Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

NAMAZ QILANIN YERİ

Namaz qılanın məkanında bir neçə şərt vardır:

1-ci şərt budur ki, mübah olsun.

Məsələ: 878.Əgər bir kəs qəsbi yerdə namaz qılırsa, hətta palaz, paltar, taxt və s. kimi şeylərin üstündə də olsa, namazı batildir. Amma qəsbi tavan və qəsbi xeymənin (çadırın) altında namaz qılmağın maneəsi yoxdur.

Məsələ: 879.Mənfəəti başqasına məxsus olan yerdə, mənfəət sahibinin icazəsi olmadan namaz qılmaq batildir. Məsələn, icarə olunmuş evdə evin sahibi, yaxud başqa bir kəs namaz qılmaq istəsə, (və icarə edən şəxs icazə verməsə) namazı batildir. Həmçinin, başqasının haqqı olan bir mülkdə namaz qılsa, namazı batildir. Məsələn, əgər meyyit, malının üçdə birini müəyyən yerə məsrəf edilməsini vəsiyyət etsə, nə qədər ki, onun üçdə biri ayrılmayıb, onun mülkündə namaz qılmaq olmaz.

Məsələ: 880.Əgər bir kəs məsciddə otursa və başqası onun yerini qəsb edib orada namaz qılsa, ehtiyat-vacibə görə namazını başqa yerdə yenidən qılmalıdır.

Məsələ: 881.Əgər qəsbi olmasını bilmədiyi yerdə namaz qılıb namazdan sonra başa düşsə, yaxud qəsbi olduğunu unutsa və namazdan sonra yadına düşsə, namazı səhihdir. Amma əgər özü qəsb etmiş olsa, səhih deyildir.

Məsələ: 882.Əgər bir yerin qəsbi olduğunu bilsə, amma qəsbi yerdə namazın batil olduğunu bilməyib orada namaz qılsa, namazı batildir.

Məsələ: 883.Vacibi namazını süvari halında qılmağa məcbur olan bir şəxsin mindiyi heyvan, yaxud onun palanı qəsbi olsa, namazı batildir. Müstəhəb namazlar da eyni qayda ilə.

Məsələ: 884.Hal-hazırda müəyyən bir maliki və sahibi olmayan qəsbi torpaqda təsərrüf etmək caiz deyildir və orada qılınan namaz batildir. Burada vəzifəni müəyyənləşdirmək üçün cameüş-şərait müctehidə müraciət etmək lazımdır. Həmçinin müəyyən tikinti materiallarını (dəmir, kərpic və s.) qəsb edib onunla ev, yaxud mağaza tiksələr və o materialların sahibini tanımasalar, o ev və mağazadan istifadə etmək camaat arasında qəsbi malı ələ keçirmək hesab olunsa, caiz deyil, onda qılınan namaz da batildir. Bu barədə cameüş-şərait müctehidə müraciət etmək lazımdır.

Məsələ: 885.Əgər bir kəs müəyyən bir mülkdə başqası ilə şərik olsa, şərikinin payı ayrılmasa, onun icazəsi olmadan o mülkdə təsərrüf edə və namaz qıla bilməz.

Məsələ: 886.Xumsu və zəkatı verilməmiş pulun eyni ilə müəyyən bir mülk alınsa, o mülkdə təsərrüf etmək haram, onda qılınan namaz batildir. Həmçinin, əgər zimməsinə alsa və aldığı vaxt məqsədi pulunu xumsu və zəkatı verilməmiş maldan vermək istəsə də bu qayda ilə (təsərrüf haram, namaz batildir).

Məsələ: 887.Əgər mülkün sahibi dildə namaz qılmaq icazəsi versə və insan onun qəlbən razı olmadığını bilsə, o mülkdə namaz qılmaq batildir; əgər icazə verməsə və insan onun qəlbən razı olduğunu bilsə, namazı səhihdir.

Məsələ: 888.Xums və ya zəkat borcu olan meyyitin mülkündə təsərrüf etmək haram, onda namaz qılmaq batildir. Amma əgər onun, borclarını vermək niyyəti olubsa, batil olmaz.

