Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

NAMAZ QILANIN PALTARI

Məsələ: 804.Namaz qılanın paltarında altı şərt lazımdır: 1-Pak olsun; 2-Ehtiyat-vacibə görə mübah olsun (qəsbi olmasın); 3-Paltarının hissələri ölü heyvandan olmasın; 4-Əti haram olan heyvanlardan olmasın; 5 və 6-Əgər namaz qılan kişidirsə, paltarı xalis ipəkdən və ya qızıldan toxunmuş olmasın. (Bunların təfsilatı gələcək məsələlərdə bəyan olunacaq.)

BİRİNCİ ŞƏRT

Məsələ: 805.Namaz qılanın paltarı pak olamalıdır; əgər bir kəs qəsdən nəcis paltar və ya bədənlə namaz qılsa, namazı batildir.

Məsələ: 806.Nəcis paltar və nəcis bədənlə qılınan namazın batil olmasını bilməyən bir kəs nəcis paltar və nəcis bədənlə namaz qılsa, namazı batildir.

Məsələ: 807.Əgər nəcis şeyin nəcis olmasını, məsələn, nəcasət yeyən dəvənin, yaxud kafirin tərinin nəcis olmasını bilməsə və bu tərlərin dəydiyi bədən, yaxud paltarla namaz qılsa, namazı batildir.

Məsələ: 808.Əgər namazdan əvvəl bədən və ya paltarının nəcis olmasını bilməyib namazdan sonra bilsə, namazı səhihdir. Amma ehtiyat-müstəhəb budur ki, əgər vaxtı varsa, o namazı (pakladıqdan sonra) yenidən qılsın.

Məsələ: 809.Əgər paltar və ya bədəninin nəcis olmasını unutsa və namaz əsnasında, yaxud ondan sonra yadına düşsə, namazı yenidən qılmalı; vaxtı keçmiş olarsa, qəzasını yerinə yetirməlidir.

Məsələ: 810.Əgər bir kəs namaz vaxtının çox olduğu vaxtda namaza məşğul olub namaz əsnasında bədəni və ya paltarı nəcis olsa və namazın hər hansı bir əməlini bu halda qılmazdan əvvəl nəcis olmasını bilsə;, yaxud bədən və ya paltarının nəcis olmasını görüb həmin vaxt, yaxud əvvəldən nəcis olmasında şəkk etsə, onda bədən və ya paltarı suya çəkmək, dəyişdirmək və ya bədəndən çıxarmaq namazın surətini pozmazsa, gərək namaz əsnasında bu işləri etsin; və yaxud başqa bir şey ovrətini örtmüş olsa, paltarını çıxartsın, sonra namazını davam etdirsin. Amma əgər bədən və ya paltarını suya çəkəcəyi, dəyişəcəyi, yaxud çıxaracağı surətdə namazın surəti pozulsa, yaxud paltarını çıxaracağı təqdirdə tam çılpaq qalacaqsa, namazı pozmalı, pak bədən və ya paltarla namaz qılmalıdır.

Məsələ: 811. Namaz vaxtının az olduğu bir vaxtda, namaz qılmağa məşğul olan bir kəsin namaz əsnasında bədən və ya paltarı nəcis olsa və namazın hər hansı bir hissəsini nəcasətlə qılmamışdan qabaq nəcis olmasını başa düşsə, yaxud onun paltarının nəcis olmasını görüb həmin vaxt nəcis olduğu, yoxsa əvvəldən nəcis olduğunda şəkk etsə, bu halda onu suya çəkmək, dəyişmək və ya çıxartmaq namazın surətini pozmursa və paltarını çıxara bilərsə, paltarını çıxarıb suya çəkməli və ya dəyişdirməli, yaxud bir şey onun ovrətini örtmüşsə paltarını çıxartmalı və namazı tamamlamalıdır. Amma başqa bir şey ovrətini örtməmişsə, paltarını da suya çəkə, yaxud dəyişə bilmirsə, paltarını çıxarmalı, çılpaq adamın namaz qılmasında deyilən göstərişlərə əsasən, namazı tamamlamalıdır. Amma əgər paltarını suya çəkdikdə, yaxud dəyişdikdə namazın surəti pozulursa, yaxud soyuq və s. səbəbilə paltarını çıxara bilmirsə, elə həmin halda namazını qurtarmalıdır və namazı da səhihdir.

