Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

TƏYƏMMÜMÜN QAYDASI

Məsələ: 699. Təyəmmümdə dörd şey vacibdir: 1-Niyyət; 2-İki əlin içini, təyəmmümün səhih olduğu şeyə vurmaq; 3-İki əli birlikdə alnın hər yerinə və onun iki tərəfinə: tüklər göyərən yerdən qaşlara qədər və burunun üst tərəfinə çəkmək. Ehtiyat-vacibə görə əllər qaşların da üstünə çəkilməlidir. 4-Sol əlin içini sağ əlin üstünün hər yerinə və sağ əlin içini sol əlin üstünə eyni qayda ilə çəkmək.

Məsələ: 700. Dəstəmaz və ya qusul əvəzindən olan təyəmmüm arasında heç bir fərq yoxdur. Amma ehtiyat-müstəhəb budur ki, şəxs, qusul əvəzindən olan təyəmmümü, əlləri iki dəfə yerə vurmaqla yerinə yetirsin: birinci dəfə əlləri yerə vurub alına, ikinci dəfədə isə əllərin arxasına çəksin. Hətta ehtiyat-müstəhəb budur ki, dəstəmaz əvəzindən olan təyəmmümü də bu qayda ilə, yə”ni iki dəfə yerə vurmaqla yerinə yetirsin. Daha yaxşı olar ki, təyəmmümü, əlləri üç dəfə yerə vurmaqla yerinə yetirsin: iki dəfə yerə vurduqdan sonra alına, sonra isə bir dəfə yerə vurub əllərin üstünə çəksin.

TƏYƏMMÜMÜN HÖKMLƏRİ

Məsələ: 701.Əgər alın və ya əllərin üstünün kiçik bir yerinə məss etməsə–istər qəsdən, istərsə də məsələni bilməməzlik və ya unutqanlıq üzündən olsun, təyəmmüm batildir. Amma həddindən artıq diqqət etmək lazım deyil: belə ki, “alnının və əllərinin üstünün hər yerinə məss çəkibdir”, desələr kifayətdir.

Məsələ: 702.Əllərin üstünün hamısına məss etməsini yəqin etmək üçün biləkdən bir az yuxarı da məss etməlidir, amma barmaqların arasına məss etmək lazım deyil.

Məsələ: 703.Alın və əllərin üstünü, ehtiyat-vacibə görə yuxarıdan-aşağı məss etmək, onun işlərini bir-birinin ardınca (fasiləsiz) yerinə yetirmək lazımdır. Əgər onların arasında çox fasilə salsa və “təyəmmüm alır” deyilməsə, təyəmmümü batildir.

Məsələ: 704.Niyyət edən zaman təyəmmümü dəstəmaz və ya qusul əvəzindən almasını; və qusul əvəzindən olarsa, hansı qusul əvəzindən olduğunu da müəyyən etməlidir. Əgər səhvən dəstəmaz əvəzindən olan təyəmmümü qusul əvəzindən olan, yaxud qusul əvəzindən olan təyəmmüm yerinə dəstəmaz əvəzindən olan təyəmmüm kimi niyyət etsə, habelə cənabət quslu əvəzindən olan təyəmmümdə məss-meyyit quslu əvəzindən olan təyəmmüm niyyət etsə və onun səhvi “ayırd etməkdə olan səhv” olmazsa, təyəmmümü batildir.

Məsələ: 705.Təyəmmümdə alın, əllərin içi və üstü pak olmalıdır. Əgər əllərin içi nəcis olsa və onu suya çəkmək mümkün olmasa, elə nəcis əllə təyəmmüm etməlidir. Amma əlin içindəki nəcasət yayılan olsa, bu halda əlin üstü, yaxud dirsəklə bilək arasında olan yerlə təyəmmüm etməlidir.

Məsələ: 706.İnsan təyəmmüm üçün əlindəki üzüyü çıxartmalı, alnında, əllərinin üstündə, içində maneə olsa (məsələn, bir şey yapışmış olsa), aradan qaldırmalıdır.

Məsələ: 707.Əgər alın, əllərin üstü yara olsa və üstünə bağlanan parça və ya başqa şeyi aça bilməsə, əli onun (parçanın) üstünə çəkməlidir. Həmçinin əgər əlin içində yara olsa və parça (və bu kimi şeylər) ilə bağlanmış olsa, onu da aça bilməsə, əli həmin parça ilə təyəmmümün səhih olduğu şeyin üstünə vurub alına və əllərin üstünə çəkməlidir.

Məsələ: 708.Əgər alında, əllərin üstündə tük olsa eybi yoxdur. Amma başın tükü alına tökülmüş olsa, onları dala çəkmək lazımdır.

Məsələ: 709.Əgər alında, əllərin içində, üstündə maneə olmasını ehtimal versə və bu ehtimal camaatın nəzərində yerli ehtimal olsa, axtarış aparmalıdır ki, maneə olub-olmamasına dair yəqin, yaxud xatircəmlik tapsın.

Məsələ: 710.Əgər bir kəsin vəzifəsi təyəmmüm olan halda təyəmmüm ala bilməsə, başqasını naib tutmalıdır. Naib tutulan şəxs onun öz əlləri ilə təyəmmüm etməlidir. Əgər mümkün olmasa, naib öz əllərini təyəmmümün səhih olduğu şeylərə vurub onun alnına və əllərinin üstünə çəkməlidir.

Məsələ: 711. Əgər bir kəs hər hansı yerin təyəmmümünə başlayandan sonra, ondan əvvəlkiləri unudub-unutmamasında şəkk etsə, gərək şəkkinə e”tina etməsin: onun təyəmmümü səhihdir. Həmçinin, hər bir hissənin əməlini yerinə yetirdikdən sonra, səhih, düzgün şəkildə yerinə yetirib-yetirməməsində şəkk etsə, gərək şəkkinə e”tina etməsin: onun təyəmmümü səhihdir.

