|
||||||||||||||||||||
|
NAMAZ QILANIN PALTAR VƏ BƏDƏNİNİN PAK OLMASININ LAZIM OLMADIĞI HALLARMəsələ: 860.Təfsilatı sonrakı məsələdə deyiləcək üç halda namaz qılanın bədəni və ya paltarı nəcis olsa, onun namazı səhihdir:1-Bədəni yara və ya çiban səbəbilə qana bulaşarsa; 2-Onun paltarı və ya bədəni dirhəmdən az qana bulaşarsa; 3-Nəcis paltar və ya bədənlə namaz qılmağa naçar olsa. İki halda isə namaz qılanın təkcə paltarı nəcis olsa, namazı səhihdir: 1-Onun kiçik paltarı (corab, əlcək kimi) nəcis olarsa; 2-Uşaq saxlayan qadının paltarı nəcis olarsa. (Bu beş surətin təfsilatı deyiləcək.) Məsələ: 861.Əgər namaz qılanın bədənində və paltarında yara, yaxud çiban qanı olsa, bu halda bədənin və paltarın suya çəkilməsi, yaxud dəyişdirilməsi əksər camaat üçün və ya o şəxsin özü üçün çətin olsa, nə qədər ki, onun yarası, yaxud çibanı sağalmayıb, o qanla namaz qıla bilər. Həmçinin qanla birlikdə çölə gələn çirk, yaxud yaranın üstünə qoyulan dərman nəcis olub bədənində, yaxud paltarında olsa da (namaz qıla bilər). Məsələ: 862.Əgər namaz qılanın bədənində və ya paltarında yuyulması asan olan kəsik yerin qanı, yaxud tezliklə sağalan yara qanı dirhəm qədərində və ondan çox olarsa, namazı batildir. Məsələ: 863.Əgər bədənin, yaxud paltarın yara yerdən aralı olan hissəsi yaranın rütubəti ilə nəcis olsa, onunla namaz qılmaq caiz deyil. Amma bədənin və ya paltarın adətən yaranın rütubətinə bulaşan hissələri onun rütubəti ilə nəcis olsa, onunla namaz qılmağın maneəsi yoxdur. Məsələ: 864.Əgər ağız, burun və bu kimi üzvlərin içindən bədənə və ya paltara qan dəysə, namaz üçün onu suya çəkmək lazımdır: onunla namaz qılmaq olmaz. Amma, babasil qanı ilə, hətta şişləri daxildə də olsa, namaz qılmaq olar. Məsələ: 865.Bədəni yara olan bir kəs bədənində, yaxud paltarında qan görüb yara qanı və ya başqa qan olduğunu bilməsə, onunla namaz qılmağın maneəsi yoxdur. Məsələ: 866. Əgər bədənin bir neçə yerində yara olsa və onlar bir-birinə çox yaxın olub bir yara hesab olunsalar, nə qədər ki, hamısı sağalmayıb, onlarla namaz qılmağın eybi yoxdur. Amma əgər bir-birindən çox aralı olsalar və hər biri bir yara hesab olunsa, onda hər biri sağalanda, namaz üçün bədən və paltarı onun qanından təmizləmək, suya çəkmək lazımdır. Məsələ: 867.Əgər heyz qanından iynənin ucu qədər namaz qılanın bədən və ya paltarında olsa, onun namazı batildir. Ehtiyat-vacibə görə gərək nifas və istihazə qanı da namaz qılanın bədənində və ya paltarında olmasın. Daha yaxşı olar ki, əti haram olan heyvanların qanından da namazda ictinab olunsun. Amma başqa qanlar (insanın, yaxud əti halal olan heyvanın qanı) paltarın bir neçə yerində olub üst-üstə dirhəmdən az olsa, onunla namaz qılmağın eybi yoxdur. Məsələ: 868.Əgər qan astarsız paltara tökülüb o biri tərəfinə keçsə bir qan hesab olunur. Amma onun arxası ayrılıqda qana bulaşsa, hər birini (hər iki tərəfdə olan qanı) ayrılıqda hesab etmək lazımdır: əgər paltarın içində və üstündə olan qan üst-üstə dirhəmdən az olsa namaz səhih, çox olsa batildir. Məsələ: 869.