Məsələ: 812.Namaz vaxtının az olduğu vaxtda namaza başlayan bir kəsin namaz əsnasında bədəni nəcis olsa və namazın hər hansı hissəsini həmin halda qılmamışdan əvvəl nəcis olduğunu bilsə, yaxud nəcis olduğunu görüb həmin vaxtda, yaxud namazdan əvvəl nəcis olmasında şəkk etsə, bu halda bədənini suya çəkəndə namazın surəti pozulmursa gərək suya çəksin; yox əgər namazın surəti bir-birinə dəyərsə həmin halda namazı tamam etməlidir, namazı da səhihdir.

Məsələ: 813.Öz paltar və ya bədəninin pak olmasında şəkk edən bir kəs namazdan sonra bədən və ya paltarının nəcis olmasını başa düşsə namazı səhihdir.

Məsələ: 814.Əgər paltarını suya çəkib pak olduğunu yəqin etsə və onunla namaz qılıb sonradan pak olmadığını başa düşsə ehtiyat-vacibə görə namazın vaxtı varsa yenidən qılmalı, əgər vaxtı keçmişsə qəzasını etməlidir.

Məsələ: 815.Əgər öz bədənində, yaxud paltarında qan görüb nəcis qanlardan olmadığını yəqin etsə (məsələn, ağcaqanad qanı olduğunu bilsə), amma namazdan sonra onunla namaz qılmağın səhih olmadığı qan olduğunu bilsə, namazı səhihdir.

Məsələ: 816.Bədənində və ya paltarında olan qanın namaz qılmağın səhih olduğu nəcis qanlardan (məsələn, yara qanı və ya çiban qanı) olmasını yəqin etsə namazdan sonra, həmin qanla namazın batil olduğunu bilsə, namazı səhihdir.

Məsələ: 817.Əgər hər hansı bir şeyin nəcis olmasını unutsa və bədəni, yaxud paltarı rütubətlə ona dəysə və bunu unudub namaz qılsa, namazdan sonra yadına düşsə namazı səhihdir. Amma əgər bədəni, rütubətlə, nəcis olduğunu unutduğu şeyə dəysə və onu suya çəkmədən qusul edib namaz qılsa, quslu və namazı batildir. Həmçinin dəstəmaz üzvlərindən bir yeri rütubətlə, nəcis olduğunu unutduğu bir şeyə dəysə və o yeri suya çəkmədən dəstəmaz alıb namaz qılsa, dəstəmazı və namazı batildir.

Məsələ: 818.Əgər bir nəfərin təkcə bir paltarı olsa və bədəni, paltarı nəcis olsa, su da onların birini suya çəkmək miqdarında olsa, bu halda paltarını çıxarda bilərsə gərək bədənini suya çəkib, çılpaqların namaz qaydalarına əməl edərək namazını qılsın. Amma soyuq, yaxud başqa səbəbdən paltarını çıxara bilməsə, bu halda paltarın və bədənin nəcasəti–hər ikisi bərabər olsa (məsələn, hər ikisi bovl, yaxud hər ikisi qan ilə nəcis olsa), yaxud bədənin nəcasəti artıq və ya daha şədid olsa (məsələn, bədən bovl ilə nəcis olmuşsa) və bunu da iki dəfə qəlil su ilə suya çəkmək lazımdırsa, ehtiyat-vacib budur ki, bədəni suya çəksin. Əgər paltarının nəcasəti çox, yaxud daha şədid olsa, bədən və paltardan hər birini suya çəkməkdə ixtiyar sahibidir.

Məsələ: 819.Nəcis paltarından başqa paltarı olmayan bir kəs, namaz üçün vaxt az olsa, yaxud pak paltar tapmasına ehtimal vermirsə, gərək namazı çılpaqar üçün deyilən qaydalara əsasən qılsın. Amma həmin şəxs, havanın soyuq olması və s. səbəblərə görə paltarını çıxarda bilmirsə, o paltarda namaz qılmalıdır, namazı da səhihdir.

Məsələ: 820.Əgər bir kəsin iki paltarı olsa və ikisindən birinin nəcis olmasını bilsə, amma onları suya çəkə bilməsə və hansının nəcis olmasını bilməsə, vaxt olan halda hər ikisində namaz qılmalıdır. Məslən, əgər zöhr və əsr namazlarını qılmaq istəyirsə, hər paltarda bir zöhr və bir əsr namazı qılmalıdır. Amma əgər vaxt az olsa, ehtiyat-vacibə görə namazı çılpaqların namazlarında deyilən göstərişlərə əsasən qılmalı və ehtiyat-vacibə görə pak paltarda həmin namazın qəzasını qılmalıdır.

