Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

SƏCDEYİ-SƏHV

Məsələ: 1258. Üç şey üçün namazın salamından sonra iki səcdeyi-səhv yerinə yetirilməlidir (onun qaydası sonradan deyiləcək):

1-Namaz əsnasında səhvən danışsa;

2-Bir səcdəni unutsa;

3-Dörd rəkətli namazın ikinci rəkətindən sonra dörd rəkətlə beş rəkət arasında şəkk etsə.

İki halda da ehtiyat-vacib budur ki, səcdeyi-səhv yerinə yetirsin:

1-Namazın salamını verməli olmadığı yerdə (məsələn, birinci rəkətdə) səhvən salam desə;

2-Təşəhüdü unutsa.

Məsələ: 1259.Əgər insan səhvən, yaxud namazını tamam olmuş hesab edərək danışsa, iki səcdeyi-səhv yerinə yetirməlidir.

Məsələ: 1260.Ah çəkmək və öskürmək səbəbilə yaranan bir hərf üçün səcdeyi-səhv vacib deyil. Amma əgər məsələn, səhvən “ah”, “ax” desə, səcdeyi-səhv etməlidir.

Məsələ: 1261.Əgər səhv oxuduğu bir şeyi yenidən düzgün surətdə oxusa, onu ikinci dəfə oxuması üçün səcdeyi-səhv vacib deyil.

Məsələ: 1262.Əgər namazda səhvən bir müddət danışsa və onun hamısı bir dəfə hesab olunsa, salamdan sonra iki səcdeyi-səhv hamısı üçün kifayətdir.

Məsələ: 1263.Əgər səhvən təsbihati-ərbəəni deməsə, yaxud üç dəfədən az və ya çox desə, ehtiyat-müstəhəb budur ki, namazdan sonra iki səcdeyi-səhv yerinə yetirsin.

Məsələ: 1264.Əgər namazın salamını deməli olmadığı yerdə səhvən “əssəlamu ələyna və əla ibadillahis-salihin”, yaxud “əssəlamu ələykum və rəhmətullahi və bərəkatuh” desə, iki səcdeyi-səhv etməlidir. Amma əgər səhvən bu iki salamın bir miqdarını desə, yaxud “əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh” desə, ehtiyat-müstəhəb budur ki, iki səcdeyi-səhv yerinə yetirsin.

Məsələ: 1265.Əgər salam verməməli olduğu yerdə səhvən hər üç salamı desə, iki səcdeyi-səhv kifayətdir. Amma ehtiyat çox deməkdir. Yə”ni, bir səcdeyi-səhv onların hamısı üçün və sonra hər biri üçün isə ayrılıqda bir səcdeyi-səhv etsin.

Məsələ: 1266. Əgər bir səcdəni və ya təşəhhüdü unutsa və sonrakı rəkətin rükusuna çatmamışdan qabaq yadına düşsə, qayıdıb yerinə yetirməli, etdiyi artıq hərəkət üçün bir səcdeyi-səhv etməlidir.

Məsələ: 1267.Əgər rükuda, yaxud ondan sonra əvvəlki rəkətdən bir səcdəni, yaxud təşəhhüdü unutduğu yadına düşsə, namazın salamından sonra səcdəni və ya təşəhhüdü qəza edib sonra iki səcdeyi-səhv etməlidir.

Məsələ: 1268.Əgər səcdeyi-səhvi namazın salamından sonra qəsdən etməsə, günah etmişdir. Vacibdir ki, dərhal onu yerinə yetirsin. Əgər səhvən yerinə yetirməsə, hər vaxt yadına düşsə dərhal yerinə yetirsin. Namazı yenidən qılmaq lazım deyil.

Məsələ: 1269.Əgər səcdeyi-səhvin vacib olub-olmamasında şəkk etsə yerinə yetirməsi lazım deyil.

Məsələ: 1270.Əgər insan ona iki, yaxud dörd səcdeyi-səhv vacib olmasında şəkk etsə, ikisi kifayətdir.

Məsələ: 1271.Əgər iki səcdeyi-səhvdən birini yerinə yetirmədiyini bilsə, onda iki səcdeyi-səhv etməlidir. Əgər səhvən üç səcdə yerinə yetirdiyini bilsə, yenidən səcdeyi-səhv etməlidir.

