Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

MÜSAFİRİN NAMAZI

Müsafir (səfərdə olan şəxs) zöhr, əsr və işa namazını səkkiz şərt daxilində şikəstə, yə”ni iki rəkət qılmalıdır:

1-ci şərt budur ki, onun səfəri səkkiz şər”i fərsəxdən az olmasın.

Məsələ: 1294.Əgər gedib-qayıtması səkkiz fərsəx olan bir kəsin, getməsi dörd fərsəxdən az olmasa, gərək namazı şikəstə qılsın. Amma getməsi üç fərsəx, qayıtması beş fərsəx olsa namazı tamam qılmalıdır.

Məsələ: 1295.Əgər gedib-qayıtması səkkiz fərsəx olsa, istər həmin gecə-gündüzdə, istərsə ondan başqa gecə-gündüzdə qayıtmasına baxmayaraq, namazı şikəstə qılmalıdır.

Məsələ: 1296.Əgər bir kəsin səfəri səkkiz fərsəxdən bir müxtəsər az olsa, yaxud səfərin səkkiz fərsəx olub-olmaması mə”lum olmasa, namazı şikəstə qılmamalıdır. Əgər səfərin səkkiz fərsəx olub-olmamasında şəkk etsə, bu barədə axtarış aparmaq məşəqqətli olarsa (məşəqqət dedikdə əqli məşəqqət deyil, camaat arasında məşəqqət sayılan işlər nəzərdə tutulur) gərək namazını bütöv qılsın. Əgər qeyd olunan mə”nada məşəqqətli olmasa, ehtiyat-vacibə görə axtarış aparmalıdır: əgər səfərin səkkiz fərsəx olmasını iki adil şəxs xəbər versə, yaxud camaat arasında bu qədər olması mə”lum olsa namazı şikəstə qılmalıdır.

Məsələ: 1297.Əgər bir nəfər adil şəxs səfərin səkkiz fərsəx olduğunu xəbər versə, zahirən vahid adil şəxsin xəbəri ilə səkkiz fərsəx sübut olunmur, namazı cəm (həm şikəstə, həm də bütöv) qılması vacib deyil, əhvətdir.

Məsələ: 1298.Səfərinin səkkiz fərsəx olmasına yəqini olan bir kəs namazı şikəstə qılıb sonradan səkkiz fərsəx olmadığını başa düşsə, gərək onu dörd rəkətli qılsın; vaxtı keçmişsə, ehtiyat-vacibə görə qəzasını etsin.

Məsələ: 1299. Səfərinin səkkiz fərsəx olmamasına yəqin edən, yaxud o qədər olub-olmamasında şəkk edən bir şəxs yolda səfərinin səkkiz fərsəx olmasına yəqin etsə, hətta yolun az bir hissəsi qalmış olsa da, namazı şikəstə qılmalıdır. Əgər bütöv qılmış olsa, yenidən şikəstə qılmaldır.

Məsələ: 1300. Əgər aralarındakı fasilə dörd fərsəxdən az olan iki yer arasında bir neçə dəfə gedib-gəlsə, üst-üstə səkkiz fərsəx olmasına baxmayaraq, namazı bütöv qılmalıdır.

Məsələ: 1301.Əgər bir məntəqəyə iki yol olsa və onlardan biri səkkiz fərsəxdən az, digəri isə səkkiz fərsəx, yaxud ondan çox olsa, bu halda bir kəs həmin yerə səkkiz fərsəx olan yolla getsə, namazı şikəstə qılmalıdır. Amma səkkiz fərsəxdən az olan yolla getsə, namazı bütöv qılmalıdır.

Məsələ: 1302.Əgər şəhərin divarı olsa, onda səkkiz fərsəxin əvvəlini şəhərin divarından; divarı olmasa şəhərin axırıncı evlərindən hesab etməlidir. Həddindən artıq böyük şəhərlər üçün, onun bir məntəqəsindən o biri məntəqəsinə getmək camaatın nəzərində səfər hesab olunmazsa, xas bir hökm və xüsusiyyət yoxdur.

2-ci şərt budur ki, səfərin əvvəlindən səkkiz fərsəx getməyi qəsd etmiş olsun. Deməli əgər səkkiz fərsəxdən az olan yerə səfər edib ora çatandan sonra, gəldiyi yol ilə birlikdə səkkiz fərsəx olacaq bir yerə səfər etsə, bu halda əvvəldən səkkiz fərsəxi qəsd etmədiyi üçün namazı bütöv qılmalıdır. Amma əgər o yerdən səkkiz fərsəx getmək, yaxud dörd fərsəx gedib vətəninə və ya on gün qalmaq istədiyi yerə çatıb qayıtmaq istəsə, (bu şərtlə ki, onun getməsi dörd fərsəxdən az olmasın) namazı şikəstə qılmalıdır.