İKİNCİ ŞƏRT

Məsələ: 821.Namaz qılan şəxsin paltarı, ehtiyat-vacibə görə, mübah olmalıdır. Qəsbi paltarı geyməyin haram olmasını bilən bir kəs qəsdən qəsbi paltarda, yaxud sapı, düyməsi, yaxud başqa şeyləri qəsbi olan bir paltarda namaz qılsa, ehtiyat-vacibə görə namazı batildir. Onu qəsbi olmayan paltarda yenidən qılmalıdır.

Məsələ: 822. Qəsbi paltarı geyməyin haram olduğunu bilən, amma namazı batil etdiyini bilməyən bir kəs, qəsdən qəsbi paltarda namaz qılsa ehtiyat-vacibə görə namazı batildir və onu qəsbi olmayan paltarda yenidən qılmalıdır.

Məsələ: 823.Əgər paltarının qəsbi olmasını bilməsə və ya unudub onunla namaz qılsa, namazı səhihdir. Amma əgər paltarı özü qəsb etmiş olsa və səhlənkarlıq, e”tinasızlıq üzündən qəsb etməsini unutsa, lazım ehtiyata əsasən, namazı batildir, o namazı, qəsbi olmayan paltarda yenidən qılmalıdır.

Məsələ: 824.Qəsbi əşyalar–istər kiçik olsun, istərsə də böyük (təsbeh, dəsmal və s. kimi) namaz qılanın üstündə (cibində) olsa, namazı batil etməz.

Məsələ: 825.Əgər bir kəs canını qorumaq üçün qəsbi paltarda namaz qılsa, yaxud misal üçün, oğrunun onun qəsb etdiyi paltarı aparmasın deyə, o paltarda namaz qılsa, namazı səhihdir.

Məsələ: 826.Əgər bir kəs paltarının qəsbi olmasını bilməsə, yaxud unutsa və namaz əsnasında başa düşsə, onda başqa bir şey onun ovrətini örtmüş olsa və namazın muvalatına xələl yetirmədən və namazın surətini pozmadan dərhal onu çıxarda bilirsə, kərək onu çıxartsın, namazı davam etdirib tamamlasın, namazı da səhihdir. Amma əgər ovrətini bir şey örtmürsə, yaxud qəsbi paltarı dərhal bədənindən çıxara bilmirsə və ya bədənindən çıxaracağı halda namazın surəti pozulacaqsa, bu halda hətta bir rəkətlik namaz üçün də vaxt varsa, namazı pozub qəsbi olmayan paltarla yenidən qılmalıdır.

Əgər bu qədər də vaxt olmazsa namaz üstündə paltarını çıxarıb çılpaq şəxsin namazında deyilən göstərişlərə əməl edərək namazı qurtarmalıdır.

Məsələ: 827.Əgər zəkatı və ya xumsu verilməmiş pulun eyni ilə paltar alsa, bu paltar qəsbi paltar hökmündədir və onunla qılınan namaz batildir.

Amma əgər zimməsinə alsa, yə”ni müamilə vaxtında xumsu-zəkatı verilməyən puldan verəcəyini nəzərdə tutsa, bu halda yanında xumsu verilməsi lazım olmayan başqa pulu da olsa və zimməsinə alıb xumsu verilməmiş puldan versə, (o paltarda) namazı səhihdir. Əks halda isə batildir.

ÜÇÜNCÜ ŞƏRT

Məsələ: 828.Namaz qılanın paltarı gərək atıcı qanı olan (yə”ni damarını kəsdikdə qan sıçrayışla gələn) heyvanların ölüsünün hissələrindən olmasın. Hətta əgər atıcı qanı olmayan (balıq və ilan kimi) heyvanların ölüsündən paltar hazırlasalar, ehtiyat-müstəhəb budur ki, onunla namaz qılınmasın.

Məsələ: 829.Əgər murdar olmuş heyvanın ruhu olan ət, dəri və s. kimi şeyləri namaz qılanın üstündə olsa–hətta onun paltarı da olmasa belə namazı batildir.

Məsələ: 830.Əgər murdar olmuş əti halal heyvanın ruhu olmayan hissələri (tükü, yunu və s.) namaz qılanın üstündə olsa, yaxud onlardan hazırlanmış paltarda namaz qılsa, namazı səhidir.