Məsələ: 889.Camaata borclu olan şəxs ölsə, onun mülkündə–borcu, malının hamısı qədərində olarsa–təsərrüf etmək haram, onda namaz qılmaq batildir. Amma meyyitin təchizatına (kəfən-dəfn işlərinə) vərəsələrin tərəfindən xərclənən adi, cüz”i təsərrüfün maneəsi yoxdur. Əgər borcu malından az olsa və onun borclarının az olması səbəbilə borc sahibinin (və ya sahiblərinin) razı olmasını, vərəsələrin də səhlənkarlıq etmədən onun borclarını verəcəklərini bilsələr, bu halda o mülkdə təsərrüf edib namaz qılmağın eybi yoxdur. Amma ehtiyat-vacibə görə meyyitin qəyyumundan da icazə almaq lazımdır.

Məsələ: 890.Əgər meyyitin borcu olmasa, amma vərəsələrindən bə”zisi səğir, dəli və ya qaib olsalar, onun mülkündə təsərrüf etmək haram, namaz qılmaq da batildir. Amma kəfən və dəfn işlərində adət olan bu cür təsərrüflərin eybi yoxdur.

Məsələ: 891.Ümumi məkanlarda–müştəri və müsafirlərin daxil olması üçün hazırlanan ümumi otel, müsafirxana və ya hamamlarda namaz qılmağın eybi yoxdur. Amma bu kimi yerlərdə müsafir və müştəri olmayan kəslərin, oranın sahibinin razılığını göstərən əlamətlərin olduğu halda namaz qılmasının eybi yoxdur. Məxsus yerlərdə isə mülk sahibinin icazəsi olmadan namaz qılmaq caiz deyildir. Əgər bu kimi yerlərdə sair təsərrüflərə icazə versə və bundan da namaz qılmağa icazə verməsi mə”lum olsa, orada namaz qılmaq olar. Məsələn, bir şəxs yeməyə də”vət olunsa, şübhəsiz ki, namaz qılmağa da razılıqları var imiş.

Məsələ: 892.Şəhər və kəndlərdən çox uzaqda yerləşən, adətən heyvanların otlağı olan və hal-hazırda otlaq üçün istifadə olunmayan geniş sahəli torpaqların sahiblərinin razı olmamalarına baxmayaraq, orada namaz qılmaq, oturmaq və yatmağın eybi yoxdur. Həmçinin şəhər və kəndlərin yaxınlığındakı hasarsız əkin yerlərində, hətta sahibləri səğir və dəli olsalar da, namaz qılmaq, oradan ötüb keçmək və məhsula zərər yetirməyən cüz”i təsərrüf etməyin eybi yoxdur. Amma əgər sahiblərindən biri narazı olsa, orada təsərrüf etmək haram, namaz qılmaq batildir.

2-i şərt budur ki, namaz qılanın yeri hərəkətsiz, qərarlaşan olsun.

Məsələ: 893.Namaz qılanın məkanı hərəkətsiz olmalıdır. Əgər vaxtın azlığı, yaxud başqa zəruri məsələlər ucbatından hərəkət edən yerdə (avtomobil, qatar gəmi, qayıq) namaz qılmağa məcbur olsa, bu kimi vasitələr qiblədən başqa tərəfə hərəkət etsələr, namaz qılan qibləyə tərəf dönməlidir və mümkün qədər hərəkət halında bir şey deməməlidir. Amma zaman fasiləsi çox olsa və namazın muvalatı pozulsa, nəticədə namaz surətindən çıxsa, namazı batildir.

Məsələ: 894.Avtomobil, gəmi, qatar, təyyarə və bu kimi şeylər dayanmış olsalar onda namaz qılmağın maneəsi yoxdur.

Məsələ: 895.Üstündə dayanmaq mümkün olmayan arpa-buğda dəyirman xırmanında, qum təpəsində və s. kimi yerlərdə namaz batildir. Amma əgər onların hərəkəti çox az olsa və namazın vacibatını yerinə yetirib başqa şərtlərə də riayət etmək mümkün olsa maneəsi yoxdur.

Məsələ: 896.Külək, yağış, camaatın çox olması və bu kimi şeylərin ehtimal verilməsi səbəbilə namazın tamam qılınmasına yəqinlik olmayan yerdə bir kəs namazı qurtarmaq ümidi ilə başlasa, eybi yoxdur. Əgər, bu halda hər hansı bir maneəyə rastlaşsa, namaz səhihdir. Qalmaq haram olan yerlərdə (məsələn, tavanın uçması, dağın sürüşməsi, sel gəlməsi ehtimalı olan yerlərdə, ağır trafiki olan avtomobil yollarında, xüsusilə gecə vaxtı) gərək namaz qılınmasın; əgər bir kəs qılsa namazı səhihdir, lakin haram işə mürtəkib olmuşdur. Həmçinin, üstündə dayanmaq və ya oturmaq haram olan yerlərdə (məsələn, Allahın adı və Quran ayələri yazılan paltar, palaz və qəzet kimi) namaz qılmaq olmaz. Amma əgər bir kəs namaz qılsa, namazı səhihdir, lakin günaha mürtəkib olmuşdur.