Əgər qan astarlı paltarın üstünə tökülüb, astarına keçsə, yaxud astara tökülüb paltarın üstünə çıxsa və paltar da qanlı olsa, hər birini ayrılıqda hesab etmək lazımdır. Deməli, paltarın üstündə və astarında olan qan üst-üstə dirhəmdən az olsa və namaz səhih, çox olsa batildir. Məsələ: 870.Bədəndə, yaxud paltarda olan qan dirhəmdən az olsa və ona rütubət dəysə, bu halda qan və ona dəyən rütubət–ikisi birlikdə dirhəm qədərində, yaxud ondan çox olub ətrafını bulaşdırsa onunla qılınan namaz batildir. Hətta əgər rütubətlə qan birlikdə dirhəm qədərində olmasa və ətrafına bulaşmasa da onunla namaz qılmağın işkalı var. Amma əgər rütubət qanla qarışıb aradan getsə, namaz səhih, əks halda (aradan getməsə) batildir. Məsələ: 871.Əgər bədən, yaxud paltar qanlı olmasa, amma qana dəymək səbəbilə nəcis olsa, hətta nəcis olan miqdar dirhəmdən az olsa da onunla namaz qılmaq olmaz. Məsələ: 872.Əgər bədəndə, yaxud paltarda olan qan dirhəmdən az olsa və ona başqa bir nəcasət dəysə (məsələn, üstünə bovl damcısı düşsə) onunla namaz qılmaq caiz deyil. Məsələ: 873.Əgər namaz qılanın, ovrəti örtə bilməyən kiçik paltarları (araqçın, corab, əlcək və s.) nəcis olsa, bu halda əti haram və ya murdar olmuş heyvandan hazırlanmış olmasa, onunla namaz qılmaq səhihdir. Həmçinin nəcis üzük və eynəklə namaz qılmağın eybi yoxdur. Məsələ: 874.Ehtiyat-vacib budur ki, ovrəti örtə bilən nəcis şey namaz qılanın üstündə olmasın. Amma bir kəs bu məsələni bilməyib bir müddət bu cür namaz qılsa namazlarının qəzasını qılması lazım deyil. Ovrəti örtə bilməyən (kiçik dəsmal, açar, bıçaq, pul və s.) nəcis şeyin isə namaz qılanın üstündə olmasının eybi yoxdur. Məsələ: 875.Uşağa baxan qadının birdən artıq paltarı olmasa və pulla, icarə və əmanət kimi ala bilməsə, gün ərzində paltarını bir dəfə suya çəksə, sonrakı günə qədər paltarı uşağın bovlu ilə nəcis olsa da belə, namaz qıla bilər. Amma ehtiyat-vacibə görə, gün ərzində bir dəfə, paltarı ondan qabaq nəcis olan birinci namaz üçün suya çəksin. Həmçinin birdən artıq paltarı olsa və onların hamısını geyməyə məcbur olsa, bu halda gün ərzində yuxarıdakı göstərişə əsasən onların hamısını bir dəfə suya çəksə kifayətdir. NAMAZ QILANIN PALTARINDA MÜSTƏHƏB OLAN ŞEYLƏRMəsələ: 876.Namaz qılanın paltarında bir neçə şey müstəhəbdir. O cümlədən: təhtül-hənəki olan əmmamə qoymaq, əba geymək (xüsusilə imam üçün); ağ paltar geymək, paltarların ən təmizini geymək, xoş iyli ətirdən istifadə etmək, əqiq üzük taxmaq.NAMAZ QILANIN PALTARINDA MƏKRUH OLAN ŞEYLƏRMəsələ: 877. Namaz qılanın paltarında bir neçə şey məkruhdur. O cümlədən: qara, çirkli, dar paltar geymək, şərab içənin və nəcasətdən pərhiz etməyən şəxsin paltarını, üstündə şəkil olan paltar geymək; həmçinin paltarın düymələrinin açıq olması, üstündə şəkil olan üzüyün taxılması da məkruhdur. |