DÖRDÜNCÜ ŞƏRT

Məsələ: 831.Namaz qılanın paltarı əti haram olan heyvanlardan hazırlanmamalıdır. Əgər o heyvanların, hətta bir tükü belə namaz qılanın üstündə olsa, namazı batildir.

Məsələ: 832.Əgər əti haram olan heyvanların (pişik kimi) ağzının, burnunun suyu, yaxud başqa rütubəti namaz qılanın bədənində, yaxud paltarında yaş olsa, namazı batildir. Quru və eyni aradan qaldırılmış olsa, namazı səhihdir.

Məsələ: 833. Əgər bir kəsin tükü, təri, yaxud ağzının suyu namaz qılanın bədənində və ya paltarında olsa, həmçinin, namaz qılanın üstündə mirvarid, mum, bal olsa, eybi yoxdur.

Məsələ: 834.Əgər paltarının əti halal olan, yaxud haram olan heyvandan hazırlanmasında şəkk etsə–istər ölkə daxilində istehsal olunanlardan olsun, istərsə də xaricdə–onunla namaz qılmağın maneəsi yoxdur.

Məsələ: 835.Əgər insan sədəfdən olan düymə və bu kimi şeylərin heyvandan olduğunu ehtimal versə, onunla namaz qılmağın maneəsi yoxdur. Əgər sədəf olmasını ehtimal versə və sədəfin də əti olmasa, onda namaz qılmağın eybi yoxdur.

Məsələ: 836.Xəz dərili heyvanların dərisindən hazırlanan paltarda namaz qılmağın eybi yoxdur. Ehtiyat-vacibə görə sincabın dərisi ilə namaz qılmasınlar.

Məsələ: 837.Bir kəs əti haram olan heyvanlardan olub-olmaması mə”lum olmayan paltar ilə namaz qılsa namazı səhihdir. Amma bunu unutmuş olsa ehtiyat-vacibə görə bu namazı yenidən qılmalıdır.

Məsələ: 838.Plastik mə”mulatlar və s. kimi şeylərdən hazırlanan sün”i dərilərdə namaz qılmağın eybi yoxdur. Deməli hər vaxt insan bir şeyin sün”i, yaxud həqiqi dəridən və habelə əti haram olan heyvanın, yaxud ölü heyvanın dərisindən hazırlanmasında şəkk etsə, onunla namaz qılmağın eybi yoxdur.

BEŞİNCİ VƏ ALTINCI ŞƏRTLƏR

Məsələ: 839.Qızıldan toxunmuş paltar geymək kişiyə haramdır və onunla namaz qılsa batildir. Amma qadın üçün namaz və s. hallarda eybi yoxdur.

Məsələ: 840.Qızıl ilə zinət vermək (məsələn, boynuna qızıl zəncir (sep) asmaq, ələ qızıl üzük və qızıl saat taxmaq) kişilər üçün haramdır və onlarda namaz qılmaq batildir. Ehtiyat-vacib budur ki, qızıl eynəkdən də istifadə olunmasın. Amma qadın üçün qızıldan zinət verməyin həm namaz, həm də qeyri-namaz vaxtlarında eybi yoxdur.

Məsələ: 841.Əgər bir kişi üzük və ya paltarının qızıldan hazırlandığını bilməyib onunla namaz qılsa namazı səhihdir. Amma paltarı, yaxud üzüyünün qızıldan olduğunu unudub namaz qılsa, ehtiyat-vacibə görə namazı batildir.

Məsələ: 842.Kişi üçün qızıl ilə zinət vermək, qızılla toxunmuş paltar geymək–istər görünən yerdə olsun, istərsə də görünməyən yerdə–haram, onunla namaz qılmaq batildir. Deməli əgər kişinin alt köynəyi qızıldan olsa, yaxud boynunda qızıl zəncir (sep) olsa–hətta görünməsə də haram, namazı isə batildir.

Məsələ: 843.Namaz qılan kişinin paltarı gərək xalis ipəkdən olmasın. Həmçinin ehtiyat-vacibə görə (təklikdə ovrətini örtməyə kifayət olmayan) araqçın və ya bu kimi şeylərin, hətta namazdan başqa vaxtlarda da geyilməsi kişiyə haramdır.

Məsələ: 844. Əgər paltarın astarının hamısı, yaxud bir hissəsi xalis ipəkdən olsa, onun geyilməsi kişi üçün haram, onunla qılınan namaz da batildir.