Məsələ: 1303.Səfərinin neçə fərsəx olacağını bilməyən (məsələn, itmiş şeyi axtarmaq üçün səfər edən, itiyini axtarmaq üçün nə qədər yol gedəcəyini bilməyən) bir şəxs namazı tamam qılmalıdır. Amma qayıdan vaxt, vətəninə, yaxud on gün qalmaq istədiyi bir yerə qədər səkkiz fərsəx və ya daha artıq olsa namazı şikəstə qılmalıdır. Həmçinin əgər getdiyi vaxt dörd fərsəx gedib-qayıdacağını qəsd etsə, bu halda onun gedib-qayıtması səkkiz fərsəx olsa və getməsi dörd fərsəxdən az olmasa namazı şikəstə qılmalıdır.

Məsələ: 1304.Səfər edən kəs o halda namazını şikəstə qılmalıdır ki, səkkiz fərsəx getməyi qərara almış olsun. Deməli, bir kəs şəhərdən çölə çıxsa və məqsədi yoldaş tapacağı halda səkkiz fərsəx getmək olsa, bu halda yoldaş tapacağına xatircəm olarsa, namazı şikəstə, əks halda isə bütöv qılmalıdır.

Məsələ: 1305.Səkkiz fərsəx getmək qəsdində olan bir şəxs, hətta əgər hər gün bir az yol getsə də, şəhərin divarları görünməyən, yaxud azanı eşidilməyən bir yerə çatsa, gərək namazını şikəstə qılsın. Amma əgər hər gün çox az miqdarda yol getsə və ona artıq “səfər edən” deyilməzsə, namazını bütöv qılmalıdır. Ehtiyat-müstəhəb budur ki, həm şikəstə, həm də bütöv qılsın.

Məsələ: 1306.Səfərdə başqasının ixtiyarında olan bir şəxs (məsələn, öz ağası ilə səfərə gedən nökər) səfərinin səkkiz fərsəx olduğunu bilsə namazını şikəstə qılmalıdır.

Məsələ: 1307.Səfərdə başqasının ixtiyarında olan bir şəxs dörd fərsəxə çatmamışdan qabaq ondan ayrılacağını bilsə, yaxud güman etsə namazını bütöv qılmalıdır.

Məsələ: 1308.Səfərdə başqasının ixtiyarında olan bir şəxs əgər dörd fərsəxə çatmamışdan qabaq ondan ayrılıb-ayrılmayacağında şəkk etsə, zahirən gərək namazı bütöv qılsın. Amma əgər ayrılmayacağına xatircəm olsa, həmçinin onun şəkki, səfəri üçün maneə irəli gələcəyinə ehtimal verməsindən irəli gəlsə, bu halda onun ehtimalı camaatın nəzərində yerli ehtimal olsa namazını şikəstə qılmalıdır.

3-ü şərt budur ki, yolda öz məqsədindən dönməsin. Deməli əgər dörd fərsəxə çatmamışdan qabaq öz niyyətindən dönsə, yaxud tərəddüddə qalsa namazı bütöv qılmalıdır.

Məsələ: 1309.Əgər dörd fərsəxə çatandan sonra səfər niyyətindən dönsə, bu halda həmin yerdə qalmağı, yaxud on gündən sonra qayıdacağını qərara alsa və ya qayıtmaqda, yaxud qalmaqda tərəddüddə olsa, namazını bütöv qılmalıdır.

Məsələ: 1310.Əgər dörd fərsəxə çatandan sonra səfər niyyətindən dönüb qayıtmaq qərarına gəlsə, namazını şikəstə qılmalıdır.

Məsələ: 1311. Əgər müəyyən bir yerə getmək üçün hərəkət etsə və bir qədər yol getdikdən sonra başqa yerə getmək istəsə, bu halda hərəkət etdiyi ilk yerdən, getmək istədiyi yerə qədər səkkiz fərsəx olsa, namazı şikəstə qılmalıdır.

Məsələ: 1312.Əgər səkkiz fərsəxə çatmamışdan qabaq yolun qalanını gedib-getməkdə tərəddüddə qalsa və tərəddüdə qaldığı vaxt yol getməsə, sonra yolun qalan hissəsini getmək qərarına gəlsə gərək səfərin axırına kimi namazı şikəstə qılsın.