SƏCDEYİ-SƏHVİN QAYDASI

Məsələ: 1272.Səcdeyi-səhvin qaydası budur ki, namazın salamından sonra dərhal səcdeyi-səhv niyyəti edib alını səcdənin səhih olduğu şeylərin üstünə qoyub desin:

بِسمِ اللهِ وَبِاللهِ وَصَلْى اللهُ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ

“Bismillahi və billahi və səlləllahu əla Muhəmmədin və Ali-Muhəmməd”, yaxud

بِسمِ اللهِ وَبِاللهِ اَللهُمَّ صَلْى اللهُ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ

“Bismillahi və billahi, Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd”. Amma daha yaxşı olar ki,

بِسمِ اللهِ وَبِاللهِ اَلسَّلاَمُ عَلَيْكَ اَيُهَا النَّبِىُّ وَرَحمَةُ اللهِ وَبَرَكاتُهُ

“Bismillahi və billahi, əssəlamu ələykə əyyuhən-Nəbiyyu və rəhmətullahi və bərəkatuh” desin. (Və bu ehtiyat daha yaxşıdır.) Sonra səcdədən qalxıb otursun, yenidən səcdəyə gedib yuxarıdakı zikrlərdən birini desin. Sonra səcdədən qalxıb otursun, təşəhhüd və salamları desin.

UNUDULMUŞ SƏCDƏ VƏ TƏŞƏHHÜDÜN QƏZASI

Məsələ: 1273.İnsanın unutduğu və namazdan sonra qəzasını yerinə yetirdiyi təşəhhüd və səcdədə, namazda olan bütün şərtlər (bədən və paltarın pak olması, üzü qibləyə olmaq və s.) olmalıdır.

Məsələ: 1274.Əgər təşəhhüdü və səcdəni bir neçə dəfə unutsa, (məsələn, bir səcdəni birinci rəkətdən, birini də ikinci rəkətdən unutsa) gərək namazdan sonra hər birinin qəzasını, onlar üçün lazım olan səcdeyi-səhv ilə birlikdə yerinə yetirsin. Hansının yerinə yetirdiyini də müəyyən etməsi lazım deyil.

Məsələ: 1275.Əgər bir səcdə və bir təşəhhüdü unudubsa, ehtiyat-vacibə görə hansını birinci unudubsa, əvvəlcə onun qəzasını yerinə yetirsin. Amma əgər əvvəlcə hansını unutduğunu bilməsə, ehtiyatən bir səcdə və bir təşəhhüd, sonra isə başqa bir səcdə yerinə yetirsin, yaxud bir təşəhhüd və bir səcdə, onların ardınca isə başqa bir təşəhhüd yerinə yetirsin ki, tərtibini unutduğu səcdə və təşəhhüdün qəzasını tərtiblə yerinə yetirməsinə yəqin etsin.

Məsələ: 1276.Əgər əvvəlcə səcdəni unutmasını güman edərək onun qəzasını yerinə yetirib təşəhhüdü oxuduqdan sonra, əvvəlcə təşəhhüdü unutduğunu bilsə, ehtiyat-vacib budur ki, yenidən səcdənin qəzasını etsin. Həmçinin, əgər əvvəlcə təşəhhüdü unutduğunu güman edərək əvvəlcə onun qəzasını yerinə yetirsə və səcdədən sonra, əvvəlcə səcdəni unutması yadına düşsə, ehtiyat-vacibə görə yenidən təşəhhüd oxumalıdır.

Məsələ: 1277. Əgər namazın salamı ilə səcdə və ya təşəhhüdün qəzası arasında həm qəsdən, həm də səhvən baş verməsi namazı batil edən işlərdən birini görsə (məsələn, arxası qibləyə çevrilsə), gərək səcdə və təşəhhüdün qəzasını yerinə yetirsin və ehtiyat-vacibə görə namazı təzədən qılsın.

Məsələ: 1278.Əgər namazın salamından sonra, axırıncı rəkətin bir səcdəsini unutduğu yadına düşsə, onun qəzasını yerinə yetirməli və ondan sonra iki səcdeyi-səhv etməlidir. İstər namazı batil edən işlərdən görmüş olsun, istərsə də görməmiş olsun. Əgər axırıncı rəkətin təşəhhüdünü unutsa, qəzasını yerinə yetirib sonra iki səcdeyi-səhv etməlidir.

Məsələ: 1279.Əgər namazın salamı ilə səcdə və ya təşəhhüdün qəzası arasında səcdeyi-səhvin vacib olduğu bir iş etsə (məsələn, səhvən danışsa) gərək səcdənin, yaxud təşəhhüdün qəzasını etsin.

Məsələ: 1280.Əgər təşəhhüd və səcdədən hansını unutduğunu bilməsə, hər ikisinin qəzasını etməlidir. Hər birini əvvləcə yerinə yetirsə, eybi yoxdur.

