|
||||||||||||||||||||
|
AYƏT NAMAZIMəsələ: 1511. Qaydası sonradan deyiləcək ayət namazı dörd şey vasitəsilə vacib olur:1 və 2-Günəşin və ayın tutulması (hətta onların azacıq tutulsa və bir kəs də qorxmasa); 3-Zəlzələ (hətta bir kəs qorxmasa da); 4-İldırım, şimşək və yaxud qara-qırmızı küləklər və s. kimi şeylər (o halda bunlara namaz vacib olur ki, camaatın əksəriyyəti qorxsun); Həmçinin ehtiyat-vacibə görə yerdə baş verən dəhşətli, qorxunc hadisələrdə (yerin yarılması, batması) camaatın çoxunun qorxduğu halda ayət namazı qılınsın. Məsələ: 1512.Əgər ayət namazı vacib olan hadisələrdən bir neçəsi baş versə, insan onun hər biri üçün bir ayət namazı qılmalıdır. Məsələn, həm günəş tutulsa, həm də zəlzələ baş versə, iki ayət namazı qılınmalıdır. Məsələ: 1513.Bir kəsə bir neçə ayət namazı vacib olsa və onların hamısı eyni şey üçün vacib olsa (məsələn, üç dəfə günəş tutulsa) və onları qılmamış olsa, qəzasını yerinə yetirdiyi vaxt onların hansı üçün qılmasını müəyyən etməsi lazım (ilzami) deyil. Həmçinin əgər bir neçə ayət namazı ildırım, şimşək və qara-qırmızı küləklər və üçün insana vacib olsa da eyni qayda ilə. Amma əgər günəşin və ayın tutulması, zəlzələ baş verməsi, yaxud bunlardan ikisi üçün namaz vacib olsa, ehtiyat-vacibə görə niyyətdə ayət namazını hansı üçün qıldığını müəyyənləşdirməlidir. Məsələ: 1514.Ayət namazının vacib olduğu şeylər hər şəhərdə baş versə, təkcə o şəhərin əhalisi ayət namazı qılmalıdır, başqa yerlərin əhalisinə isə vacib deyil. Amma əgər onların məntəqələri bir-birinə çox yaxın olsa və ikisi bir şəhər hesab olunsa, onlara da vacib olur. Məsələ: 1515.Ayət namazı günəş və ya ay tutulmağa başlayanda qılınmalıdır. Əqvaya əsasən onun vaxtı, hər yeri açıldığı vaxta qədərdir. Ehtiyat-vacibə görə o qədər tə”xirə salınmamalıdır ki, açılmağa başlasın. Məsələ: 1516.Əgər bir kəs ayət namazını çox tə”xirə salsa və gün, yaxud ay açılmağa başlasa, ehtiyat-vacibə görə əda və qəza niyyəti etməməlidir. Amma əgər onun hər yerinin açılmasından sonra namaz qılsa, qəza niyyəti etməlidir. Məsələ: 1517.Əgər ay və günəşin tutulması müddəti bir rəkət namaz qılmaq müddətindən çox olsa amma insan namazı qılmasa və onun axırına bir rəkət namaz qılmaq qədər vaxt qalsa, əda niyyəti etməlidir. Hətta əgər onların tutulması bir rəkətlik namaz qılmaq qədərində və ya daha az olsa ayət namazı qılınmalıdır və ədadır. Məsələ: 1518.Zəlzələ, ildırım və s. baş verəndə insan dərhal ayət namazı qılmalıdır. Qılmasa mə”siyət etmişdir və ömrünün axırına kimi ona vacibdir. Hər vaxt qılsa, ədadır. Məsələ: 1519.Əgər ayın, günəşin açılmasından sonra hamısının tutulmuş olduğunu bilsə, o ayət namazının qəzasını etməlidir. Amma hamısı deyil, bir miqdarının tutulduğunu bilsə qəzasını qılmaq vacib deyil. Məsələ: 1520.