Məsələ: 1313.Əgər səkkiz fərsəxə çatmamışdan qabaq yolun qalanını gedib-getməkdə tərəddüddə qalsa və tərəddüdə düşdüyü vaxtdan müəyyən qədər yol gedib sonra başqa səkkiz fərsəx getməsi və ya dörd fərsəx gedib-qayıtması barədə qərara gəlsə, səfərin axırına qədər namazı şikəstə qılmalıdır.

Məsələ: 1314.Əgər səkkiz fərsəxə çatmamışdan qabaq yolun qalanını gedib-getməkdə tərəddüdə düşsə və tərəddüddə olduğu vaxt bir az yol gedib sonradan yolun qalanını da getməyi qərara alsa, bu halda onun səfərinin qalan hissəsi səkkiz fərsəx olsa və ya dörd fərsəx olsa, amma gedib-qayıtmağı nəzərdə tutsa, gərək namazı şikəstə qılsın. Əgər tərəddüdə düşməmişdən qabaqkı və ondan sonra getdiyi yol üst-üstə səkkiz fərsəx olsa Ehtiyat-vacibə görə namazı həm şikəstə, həm də tamam qılmalıdır.

4-cü şərt budur ki, səkkiz fərsəxə çatmamışdan qabaq öz vətənindən keçmək, yaxud on gün və ya ondan artıq bir yerdə qalmaq istəməsin. Deməli səkkiz fərsəxə çatmamışdan qabaq öz vətənindən keçmək istəyən, yaxud müəyyən bir yerdə on gün qalmaq istəyən bir kəs namazını bütöv qılmalıdır.

Məsələ: 1315.Səkkiz fərsəxə çatmamışdan qabaq öz vətənindən keçib-keçməyəcəyini bilməyən, yaxud müəyyən bir yerdə on gün qalıb-qalmayacağını bilməyən bir kəs namazını bütöv qılmalıdır.

Məsələ: 1316.Səkkiz fərsəxə çatmamışdan qabaq öz vətənindən keçmək, yaxud müəyyən yerdə on gün qalmaq istəyən, habelə vətənindən keçib-keçməyəcəyində, yaxud müəyyən bir yerdə on gün qalmaqda tərəddüddə qalan bir kəs on gün qalmaq, yaxud vətənindən keçmək niyyətindən dönsə, yenə də namazı bütöv qılmalıdır. Amma əgər yolun qalan hissəsi səkkiz fərsəx olsa, yaxud dörd fərsəx olsa, amma həmin yolu gedib-qayıtmaq istəsə namazı şikəstə qılmalıdır.

5-ci şərt budur ki, haram iş üçün səfər etməsin. Əgər bir kəs haram işlər üçün (oğurluq kimi) səfər etsə namazı bütöv qılmalıdır. Həmçinin əgər, səfərin özü haram olsa, məsələn, səfər onun üçün zərərli olsa, yaxud qadın ərinin icazəsi olmadan, övlad ata-ananın nəhy etməsinə baxmayaraq vacib olmayan səfərə getsə, namazı bütöv qılmalıdır. Amma əgər Həcc kimi vacib səfər olsa namazı şikəstə qılmalıdır.

Məsələ: 1317.Ata-ananın əziyyətə düşməsinə səbəb olan səfər haramdır. Belə səfərlərdə insan namazı bütöv qılmalı, orucu da tutmalıdır.

Məsələ: 1318.Səfəri haram olmayan və haram iş üçün səfər etməyən bir kəs, səfərdə günah bir iş görsə də (məsələn, qeybət etsə, şərab içsə) namazı şikəstə qılmalıdır.

Məsələ: 1319.Əgər, xüsusilə vacib bir işi tərk etmək üçün səfər etsə namazı tamam qılmalıdır. Deməli borclu olan bir kəs öz borcunu verə bildiyi halda borc sahibi də istəsə, bu halda səfərdə borcunu verə bilməsə və məxsusən borcu verməkdən boyun qaçırtmaq üçün səfər etsə, ehtiyat-vacibə görə namazı həm şikəstə, həm də bütöv qılmalıdır. Amma əgər, məxsusən vacib əməli tərk etmək üçün səfər etməsə gərək namazını şikəstə qılsın. Ehtiyat-müstəhəb budur ki, həm şikəstə, həm də bütöv qılsın.