Məsələ: 1281.Əgər səcdəni, yaxud təşəhhüdü unudub-unutmamasında şəkk etsə qəza etməsi vacib deyil.

Məsələ: 1282.Əgər səcdə və ya təşəhhüdü unutduğunu bilsə, amma sonrakı rəkətin rükusundan əvvəl yerinə yetirib-yetirməməsində şəkk etsə ehtiyat-vacib budur ki, onu qəza etsin.

Məsələ: 1283.Təşəhhüdü və səcdəni qəza etməli olan bir kəsə başqa iş üçün də səcdeyi-səvh vacib olsa, gərək namazdan sonra təşəhhüdü, yaxud səcdəni qəza edib sonra səcdeyi-səhvi yerinə yetirsin.

Məsələ: 1284. Əgər namazdan sonra, unudulmuş səcdə və ya təşəhhüdün qəzasını edib-etməməsində şəkk etsə, bu halda əgər namazın vaxtı keçməyibsə, təşəhhüdün və ya səcdənin qəzasını etməlidir; yox əgər namazın vaxtı keçmiş olsa da ehtiyat-vacibə görə təşəhhüd və səcdəni qəza etməlidir.

NAMAZIN HİSSƏLƏRİNİ VƏ ŞƏRTLƏRİNİ ARTIRIB-AZALTMAQ

Məsələ: 1285.Əgər namazın vacibatından bir şeyi qəsdən artırıb azaltsa, hətta bir hərf olsa belə, namaz batildir.

Məsələ: 1286.Əgər məsələni bilməməzlik üzündən namazın hissələrindən birini artırıb-azaltsa namazı batildir. İstər o vacib hissə rükn, istərsə də qeyri-rükn olsun.

Məsələ: 1287.Əgər namaz əsnasında quslunun batil olduğunu, yaxud dəstəmazsız, qusulsuz namaza başladığını başa düşsə namazı pozub yenidən, dəstəmaz və ya qusul alıb qılmalıdır. Əgər namazdan sonra başa düşsə, namazı dəstəmaz və qusulla yenidən qılmalı, vaxt keçmiş olarsa, qəzasını etməlidir.

Məsələ: 1288. Əgər rükuya çatandan sonra qabaqdakı rəkətin iki səcdəsini unutduğu yadına düşsə, namazı batildir. Amma əgər rükudan əvvəl yadına düşsə, qayıdıb iki səcdəni etməli, sonra ayağa qalxıb Həmdi, Surəni, yaxud təsbihatı deyib namazı qurtarmalıdır.

Məsələ: 1289.Əgər “əssəlamu ələyna” və ya “əssəlamu ələykum” deməmişdən qabaq axırıncı rəkətin iki səcdəsini yerinə yetirmədiyi yadına düşsə gərək iki səcdəni edib yenidən təşəhhüdü və salamları oxusun.

Məsələ: 1290.Əgər namazın salamından qabaq, namazın axırından bir rəkət, yaxud daha artıq qılmadığını başa düşsə, unutduğu qədəri yerinə yetirməlidir.

Məsələ: 1291.Əgər salamdan sonra namazın axırından bir rəkət, yaxud daha çox qılmadığı yadına düşsə, bu halda həm qəsdən, həm də səhvən baş verməsi namazı batil edən işlərdən görübsə (məsələn, arxası qibləyə dönübsə) namazı batildir. Amma əgər bu işlərdən görməmiş olarsa, dərhal unutduğu hissəni yerinə yetirməlidir.

Məsələ: 1292.Əgər namazın salamından sonra, həm qəsdən, həm də səhvən baş verməsi namazı batil edən bir əməl görüb (məsələn, arxası qibləyə dönüb) sonra axırıncı iki səcdəni etmədiyi yadına düşsə, namazı batildir. Hətta namazı batil edən işlərdən görmədiyi halda da axırıncı rəkətin iki səcdəsini unutduğu yadına düşsə, gərək onu yerinə yetirib yenidən təşəhhüdü, salamı desin, əvvəldə dediyi salam üçün iki səcdeyi-səhv etsin. Ehtiyat-vacib budur ki, namazı da yenidən qılsın.

Məsələ: 1293.Əgər namazı, vaxt daxil olmamışdan qabaq, yaxud qiblənin tərsinə, yaxud sağ tərəfə və ya sol tərəfə qıldığını bilsə, namazı yenidən qılmalı, vaxtı keçibsə qəzasını etməlidir.