Məsələ: 712.Əgər sol ələ məsh etdikdən sonra, təyəmmümü düzgün edib-etməməsində şəkk etsə, təyəmmümü səhihdir.

Məsələ: 713.Vəzifəsi təyəmmüm olan bir kəs ehtiyat-vacibə görə gərək namaz vaxtı daxil olmamışdan qabaq, namaz üçün təyəmmüm etməsin. Amma əgər başqa bir vacib, yaxud müstəhəb iş üçün təyəmmüm etsə və namaz vaxtına qədər həmin üzrü yerində qalsa, o təyəmmümlə namaz qıla bilər.

Məsələ: 714.Vəzifəsi təyəmmüm olan bir kəs, namaz vaxtının axırına qədər üzrünün qalacağını bilsə, vaxt geniş olan zaman təyəmmümlə namaz qıla bilər. Amma vaxtın axırına qədər üzrünün aradan qalxacağını bilsə, gözləyib, dəstəmaz və ya qusulla; yaxud vaxtın az olduğu zaman təyəmmümlə namaz qılmalıdır.

Məsələ: 715.Dəstəmaz və ya qusul ala bilməyən şəxs, üzrünün tezliklə aradan qaldırılmasına ehtimal versə də, öz qəza namazlarını təyəmmümlə qıla bilər. Amma üzrün qəza namazının fövtə getməsindən qabaq aradan qaldırılacağını bilsə, gərək gözləsin.

Məsələ: 716.Dəstəmaz və ya qusul ala bilməyən bir kəs gecə-gündüzün nafilə namazları kimi vaxtı müəyyən olan müstəhəb namazları, hətta vaxtın əvvəlində də təyəmmümlə qıla bilər. Bu şərtlə ki, vaxtın axırına qədər üzrün aradan qalxması barədə yəqini olmasın.

Məsələ: 717.Ehtiyatən cəbirə quslu və təyəmmüm alan (məsələn, arxasında, kürəyində yara olan) bir kəs qusul və təyəmmüm edib namaz qılandan sonra ondan kiçik hədəs baş versə (məsələn, bovl etsə) sonrakı namazlar üçün dəstəmaz almalıdır.

Məsələ: 718.Əgər bir kəs su olmaması, yaxud başqa səbəblərə görə təyəmmüm etsə, üzrü aradan qaldırıldıqdan sonra təyəmmümü batil olur.

Məsələ: 719.Dəstəmazı batil edən şeylər onun əvəzindən olan təyəmmümü də batil edir; habelə, quslu batil edən şeylər, onun əvəzindən olan təyəmmümü də batil edir.

Məsələ: 720.Qusl edə bilməyən bir kəsə bir neçə qusul vacib olarsa, ehtiyat-vacibə görə hər birinin əvəzindən bir təyəmmüm etməlidir.

Məsələ: 721.Qusul edə bilməyən bir kəs qusul edilməsi vacib olan bir iş görmək istəsə, qusul əvəzindən təyəmmüm etməlidir. Əgər dəstəmaz ala bilməsə və dəstəmazın vacib olduğu hər hansı iş görmək istəsə, dəstəmaz əvəzindən təyəmmüm almalıdır.

Məsələ: 722. Əgər cənabət quslu əvəzindən təyəmmüm etsə, namaz üçün dəstəmaz alması lazım deyil. Amma əgər sair qusulların əvəzindən təyəmmüm etsə, (namaz üçün) dəstəmaz almalıdır. Dəstəmaz da ala bilməsə, onun əvəzindən də başqa bir təyəmmüm almalıdır.

Məsələ: 723.Əgər qusul əvəzindən təyəmmüm etdikdən sonra dəstəmazı batil edən bir şey qarşıya çıxsa, bu halda sonrakı namazlar üçün qusul edə bilməsə, gərək dəstəmaz alsın; əgər dəstəmaz da ala bilmirsə, onun əvəzindən təyəmmüm etməlidir.

Məsələ: 724.Vəzifəsi dəstəmaz və qusul əvəzindən təyəmmüm etmək olan bir kəsə bu iki təyəmmüm kifayət edər; başqa təyəmmüm lazım deyil.

Məsələ: 725.Vəzifəsi təyəmmüm olan bir kəs, müəyyən bir iş üçün təyəmmüm etsə, nə qədər ki, təyəmmümü və üzrü yerində qalır, dəstəmaz, yaxud qusul ilə yerinə yetirilməli olan işləri görə bilər. Amma əgər vaxtın az olması, yaxud su olduğu halda meyyit namazı, yaxud yatmaq üçün təyəmmüm etsə, yalnız təyəmmüm etdiyi həmin işləri görə bilər.

Məsələ: 726.Bir kəs aşağıdakı hallarda təyəmmümlə qıldığı namazları yenidən qılması müstəhəbdir: 1-Sudan istifadə etdiyi halda zərər törənəcəyindən qorxub, qəsdən özünü cünub etsə və təyəmmümlə namaz qılsa; 2-Su tapmayacağını bilib, yaxud güman etdiyi halda qəsdən özünü cünub etsə və təyəmmümlə namaz qılsa; 3-Vaxtın axırına qədər qəsdən su axtarmağa getməyib, namazı təyəmmümlə qılsa və sonradan bilsə ki, əgər su axtarmağa getsəydi, tapacaqdı; 4-Qəsdən namazı tə”xirə salıb, vaxtın axırında təyəmmüm ilə qılsa; 5-Su tapa bilməyəcəyini bilib, yaxud güman etdiyi halda əlində olan suyu yerə töksə və təyəmmümlə namaz qılsa.