Məsələ: 1320.Əgər bir kəs səfəri haram olmasa, amma, mindiyi heyvan və ya başqa səfər vasitələri qəsbi olsa, namazı şikəstə qılmalıdır. Qəsbi yerdə səfər etsə, ehtiyat-vacibə görə namazı həm şikəstə, həm də tamam qılmalıdır.

Məsələ: 1321.Zülmkar şəxs ilə səfər edən bir kəs, bu işə naçar olmasa və onun səfəri zalımın zülmünə kömək olsa gərək namazını tamam qılsın. Amma əgər naçar olsa, (məsələn, hər hansı bir məzluma nicat vermək üçün səfər etsə) namazı şikəstədir.

Məsələ: 1322. Əgər əyləncə və gəzinti üçün səfər etsə, haram deyildir və namazı şikəstə qılmalıdır.

Məsələ: 1323.Əgər bir kəs vaxtını xoş keçirmək və ləhv (eyş-işrət) üçün şikara getsə namazı tamam; həyat güzəranını tə”min etmək üçün ova getsə, namazı şikəstə; mal-dövlətini artırmaq, qazanc əldə etmək üçün şikara getsə, ehtiyat-vacib budur ki, namazı həm şikəstə, həm də bütöv qılsın. Amma oruc tutmamalıdır.

Məsələ: 1324.Günah etmək üçün səfərə gedən bir kəs səfərdən qayıdanda tövbə etsə, gərək namazını şikəstə qılsın; yox əgər tövbə etməsə, bu halda səfərdən qayıtmaq camaatın nəzərində səfərə getməyin bir hissəsi kimi günah hesab olunursa, namazını bütöv qılmalıdır. Ehtiyat-müstəhəb budur ki, həm şikəstə, həm də bütöv qılsın.

Məsələ: 1325.Səfəri günah səfəri olan bir kəs yolda günah niyyətindən dönsə, bu halda yolun yerdə qalan hissəsi səkkiz fərsəx olsa, yaxud dörd fərsəx olsa və o yolu gedib-qayıtmaq istəsə (bu şərtlə ki, getməsi dörd fərsəxdən az olmasın), namazı şikəstə qılmalıdır.

Məsələ: 1326.Günah üçün səfər etməyən bir şəxs əgər yolda qalan miqdarı günah etmək üçün səfər etsə, namazını bütöv qılmalıdır. Amma şikəstə qıldığı namazlar shihdir.

6-cı şərt budur ki, səhralarda köçəri həyat tərzi keçirən, hər yerdə özü və mal-qaraları üçün su, yem tapdıqda orada qalıb bir müddətdən sonra başqa yerlərə köçənlərdən olmasın. Köçəri həyat tərzi keçirənlər bu səfərlərdə namazlarını bütöv qılmalıdırlar.

Məsələ: 1327.Əgər köçəri həyat tərzi keçirənlərdən biri mənzil və heyvanlar üçün otlaq tapmaq üçün səfər etsə və səfəri səkkiz fərsəx olsa, ehtiyat-vacib budur ki, namazı həm şikəstə, həm də bütöv qılsın.

Məsələ: 1328.Əgər köçəri həyat tərzi keçirən bir şəxs ziyarət, həcc, ticarət və s. üçün səfər etsə, namazını şikəstə qılmalıdır.

7-ci şərt budur ki, onun işi, peşəsi səfər olmasın. Deməli, dəvə, qoyun, mal-qara otaran çobanlar, sürücülər, gəmiçi və s. kimi şəxslər öz mənzil vəsaitlərini aparmaq üçün səfər etsələr də belə, birinci səfər istisna olmaqla namazı bütöv qılmalıdırlar. Amma birinci səfər uzun çəksə də, namazı şikəstə qılmalıdırlalr.

Məsələ: 1329.İşi səfər olan bir kəs başqa bir iş üçün (məsələn, ziyarət, həcc və s.) səfər etsə, namazı şikəstə qılmalıdır. Amma əgər sürücü öz maşınını ziyarət üçün kirayəyə verib özü də onunla birlikdə ziyarətə getsə, namazını bütöv qılmalıdır.

Məsələ: 1330.Təkcə həcc aylarında səfərlə məşğul olan bir kəs, namazını şikəstə qılmalıdır.

Məsələ: 1331.Həcc mövsümündə işi səfər olan və hacıları uzaq yerlərdən Məkkəyə aparan bir kəs, əgər bütün il boyu, yaxud bir ildən artıq yolda olsa, namazı bütöv qılmalıdır.

