacibdir ki, meyyiti onun qarşısında arxası üstə elə yatırtsınlar ki, başı namaz qılanın sağ tərəfində, ayağı isə sol tərəfində olsun. Məsələ: 597.Namaz qılanın məkanı meyyitin qoyulduğu yerdən alçaq və ya uca olmamalıdır. Amma azacıq alçaq və ya uca olsa, eybi yoxdur. Məsələ: 598.Namaz qılan şəxs meyyitdən uzaq olmamalıdır. Amma əgər meyyit namazını camaatla qılan şəxs meyyitdən uzaq olsa və camaat namazının cərgələri bir-birinə müttəsil olsa, eybi yoxdur. Məsələ: 599. Meyyit namazı qılan şəxs meyyitlə üzbəüz durmalıdır. Amma əgər namaz camaatla qılınsa və camaat namazının cərgələri iki tərəfdən meyyiti ötüb keçsə, meyyitin müqabilində durmayan şəxslərin namazının eybi yoxdur. Məsələ: 600. Meyyitlə namaz qılan şəxsin arasında pərdə, divar və s. kimi şeylər olmamalıdır. Amma əgər meyyit tabut və bu kimi şeylərin içində olsa, eybi yoxdur. Məsələ: 601.Meyyit namazı qılınan vaxt meyyitin ovrəti örtülməlidir. Əgər onu kəfənə bükmək mümkün olmazsa, (namaz vaxtı) ovrətini hətta taxta, kərpic və s. kimi şeylərlə örtmək lazımdır. Məsələ: 602.Meyyit namazı ayaq üstə, qürbətən iləllah niyyəti ilə qılınmalı və niyyətdə meyyit müəyyənləşdirilməlidir. Məsələn, “bu meyyitə namaz qılıram, qürbətən iləllah”-deyə niyyət etməlidir. Məsələ: 603.Əgər meyyitə ayaq üstə namaz qıla bilən bir kəs tapılmazsa, oturan halda namaz qılan şəxs ona namaz qıla bilər. Məsələ: 604.Əgər meyyit əvvəldə müəyyən bir şəxsin ona namaz qılmasını vəsiyyət etmiş olsa, ehtiyat-vacib budur ki, o şəxs meyyitin qəyyumundan icazə alsın. Qəyyumun da ehtiyat-vacibə əsasən icazə verməsi vacibdir. Məsələ: 605.Bir meyyitə bir neçə dəfə namaz qılmaq məkruhdur. Amma əgər meyyit elm, təqva əhli olarsa, məkruh deyil. Məsələ: 606.Əgər meyyiti qəsdən, yaxud unutqanlıq üzündən, və ya müəyyən bir üzr səbəbi ilə namazsız dəfn etmiş olsalar, yaxud dəfn etdikdən sonra qılınan namazın batil olması mə”lum olarsa, nə qədər ki, onun cəsədi çürüməyib, vacibdir ki, meyyit namazında deyilən şərtlər daxilində onun qəbrinə namaz qılsınlar. |