Əgər bir neçə nəfər ay və ya günəşin tutulmasını xəbər versə, bu halda əgər insan onların sözündən yəqinə çatmayıb ayət namazını qılmasa, sonradan düz dedikləri mə”lum olsa, ayın və ya günəşin hər yeri tutulmuş olarsa ayət namazı qılınmalıdır. Əgər adil olmaları mə”lum olmayan iki nəfər günəşin və ya ayın tutulmasını xəbər versə, sonra isə adil olmaları mə”lum olsa, gərək ayət namazı qılınsın. Hətta əgər hər iki halda onların bir miqdarının tutulması məlum olsa ehtiyat-vacib budur ki, ayət namazı qılınsın. Məsələ: 1521.Əgər bir kəs münəccimlərin (astronomların), yaxud elmi qaydalar üzrə günəş və ya ayın tutulmasını xəbər verən şəxslərin sözündən xatircəmlik tapsa, gərək ayət namazını qılsın. Həmçinin əgər “filan vaxt ay və ya günəş tutulub filan qədər davam edəcək”-desələr və insan da onların sözlərindən xatircəmlik tapsa, gərək onların sözlərinə əsasən əməl etsin Məsələn, əgər “günəş filan saatda açılmağa başlayacaq”-desələr, ayət namazını o vaxta qədər tə”xirə salmamalıdır. Məsələ: 1522. Əgər qıldığı ayət namazının batil olduğunu bilsə yenidən qılmalı, vaxtı keçmiş olsa qəzasını etməlidir. Məsələ: 1523.Əgər gündəlik namazı vaxtında ayət namazı da insana vacib olsa və hər ikisini qılmaq üçün vaxt olsa, onda hər birini əvvəldə qılsa, eybi yoxdur; əgər onlardan birinin vaxtı az olsa, onu əvvəlcə qılmalıdır; hər ikisinin vaxtı az olsa, əvvəlcə gündəlik namazını qılmalıdır. Məsələ: 1524.Əgər gündəlik namazı əsnasında ayət namazının vaxtının az olduğunu başa düşsə, bu halda gündəlik namazının da vaxtı az olsa onu qurtarıb sonra ayət namazını qılmalıdır. Əgər gündəlik namazın vaxtı az olmasa onu pozub əvvəlcə ayət namazı sonra isə gündəlik namazı qılmalıdır. Məsələ: 1525.Əgər ayət namazını qılan vaxtda gündəlik namazının vaxtının az olduğunu başa düşsə, ayət namazını yarıda saxlayıb gündəlik namazı qılmalı; namazı qurtarandan sonra onu batil edən bir iş görməyibsə ayət namazını, qaldığı yerdən qılmalıdır. Məsələ: 1526.Əgər qadın heyz və ya nifas olduğu halda gün, yaxud ay tutulsa və onların açılmasına qədər nifas və ya heyz halında qalsa ayət namazı ona vacib deyil. Amma ehtiyat-vacibə görə pak olandan sonra gərək qəzasını etsin. Həmçinin əgər zəlzələ və s. kimi ilahi ayələr, nişanələr baş versə, ehtiyat-vacib budur ki, pak olandan sonra ayət namazı qılsın. AYƏT NAMAZININ QAYDALARIMəsələ: 1527.Ayət namazı iki rəkətdir və hər rəkətində beş rüku vardır. Onun qılınma qaydası belədir: niyyətdən sonra təkbir deyib bir Həmd və bir Surəni tam oxumalı, rükuya getməli, rükudan qalıb yenə də bir Həmd və bir Surə oxumalı, sonra rükuya getməlidir. Beləliklə bu işi beş dəfə təkrar etməlidir. Beşinci rükudan qalxdıqdan sonra iki səcdə etməli, ayağa qalxıb ikinci rəkəti də eynilə birinci rəkət kimi yerinə yetirməli, təşəhhüd və salamı deyib namazı qurtarmalıdır.Məsələ: 1528.Ayət namazını başqa cür də qılmaq olar: niyyət, təkbirətül-ehram və Həmddən sonra bir Surəni beş yerə bölsün, bir və ya birdən artıq ayəsini oxuyub