Məsələ: 1332.Əgər bir kəsin işi ilin müəyyən fəslindəki səfər olsa (qışda və ya yayda öz maşını kirayə verən bir sürücü kimi) işi səfər olan vaxtlarda namazını tamam qılmalıdır. Ehtiyat-müstəhəb budur ki, həm şikəstə, həm də bütöv qılsın.

Məsələ: 1333.Şəhərin iki-üç fərsəxliyinə get-gəl edən sürücülər və al-verçilər təsadüfən səkkiz fərsəx getsələr, namazı şikəstə qılmalıdırlar.

Məsələ: 1334.İşi səfər olan bir kəs öz vətənində on gün və daha artıq qalsa–istər əvvəldə on gün qalmaq niyyəti olsun, istərsə də qəsdi olmadan qalsın–on gündən sonra getdiyi ilk səfərdə namazını şikəstə qılmalıdır.

Məsələ: 1335.İşi səfər olan bir kəs öz vətənindən başqa yerdə on gün qalsa, on gündən sonra etdiyi ilk səfərdə–istər əvvəldən on gün qalmaq niyyəti olsun, istərsə də olmasın–namazını şikəstə qılmalıdır.

Məsələ: 1336.İşi səfər olan bir kəs əgər öz vətənində, yaxud başqa yerdə on gün qalıb-qalmadığında şəkk etsə namazını bütöv qılmalıdır.

Məsələ: 1337.Şəhərlərə səyahət edən və özü üçün vətən seçməyən bir kəs namazını tamam qılmalıdır.

Məsələ: 1338.İşi səfər olmayan bir kəsin bir şəhərdə, yaxud kənddə müəyyən qədər malı varsa və o mal üçün ardıcıl səfərlər edirsə namazını şikəstə qılmalıdır.

Məsələ: 1339.Öz vətənində qalmaq fikrindən dönüb özü üçün başqa bir vətən seçmək istəyən bir kəsin işi səfər olmasa bu səfərdə namazını şikəstə qılmalıdır.

8-ci şərt budur ki, tərəxxüs həddinə çatsın yə”ni, öz vətənindən o qədər uzaqlaşsın ki, şəhərin divarlarını görməsin, azanın səsini də eşitməsin. Amma gərək havada divarların görünməsinin, azan səsinin eşidilməsinin qarşısını alan toz-torpaq, duman və s. kimi şeylər olmasın. O qədər də uzaqlaşması lazım deyil ki, şəhərin məscidinin minarə və günbəzlərini görməsin, yaxud divarlar ümumiyyətlə görünməsin. Əksinə, elə divarlar tamamilə ayırd oluna bilmirsə kifayətdir. Əgər bir kəs on gün qalmağı qəsd etdiyi yerdən səkkiz fərsəx xaric olsa və tərəxxüs həddinə çatmasa ehtiyat-vacibə görə gərək namazını həm şikəstə, həm də bütöv qılsın. Böyük şəhərlərin tərəxxüs həddi səfər edən şəxsin mənzilinin yerləşdiyi məntəqədir.

Məsələ: 1340.Səfərə gedən bir kəs əgər bir yerə çatıb azanı eşitməsə, amma şəhərin divarlarını görsə, yaxud şəhərin divarlarını görməsə amma azanın səsini eşitsə və orada namaz qılmaq istəsə, ehtiyat-vacibə görə həm şikəstə, həm də bütöv qılmalıdır.

Məsələ: 1341.Vətəninə qayıdan bir kəs öz vətəninin divarını görsə və azan səsini eşitsə, gərək namazını bütöv qılsın. Amma müəyyən bir yerdə on gün qalmaq istəyən bir müsafir o yerin divarını görsə və azan səsini eşitsə, ehtiyat-vacibə görə mənzilə çatana qədər namazı tə”xirə salmalı, yaxud namazı həm şikəstə, həm də bütöv qılmalıdır.

Məsələ: 1342.Əgər şəhər uca yerdə olsa və uzaqdan görünsə;, yaxud çuxur yerdə olsa və azacıq uzaqlaşanda divarları görünmürsə, bu halda həmin şəhərdən səfər edən bir kəs o şəhərdən müəyyən miqdarda uzaqlaşsa, belə ki, o şəhər düzənlikdə olsaydı, divarlar həmin yerdən görünməyəcəkdi, onda namazı şikəstə qılmalıdır. Həmçinin əgər evlərin alçaq-ucalığı adi qaydadan çox olsa, adi halda olanlar mülahizə edilməlidir.

Məsələ: 1343.Əgər bir kəs evi və divarı olmayan yerdən səfər edib bir yerə çatsa ki, əgər o yerin divarı olsaydı, həmin yerdən görünəcəkdi, onda namazı şikəstə qılmalıdır.