3-cü şərt budur ki, namaz elə yerdə qılınmalıdır ki, onun vacibatını yerinə yetirmək mümkün olsun.

Məsələ: 897.Tavanı alçaq olan və düz dayanmaq mümkün olmayan yerlərdə, yaxud rüku və səcdə üçün yer olmayan kiçik yerlərdə namaz qılmaq olmaz. Əgər belə yerlərdə namaz qılmağa məcbur olsa qiyam, rüku, səcdəni mümkün olan qədər yerinə yetirməlidir.

Məsələ: 898.İnsan gərək ədəb qaydalarına riayət edib Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in, İmamlar (əleyhimüs-salam)-ın qəbrindən qabaqda namaz qılmasın (yə”ni arxası qəbrə tərəf olmasın). Əgər belə yerlərdə namaz qılması ehtiramsızlıq olsa bu iş haram, namazı da batildir. Amma İmamlar (əleyhimüs-salam)-ın, mə”sumların mütəhhər qəbri ilə bərabər (bir xətt boyunca) durub namaz qılsa, batil olmaz. Hərçənd ki, mə”sumların ehtiramına riayət etmək, ədəb qaydalarına riayət etmək bəyənilən və yaxşı işlərdəndir.

Məsələ: 899. Əgər namazda divar kimi bir şey onunla mə”sumun mütəhhər qəbri arasında fasilə salsa və ehtiramsızlıq sayılmasa eybi yoxdur. Amma şərif sandığın və zərihin, habelə qəbrin üstünə salınan parçanın fasilə salması kifayət deyildir.

4-cü şərt budur ki, namaz qılanın yeri nəcis olmasın.

Məsələ: 900. Namaz qılanın yeri nəcis olarsa o qədər yaş olmamalıdır ki, rütubəti bədəninə, yaxud paltarına sirayət etsin. Əgər namazda əfv olunan (icazə verilən) nəcasətlərdən olsa eybi yoxdur. Amma alının qoyduğu yer nəcis hətta quru da olsa, namaz batildir. Ehtiyat-müstəhəb budur ki, namaz qılanın məkanı ümumiyyətlə nəcis olmasın.

Məsələ: 901.Namazda qadın kişidən arxada dayanmalıdır. Daha yaxşı olar ki, qadının səcdə yeri kişinin dayandığı yerdən bir az arxada olsun. Deməli, əgər qadın kişidən qabaqda və yaxud onunla bir cərgədə (bir xətt boyunca) dayansa, namazı batildir. Bu hökmdə məhrəmlə naməhrəm, ərlə arvad arasında, namazın müstəhəb, yaxud vacib olmasının heç bir fərqi yoxdur.

Məsələ: 902.Əgər qadın kişi ilə bir səviyyədə və ya ondan qabaqda dursa və hər ikisi birlikdə namaza başlasa, hər ikisinin namazı batildir. Amma əgər biri əvvəlcə namaza başlasa, onun namazı səhih, sonradan başlayanın namazı batildir.

Məsələ: 903.Əgər qadınla kişi arasında divar, pərdə, yaxud bir-birini görmədikləri şey, yaxud aralarında on zira (təqribən 5 m) fasilə olsa, namazları səhihdir.

Məsələ: 904.Əgər qadın ikinci mərtəbədə namaz qılsa, kişidən qabaqda, yaxud onunla bir cərgədə dursa da–hətta əgər ikinci mərtəbənin ucalığı on ziradan az olsa da, namazı səhihdir.

Beşin5-yeri dizlərindən dörd bağlı barmaq qədər uca, yaxud alçaq olmasın.

Məsələ: 905.Namaz qılanın alnının yeri dizlərindən dörd bağlı barmaq qədər uca, yaxud alçaq olmamalıdır. Ehtiyat-vacibə görə ayaq barmaqlarının ucundan da bu qədər alçaq və ya uca olmasın.

