Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

MÜSTƏHƏB NAMAZLAR

Məsələ: 764.Müstəhəb namazlar çoxdur, onlara nafilə deyilir. Müstəhəb namazlar arasında gecə-gündüz namazların nafiələlərini qılmağa daha çox tövsiyə olunubdur. Onlar cümə günü istisna olmaqla 34 rəkətdən ibarətdir ki, səkkizi zöhrün, səkkizi əsrin, dördü məğribin, ikisi işanın, on biri gecə namazının, ikisi sübh namazının nafiləsidir. İşa namazının nafiləsi ehtiyat-müstəhəbbə görə oturan yerdə qılınmalı olduğuna görə, bir rəkət hesab olunur. Cümə günündə zöhr və əsrin on altı rəkət nafiləsinə dörd rəkət də artırılır.

Məsələ: 765.Gecə namazının on bir rəkət nafiləsindən səkkizi gecə namazı, iki rəkəti şəf” namazı, bir rəkəti də vətr namazı niyyəti ilə qılınmalıdır. Gecə namazının kamil qayda-qanunları dua kitablarında deyilmişdir.

Məsələ: 766. Nafilə namazlarını oturan halda qılmaq olar. Amma daha yaxşı olar ki, iki rəkət oturan halda qılınan nafilə namazı bir rəkət hesab olunsun. Məsələn, zöhr namazının səkkiz rəkət nafiləsini oturan yerdə qılmaq istəyən şəxs, yaxşı olar ki, on altı rəkət qılsın. Əgər vətr namazını oturan yerdə qılsa, oturan halda iki dənə bir rəkətli namaz qılmalıdır.

Məsələ: 767.Zöhr və əsrin nafiləsi səfərdə saqit olur və qılınmamalıdır. Amma işanın nafiləsini, “ola bilsin ki, Allahın istədiyidir” niyyəti ilə yerinə yetirmək olar.

GÜNDƏLİK NAFİLƏ NAMAZLARININ VAXTLARI

Məsələ: 768.Zöhr namazının nafiləsi onun özündən əvvəl qılınır. Vaxtı isə zöhrün əvvəlindən başlayıb, əmələ gələn kölgənin o şaxisin uzunluğunun yeddidə ikisinə qədər keçəndədir. Məsələn, əgər şaxisin uzunluğu 70 sm. olsa, bu halda zöhrdən sonra əmələ gələn gölgənin uzunluğu 20 sm-ə çatanda, zöhrün nafiləsinin axırıncı vaxtıdır.

Məsələ: 769.Əsr namazının nafiləsi əsrdən əvvəl qılınır. Onun vaxtı isə şaxisin zöhrdən sonra əmələ gələn kölgəsinin şaxisin uzunluğunun yeddidə dördünə qədər çatdığı vaxtdır. Əgər zöhrün, yaxud əsrin nafiləsini ondan sonra qılmaq istəsə, ehtiyat-vacibə görə zöhrün nafiləsini zöhrdən, əsrin nafiləsini də əsrdən sonra qılsın və ehtiyat-vacibə görə əda və ya qəza niyyəti də etməsin.

Məsələ: 770.Məğribin nafiləsinin vaxtı məğrib namazı tamam olandan sonra başlayıb, məğribdən sonra günbatan tərəfdə əmələ gələn qızartının aradan getdiyi vaxta qədər davam edir.

Məsələ: 771.İşa namazının nafiləsinin vaxtı işa namazı qurtarandan başlayıb gecə yarısına qədər davam edir. Daha yaxşı olar ki, işa namazından sonra dərhal qılınsın.

Məsələ: 772.Sübh namazının nafiləsi sübh namazından qabaq qılınır və onun vaxtı, gecə yarısından on bir rəkətlik namaz vaxtı keçənə qədərdir. Ehtiyat budur ki, birinci fəcrdən əvvəl qılınmasın. Amma gecə namazı nafiləsindən sonra dərhal qılınsa, bu halda maneəsi yoxdur.

Məsələ: 773.Gecə nafiləsinin vaxtı gecə yarısından sübh namazına qədərdir. Daha yaxşı olar ki, sübh namazına yaxın vaxtlarda qılınsın.

Məsələ: 774.Müsafir və gecə namazını gecə yarısından qabaq qılmaq çətin olan, yaxud vaxtında ayıla bilməməsindən qorxan bir kəs, onu gecənin əvvəlində qıla bilər.