Məsələ: 1344. Əgər müəyyən qədər uzaqlaşsa və eşitdiyi səsin azan və ya başqa səs olmasını bilməsə, namazı şikəstə qılmalıdır. Amma əgər azan olduğunu başa düşüb kəlmələrini ayırd edə bilməsə, namazı bütöv qılmalıdır.

Məsələ: 1345.Əgər müəyyən qədər uzaqlaşsa və şəhərin axırındakı evlərin azan səsini eşitməsə, amma şəhərin adətən uca yerindən deyilən azan səsini eşitsə namazı şikəstə qılmalıdır.

Məsələ: 1346.Əgər müəyyən bir yerə çatsa və şəhərin adətən uca yerində deyilən azan səsini eşitməsə, amma daha uca yerdə deyilən azan səsini eşitsə, namazı şikəstə qılmalıdır.

Məsələ: 1347.Əgər səfər edən şəxsin gözü, qulağı və ya azanın səsi qeyri-adi olsa namazı, normal gözün o evlərin divarlarını gördüyü, normal qulağın adi azan səsini eşitdiyi yerdə şikəstə qılmalıdır.

Məsələ: 1348.Əgər tərəxxüs həddində olub-olmamasında şəkk etdiyi bir yerdə namaz qılmaq istəsə, namazını bütöv qılmalıdır. Amma qayıdanda tərəxxüs həddinə çatıb-çatmamasında şəkk etsə, namazı şikəstədir. Bə”zi hallarda işkal qabağa gəldiyinə görə, ya həmin yerdə namaz qılmasın, qılsa da həm şikəstə, həm də bütöv qılsın.

Məsələ: 1349.Səfərində öz vətənindən keçib gedən bir müsafir öz vətəninin divarlarını görüb, azan səsini eşitdiyi yerə çatanda namazı bütöv qılmalıdır.

Məsələ: 1350.Səfəri əsnasında öz vətəninə çatan müsafir orada olduğu müddətdə namazlarını bütöv qılmalıdır. Amma əgər o yerdən səkkiz fərsəx getmək və ya dörd fərsəx gedib-qayıtmaq istəsə vətəninin divarlarını görmədiyi, azan səsini eşitmədiyi bir yerə çatanda namazı şikəstə qılmalıdır.

Məsələ: 1351.İnsanın yaşamaq üçün seçdiyi yer onun vətənidir: istər o yerdə dünyaya gəlmiş olsun və ata-anasının vətəni olsun, istərsə də onu yaşamaq üçün seçmiş olsun. Bu şərtlə ki, bu yerdə daimi qalmaq qəsdi olsun.

Məsələ: 1352.Əgər qəsdi əsl vətəni olmayan bir yerdə müəyyən müddət qalıb sonra başqa bir yerə getmək olsa o yer onun vətəni hesab olunmur.

Məsələ: 1353.Əsli vətəni olmayan bir yerdə həmişəlik qalmaq qəsdi olmayan bir insan üçün o yer onun vətəni hesab olunmur. Amma əgər qalmaq qəsdi olmadan çox qalsa, nəticədə oranın camaatı “bura onun vətənidir” desələr, bu halda vətəni hesab olunur.

Məsələ: 1354.Bir kəs iki yerdə yaşasa (məsələn, altı ay bir şəhərdə, altı ay da başqa şəhərdə qalsa) hər iki yer onun vətənidir. Amma əgər ikidən artıq yeri yaşamaq üçün seçsə, ehtiyat-vacibə görə gərək üçüncü və ya ondan artıq yerlərdə namazını həm şikəstə, həm də bütöv qılsın.

Məsələ: 1355. Bir kəs əsli vətənindən və qeyri-əsli vətənindən başqa yerlərdə iqamət qəsdi etməsə–istər orada onun mülkü olsun, istərsə də olmasın; istər orada altı ay qalmış olsun, istərsə də qalmamış olsun–namazı şikəstədir.

Məsələ: 1356.Əgər bir kəs əvvəlcə vətəni olan, sonradan isə orada yaşamaq fikrindən döndüyü bir yerə, yaxud qeyri-əsli vətəni olan, amma orada qalmaq qəsdi olmayan bir yerə çatsa, özü üçün başqa vətən seçməmiş olsa da, namazı bütöv qılmamalıdır.

Məsələ: 1357.Əgər bir kəs müəyyən yerdə on gün ardıcıl olaraq qalmağı qəsd etsə, yaxud ixtiyarsız olaraq on gün qalacağını bilsə, namazını tamam qılmalıdır.