Məsələ: 906.Naməhrəm kişi və qadının, başqalarının daxil ola bilmədiyi xəlvət yerdə olmaları haramdır. Orada qıldıqları namaz da səhih deyil. Amma əgər onlardan biri namaza başlasa və ona naməhrəm olan sonrakı daxil olsa birincinin namazının eybi yoxdur.

Məsələ: 907.Günah məclisi təşkil olunmuş yerdə (məsələn, şərab içilən, qumar oynanılan, qeybət edilən, tar və bu kimi şeylər çalınan yerdə) namaz qılmaq batildir.

Məsələ: 908.Ehtiyat-vacibə görə Kə”bə Evində və onun damında vacib namaz qılınmasın, amma çarəsizlik halında eybi yoxdur.

Məsələ: 909.Kə”bə Evində və onun damında müstəhəb namaz qılmağın eybi yoxdur. Üstəlik Kə”bə Evindəki hər rüknün müqabilində iki rəkət namaz qılmaq müstəhəbdir.

NAMAZ QILMAĞIN MÜSTƏHƏB OLDUĞU YERLƏR

Məsələ: 910.Müqəddəs İslam Şəriətində namazın məsciddə qılınmasına dair çoxlu tövsiyə olunmuşdur. Məscidlərdən ən yaxşısı Məscidül-Həram, sonra Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) məscidi, sonra Kufə məscidi, sonra Beytül-Müqəddəs məscidi, ondan sonra hər şəhərin came məscidi, sonra məhəllə məscidi, nəhayət bazar məscididir.

Məsələ: 911. Qadınlar üçün daha yaxşı olar ki, namazı evdə, öz xüsusi otaqlarında qılsınlar. Amma özlərini naməhrəmlərdən tam qoruya bilsələr, yaxşı olar ki, məsciddə namaz qılsınlar. Şəriət hökmlərini, islami məsələləri öyrənmək üçün məscidə getməkdən başqa bir yol yoxdursa, vacibdir ki, məscidə getsinlər.

Məsələ: 912.İmamlar (əleyhis-salam)-ın hərəmində namaz qılmaq müstəhəbdir. Üstəlik məsciddən də yaxşıdır. Əmirəl-mö”minin Əli (əleyhissalam)-ın mütəhhər hərəmində qılınan namaz iki yüz min rəkətə bərabərdir.

Məsələ: 913.Məscidə çox getmək və namaz qılan olmayan məscidə getmək müstəhəbdir. Məscidin qonşuluğunda olan bir kəsin üzrü olmasa, məsciddən başqa yerlərdə namaz qılması məkruhdur.

Məsələ: 914.Müstəhəbdir ki, insan e”tinasızlıq üzündən müsəlmanların məscidinə getməyən bir kəslə dostluq əlaqəsi bərqərar etməsin, onunla birlikdə çörək yeməsin, işlərində onunla məşvərət etməsin, onunla qonşu olmasın, ona qız verib qız almasın.

NAMAZ QILMAĞIN MƏKRUH OLDUĞU YERLƏR

Məsələ: 915.Bir neçə yerdə namaz qılmaq məkruhdur, o cümlədən: hamamda, şoran (duzlu) torpaqda, insanın qabağında, açıq qapı ilə üzbəüz, böyük yollarda, küçə və xiyabanlarda (əgər oradan keçənlərə əziyyət verməsə; amma əgər əziyyət versə haram, namazı da batildir), habelə, odun və çırağın müqablində, aşpazxanada, ümumiyyətlə od yandırılan hər yerdə; bovl edilən quyunun, çalaların müqabilində, şəkillə üzbəüz, ruhu olan şeylərin heykəlinin qarşısında (amma əgər onların üstünə pərdə çəksələr, eybi yoxdur); cünub şəxsin olduğu otaqda, şəkil olan otaqda (hətta əgər namaz qılanla üzbəüz olmasa da), qəbrin müqabilində, üstündə, iki qəbrin arasında və ümumiyyətlə qəbiristanlıqda.

Məsələ: 916.Bir kəs camaatın get-gəl etdiyi yerdə namaz qılsa, yaxud bir kəs namaz qılanla üzbəüz olsa, müstəhəbdir ki, öz qabağına bir şey qoysun ki, özü ilə onların arasında fasilə salsın. Hətta əsa, təsbeh, ip və s. kimi şeylər də kifayətdir.