Məsələ: 845.Əgər qızıl üzük, zəncir və s. kişinin cibində olsa, eybi yoxdur, namazı da batil etmir.

Məsələ: 846.Xalis ipəkdən və ya başqa şeydən hazırlanması mə”lum olmayan paltarı geyməyin eybi yoxdur, onunla namaz qılmaq səhihdir.

Məsələ: 847.İpək dəsmal və bu kimi şeylər kişinin cibində olsa eybi yoxdur, namazı da batil etmir.

Məsələ: 848.Qadının namazda və qeyri-namazda ipək paltar geyməsinin eybi yoxdur.

Məsələ: 849.Məcburiyyət qarşısında qəsbi, xalis ipəkdən və ya qızıldan toxunan, murdar olmuş heyvandan hazırlanan paltar geyməyin maneəsi yoxdur. Həmçinin bir kəs paltar geyməyə məcbur olsa və bunlardan başqa paltarı da olmasa, namaz vaxtının axırına kimi də onun bu halı davam etsə bu paltarlarla namaz qıla bilər.

Məsələ: 850.Əgər namaz qılan kişinin paltarı ipək və başqa şeylə qarışıq toxunmuş olsa, onda namaz qılmaq səhihdir. Bu şərtlə ki, həmin qarışıq namazın səhih olduğu şeylərdən olsun. Amma ipəyə qatılan şey çox az olub hesaba gəlməzsə o paltarda namaz qılmaq kişi üçün caiz deyildir.

Məsələ: 851.Əgər qəsbi və ölmüş heyvandan hazırlanmış paltardan əlavə paltarı olmasa və paltar geyməyə naçar olmasa, çılpaqların hökmündə deyilənlərə uyğun olaraq namaz qılmalıdır.

Məsələ: 852.Əgər əti haram olan heyvandan hazırlanmış paltardan başqa paltarı olmasa və bu paltarı geyməyə məcbur olsa, həmin paltar ilə namaz qıla bilər. Amma naçar olmasa, çılpaqların namazında deyilən göstərişlərə əsasən namaz qılıb sonra ehtiyat-vacibə görə bir dəfə də həmin paltarda namaz qılmalıdır.

Məsələ: 853.Əgər kişinin xalis ipək və ya qızıldan toxunmuş paltardan başqa paltarı olmasa, bu halda həmin paltarı geyməyə məcbur olmasa, çılpaqların namazında deyilən göstərişlərə əsasən namaz qılmalıdır.

Məsələ: 854.Əgər ovrətini namazda örtmək üçün bir şey olmasa, vacibdir ki, kirayə və pulla almaqla da olsa paltar hazırlasın. Amma əgər həmin paltarı almaq üçün çoxlu pul tələb olunursa və bu pullar onun var-dövlətinə nisbətən çoxdursa, yaxud bu pulları həmin paltarı almağa xərcləsə, halına zərər yetirəcəksə, bu halda çılpaqların namazının göstərişlərinə əsasən namaz qılmalıdır.

Məsələ: 855. Paltarı olmayan bir kəsə başqası paltar bağışlasa və yaxud kirayə versə, bu halda onu qəbul etmək o şəxs üçün məşəqqətli deyilsə, qəbul etməlidir. Hətta əgər əmanət götürmək, yaxud bəxşiş istəmək onun üçün çətin deyilsə paltarı olan kəsdən bəxşiş istəməli və yaxud əmanət almalıdır.

Məsələ: 856.Ehtiyat-vacibə görə gərək insan parçası, rəngi və tikilişi onun üçün adi olmayan şöhrət paltarlarını geyməkdən çəkinsin. Amma o paltarla namaz qılsa eybi yoxdur.

Məsələ: 857.Ehtiyat-vacibə görə gərək kişi qadın paltarı, qadın da kişi paltarı geyməsin. Amma əgər o paltarda namaz qılsalar, eybi yoxdur

Məsələ: 858.Örtüyü olmayan və vaxtın axrına qədər örtük tapa bilməyəcəyini ehtimal verən bir kəs ehtiyat-vacibə görə gərək namazı əvvəl vaxtdan tə”xirə salıb namazı örtüklə qılsın.

Məsələ: 859.Uzanan halda namaz qılmalı olan bir kəs çılpaq olsa və onun yorğan-döşəyi nəcis, yaxud xalis ipəkdən və ya əti haram olan heyvanlardan olsa, ehtiyat-vacibə görə gərək namazda özünü onlarla örtməsin.