Məsələ: 1358.Müəyyən bir yerdə on gün qalmaq istəyən bir müsafir birinci, yaxud on birinci gecəni qalmağı qəsd etməsi lazım deyil: elə birinci günün sübh azanından onuncu günün məğrib azanına kimi qalmağı qəsd etsə, namazını bütöv qılmalıdır. Həmçinin, əgər birinci günün zöhründən on birinci günün zöhrünə kimi qalmağı da qəsd etsə, namazı bütöv qılmalıdır.

Məsələ: 1359.Müəyyən bir yerdə on gün qalmaq istəyən müsafir o halda namazı bütöv qılmalıdır ki, on günün hamısını bir yerdə qalmaq istəsin. Deməli əgər on günü iki şəhərdə (məsələn, Nəcəflə Kufədə) qalmaq istəsə namazı şikəstə qılmalıdır.

Məsələ: 1360.Müəyyən bir yerdə on gün qalmaq istəyən bir müsafir əgər əvvəldən on gün arasında o yerin ətraf məntəqələrinə getməyi qəsd etmiş olsa və getmək istədiyi yer şəhərin tərəxxüs həddindən uzaq olmasa bütün on günün ərzində namazını bütöv qılmalıdır. Amma tərəxxüs həddindən uzaqda olsa, on günün hamısını şikəstə qılmalıdır. Amma əgər 1-2 saat ərzində gedib-qayıtmaq istəsə, on günün hamısında namazını tamam qılmalıdır.

Məsələ: 1361.Müəyyən bir yerdə on gün qalmağı qərara almayan bir kəs (məsələn, məqsədi dostu gələrsə, yaxud yaxşı mənzil taparsa on gün qalmaq olsa) namazı şikəstə qılmalıdır.

Məsələ: 1362.Müəyyən bir yerdə on gün qalmaq istəyən bir kəs hətta qalması üçün maneə yaranacağını ehtimal versə, bu halda camaat onun ehtimalına e”tina etməsə, namazı bütöv qılmalıdır.

Məsələ: 1363.Əgər müsafir, ayın axırına on gün və ya ondan artıq qaldığını bilib ayın axırına qədər müəyyən bir yerdə qalmağı qərara alsa, namazı bütöv qılmalıdır. Amma əgər ayın axırına nə qədər qaldığını bilmədiyi halda ayın axırına qədər qalmağı qəsd etsə–hətta nəzərdə tutduğu vaxtdan ayın axırına qədər on gün, yaxud daha artıq qalsa belə, namazı şikəstə qılmalıdır.

Məsələ: 1364.Əgər müsafir on gün müəyyən yerdə qalmağı qərara alsa, bu halda bir dörd rəkətli namaz qılmazdan qabaq orada qalmaq fikrindən dönsə, yaxud orada qalmağında və ya başqa yerə getməsində tərəddüddə olsa, namazı şikəstə qılmalıdır. Amma əgər bir dörd rəkətli namaz qıldıqdan sonra orada qalmaq fikrindən dönsə, yaxud tərəddüddə olsa, orada olduğu müddətdə namazı bütöv qılmalıdır.

Məsələ: 1365.Müəyyən bir yerdə on gün qalmağı qəsd edən bir müsafir, əgər oruc tutsa və günortadan sonra orada qalmaq fikrindən dönsə, bu halda əgər dörd rəkətli bir namaz qılıbsa orucu səhihdir; və nə qədər ki, oradadır namazlarını bütöv qılmalıdır. Əgər dörd rəkətli bir namaz qılmamış olsa, tutduğu oruc səhihdir. Amma namazlarını şikəstə qılmalıdır. Sonrakı günlərdə də oruc tuta bilməz.

Məsələ: 1366. Müəyyən bir yerdə on gün qalmağı qəsd edən bir müsafir, həmin yerdə qalmaq fikrindən dönsə və qalmaq məqsədindən dönməmişdən qabaq dörd rəkətli namaz qılıb-qılmaması barədə şəkk etsə öz namazlarını şikəstə qılmalıdır.

Məsələ: 1367.Əgər müsafir namazı şikəstə qılmaq niyyəti ilə namaza başlasa və namaz əsnasında on gün və ya daha artıq qalmaq qərarına gəlsə, namazı dörd rəkətlə qurtarmalıdır.

