Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

MƏSCİDİN HÖKMLƏRİ

Məsələ: 917.Məscidin yerini, tavanını, damını, içəri tərəfdən divarını murdarlamaq haramdır. Hər kəs bunların nəcis olduğunu bilsə, dərhal nəcasəti aradan qaldırmalıdır. Ehtiyat-vacibə görə məscidin divarını çöl tərəfdən də murdarlamaq olmaz. Əgər nəcis olsa, gərək nəcasəti aradan qaldırsınlar. Amma əgər vəqf edən şəxs həmin hissələri məsciddən hesab etməsə, vacib deyil.

Məsələ: 918.Əgər bir kəs məscidi paklaya bilməsə və ya lazımi kömək edə bilməsə, yaxud avadanlıq tapa bilməsə, məscidi paklamaq ona vacib deyil. Amma ehtiyat-vacibə görə onu paklaya bilən bir şəxsə xəbər verməlidir.

Məsələ: 919.Əgər məscidin müəyyən yeri nəcis olsa və onu qazmaqdan, uçurmaqdan başqa yolla paklamaq mümkün olmasa, oranı qazmalı və ya çox uçurulması lazım gəlməzsə, uçurmalıdırlar. Qazılmış yeri doldurmaq, uçurulmuş yeri düzəltmək vacib deyil. Amma əgər oranı nəcis edən şəxs qazsa və ya uçursa, imkan olan surətdə qazdığı yeri doldurmalı, uçurduğu yeri tə”mir etməlidir.

Məsələ: 920.Əgər hər hansı məscidi qəsb edib yerində ev və s. tiksələr, yaxud şəhər və ya kəndin, küçə və xiyabanların genişləndirilməsində məscidin bir hissəsi küçəyə düşsə, belə ki, daha ona məscid deməsələr, yenə ehtiyat-vacibə görə oranı nəcisləmək haram, (nəcis olduqda) paklamaq vacibdir.

Məsələ: 921.Cənazəyə qusul verməzdən qabaq məscidə qoymaq, nəcasət məscidə sirayət etməsə və ya ehtiramsızlığa səbəb olmasa, maneəsi yoxdur. Amma daha yaxşı olar ki, cənazəni məscidə qoymasınlar. Lakin qusul verdikdən sonra eybi yoxdur.

Məsələ: 922. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) məscidini, İmamlar (əleyhis-salam)-ın hərəmini nəcis etmək haramdır. Əgər nəcis olsa və nəcasətin orada qalması ehtiramsızlıq olsa onu paklamaq vacibdir. Hətta ehtiyat-müstəhəbbə görə ehtiramsızlıq olmasa da paklamaq lazımdır.

Məsələ: 923.Əgər məscidin həsiri, palazı, xalçası nəcis olsa ehtiyat-vacibə görə suya çəkilməlidir. Amma suya çəkmək səbəbilə xarab olsa və nəcis olan yeri kəsmək daha yaxşı olsa gərək kəsilsin. Əgər nəcis edən kəs oranı kəssə, xəsarəti ödəməlidir.

Məsələ: 924.Nəcasətin eynini (qan, bovl və s. kimi) məscidə aparmaq ehtiramsızlıq olarsa haramdır. Həmçinin nəcis olmuş şeyləri (nəcis ayaqqabı və nəcis paltar kimi) ehtiramsızlıq olacağı surətdə məscidə aparmaq haramdır.

Məsələ: 925.Əgər əzadarlıq, rovzəxanlıq, matəm, dini bayramlar və s. kimi mərasimləri təşkil etmək üçün məsciddə çadır qursalar və qara vursalar, çay, yemək hazırlamaq üçün lazım olan avadanlıqları məscidə aparsalar, bu halda əgər bu işlərdən məscidə zərər çatmazsa və namaz qılmağa mane olmazsa, eybi yoxdur.

Məsələ: 926.Ehtiyat-vacibə görə gərək məscidə qızılla zinət verməsinlər, həmçinin insan və heyvan kimi ruhu olan şeylərin şəklini məscidə çəkməsinlər. Ruhu olmayan şeylərin (gül, ağac budağı və s.) şəklini çəkmək məkruhdur.

Məsələ: 927.Əgər bir məscid xarab olsa da, onu satmaq, yaxud hər hansı bir mülkə qatmaq, üstündən yol salmaq olmaz.

Məsələ: 928.Məscidin qapı, pəncərə, və s. kimi şeylərini satmaq haramdır. Əgər məscid xarab olsa, onları satıb həmin məscidin tə”mirinə sərf etmək lazımdır. Amma əgər həmin məsciddə gərəksiz olsa, başqa məscidlərə məsrəf olunmalıdır. Əgər başqa məscidlərə də lazım olmasa, satıb pulu ilə mümkün olan surətdə həmin məscidi tə”mir etməlidirlər; əgər mümkün olmazsa, sair məscidlərin tə”mirinə sərf edilməlidir.

Məsələ: 929.Məscid düzəltmək, xarab olma ərəfəsində olan məscidi tə”mir etmək müstəhəbdir. Əgər bir məscid, tə”mir edilməsi mümkün olmayacaq dərəcədə xarab olsa, onu uçurub yenidən tikmək lazımdır. Hətta, xarab olmayan məscidi də camaatın ehtiyacını tə”min etmək üçün söküb genişləndirmək olar.

Məsələ: 930.Məscidi təmizləmək, çıraqban etmək müstəhəbdir. Müstəhəbdir ki, məscidə getmək istəyən bir kəs özünü ətirləsin, pak-pakizə, gözəl və qiymətli paltarını geysin. Ayaqqabısını diqqətlə yoxlasın ki, nəcis olub-olmamasına yəqini olsun. Məscidə daxil olanda əvvəl sağ ayağını, çıxanda isə sol ayağını atsın, hamıdan tez məscidə gedib, hamıdan gec məsciddən çıxsın.

Məsələ: 931.Bir kəs məscidə daxil olsa müstəhəbdir ki, məscidə ehtiram və salam (təhiyyət) niyyəti ilə iki rəkət namaz qılsın. Əgər başqa müstəhəb və ya vacib namaz qılsa kifayətdir.

Məsələ: 932.Məsciddə yatmaq (əgər çarəsizlik üzündən olmazsa) dünya işləri barəsində söhbət etmək, nəsə bir şeyi düzəltmək, öyüd-nəsihəti olmayan şe”rlər oxumaq məkruhdur. Həmçinin ağızın, burunun suyunu, sinədən gələn bəlğəmi məscidə atmaq, itmiş şeyi tələb etmək, öz səsini ucaltmaq məkruhdur. Amma azan üçün səsi ucaltmağın maneəsi yoxdur.

Məsələ: 933. Uşağı və dəlini məscidə buraxmaq məkruhdur. Amma əgər uşaqların oraya gətirilməsi başqalarının narahatçılığına səbəb olmazsa və onlarda namaza, məscidə qarşı məhəbbət yaranmasına səbəb olarsa, müstəhəbdir.

Məsələ: 934.Bir kəs sarmısaq, soğan və bu kimi şeylər yeyib, ağzından gələn qoxu ilə camaata əziyyət verərsə, məscidə getməsi məkruhdur.