Məsələ: 1368.On gün bir yerdə qalmağı qəsd edən müsafir, dörd rəkətli namaz əsnasında öz niyyətindən dönsə, bu halda üçüncü rəkətə başlamayıbsa namazı iki rəkətdə qurtarmalı, qalan namazlarını da şikəstə qılmalıdır. Amma üçüncü rəkətə başlamış olsa, namazı batildir və orada oluğu müddətdə namazlarını, üçüncü rəkətin rükusuna daxil olmasına baxmayaraq, şikəstə qılmalıdır. Ehtiyat-vacib budur ki, namazı bütöv qılıb, sonradan iki rəkət şikəstə qılsın.

Məsələ: 1369.Müəyyən bir yerdə on gün qalmağı qəsd edən bir müsafir on gündən artıq orada qalsa nə qədər ki, səfər etməyibdir namazını bütöv qılmalıdır. Və yenidən on gün qalmasını qəsd etməsi lazım deyil.

Məsələ: 1370.Müəyyən bir yerdə on gün qalmağı qəsd edən müsafir vacib orucu tutmalıdır. Həmçinin müstəhəb oruc da tuta bilər, cümə namazını, zöhr, əsr və işa namazlarının nafilələrini də qıla bilər.

Məsələ: 1371.Müəyyən bir yerdə on gün qalmasını qəsd edən müsafir dörd rəkətli bir namaz qıldıqdan sonra, dörd fərsəxdən az olan bir yerə getmək və öz qaldığı yerə qayıtmaq istəsə, namazı tamam qılmalıdır.

Məsələ: 1372.Müəyyən bir yerdə on gün qalmasını qəsd edən müsafir dörd rəkətli namaz qıldıqdan sonra səkkiz fərsəxdən az olan bir yerə gedib orada on gün qalmaq istəsə getdiyi vaxtda, həmçinin on gün qalmaq istədiyi yerdə namazlarını bütöv qılmalıdır. Amma əgər getmək istədiyi yer səkkiz fərsəx, yaxud daha artıq olarsa getdiyi vaxt namazlarını şikəstə, çatdığı yerdə isə on gün qalmaq istəsə, namazı bütöv qılmalıdır.

Məsələ: 1373.Müəyyən bir yerdə on gün qalmağı qəsd edən müsafir dörd rəkətli bir namaz qıldıqdan sonra dörd fərsəxdən az olan bir yerdə gedib sonra əvvəlki yerinə qayıtmaqda tərəddüd etsə, yaxud ümumiyyətlə oraya qayıtmaqdan qafil olsa və ya qayıtmaq istədiyi halda orada on gün qalıb-qalmayacağında tərəddüd etsə, yaxud orada on gün qalmasından və o yerdən səfər etməsindən qafil olsa, gərək getdiyi vaxtdan qayıtdığı vaxta qədər və qayıdandan sonra namazlarını tamam qılsın.

Məsələ: 1374.Əgər dostlarının bir yerdə on gün qalacaqlarını güman edib o da on gün qalmağı qəsd etsə, bir dörd rəkətli namaz qıldıqdan sonra onların bu fikirdə olmadıqlarını başa düşsə, hətta özü də qalmaq fikrindən dönsə, orada olduğu müddətdə namazlarını bütöv qılmalıdır.

Məsələ: 1375.Müsafir əgər səkkiz fərsəxə çatandan sonra 30 gün bir yerdə qalsa və 30 günün hamısında gedib, yaxud qalmaqda tərəddüddə olsa, 30 gün keçəndən sonra hətta orada az miqdar qalsa belə namazını bütöv qılmalıdır. Amma əgər səkkiz fərsəxə çatmamışdan qabaq yolun qalanını getməkdə tərəddüddə olsa, tərəddüdə düşdüyü vaxtdan namazını bütöv qılmalıdır.

Məsələ: 1376.Doqquz gün, yaxud daha az müddətdə bir yerdə qalmaq istəyən müsafir, orada doqquz gün, yaxud ondan az qalandan sonra yenidən doqquz gün, yaxud ondan da az qalmaq istəsə və bu qayda ilə 30 gün keçsə, 31-ci gündən e”tibarən, hətta bir namaz qılmaq miqdarında da vaxt qalsa namazlarını bütöv qılmalıdır.

Məsələ: 1377. 30 gün müddətində tərəddüddə qalan müsafir namazını o halda bütöv qılmalıdır ki, 30 günü bir yerdə qalmış olsun. Deməli əgər onlardan bir miqdarını bir yerdə, qalanlarını isə başqa yerdə qalsa 30 gün tamam olandan sonra da namazlarını şikəstə qılmalıdır.