rükuya getsin, sonra qalxıb Həmdi oxumadan o Surənin ikinci hissəsini oxusun, sonra rükuya getsin. Bu qayda ilə qılıb beşinci rükudan əvvəl Surəni qurtarmalıdır. Məsələn, “Qul huvəllah” Surəsi niyyəti ilə (birinci rəkətin Həmd Surəsindən sonra) “Bismillahir-rəhmanir-rəhim” deyib rükuya getsin, sonra qalxıb “Qul huvəllahu əhəd” deyib yenidən rükuya getsin. Sonra qalxıb “Allahus-səməd” deyib rükuya getsin, sonra qalxıb “ləm yəlid və ləm yuləd” deyib rükuya getsin, sonra qalxıb “və ləm yəkun ləhu kufuvən əhəd” deyib beşinci rükuya getsin. Rükudan qalxıb iki səcdə etsin, ikinci rəkəti də birinci rəkət kimi yerinə yetirsin, ikinci səcdədən sonra təşəhhüd və salamları deyib namazı qurtarsın. Məsələ: 1529.Əgər ayət namazının bir rəkətində beş dəfə Həmd-Surə oxusa, o biri rəkətində isə Həmd oxuyub Surəni beş yerə bölsə, eybi yoxdur. Məsələ: 1530.Gündəlik namazlarda vacib və müstəhəb olan əməllər ayət namazında da eynilə vacib və müstəhəbdir. Amma ayət namazında müstəhəbdir ki, azan və iqamənin yerinə üç dəfə, savab ümidi ilə “əssəlat” deyilsin. Məsələ: 1531.Müstəhəbdir ki, beşinci və onuncu rükudan sonra “səmi”əllahu limən həmidəh” deyilsin. Həmçinin hər rükudan əvvəl və sonra təkbir deyilsin. Amma beşinci və onuncu rükudan sonra təkbir müstəhəb deyil. Məsələ: 1532.Müstəhəbdir ki, 2, 4, 6, 8 və 10-cu rükulardan qabaq qunut tutulsun. Əgər 10-cu rükudan qabaq bir qunut tutulsa kifayətdir. Məsələ: 1533. Əgər ayət namazında neçə rəkət qıldığına şəkk etsə və fikri də bir yerə çatmasa, namazı batildir. Məsələ: 1534.Əgər birinci rəkətin axırıncı rükusunda, yaxud ikinci rəkətin birinci rükusunda olmasında şəkk etsə və fikri də bir yerə çatmasa namaz batildir. Amma əgər misal üçün dörd və ya beş rüku etməsində şəkk etsə, səcdəyə getmək üçün əyilməyibsə, şəkk etdiyi rükunu yerinə yetirməlidir. Amma səcdə üçün əyilmiş olsa öz şəkkinə e”tina etməməlidir. Məsələ: 1535.Ayət namazının hər rükusu rükndür; əgər qəsdən və ya səhvən azaldılıb-artırılsa, namaz batildir. CÜMƏ NAMAZIMəsələ: 1536.İmam Zaman (əleyhis-salam)-ın qaib olduğu dövrdə cümə namazı təxyiri vacibdir (yə”ni, mükəlləf şəxs cümə günündə ya zöhr namazını, ya da cümə namazını qılmaqda ixtiyar sahibidir). Amma cümə namazını qılmaq əfzəl, zöhrü qılmaq isə əhvətdir. Daha çox ehtiyat budur ki, hər ikisi yerinə yetirilsin.Məsələ: 1537.Cümə namazını qılan bir şəxsə, zöhr namazını da qılması vacib deyildir, amma ehtiyat-müstəhəbdir ki, onu da qılsın. CÜMƏ NAMAZININ ŞƏRTLƏRİMəsələ: 1538.Cümə namazı yalnız kişilərin vasitəsilə bərqərar olur. Amma qadınlar da onda iştirak edə bilərlər.Məsələ: 1539.Cümə namazı camaat namazı şəklində qılınmalıdır. Onu furada qılmaq olmaz. Məsələ: 1540.Camaat namazında mö”təbər olan bütün şərtlər cümə namazında da lazımdır. Məsələn, pərdənin olmaması, imamın yerinin yüksəkdə və fasilənin çox olmaması və s.). Məsələ: 1541.İmam-camaatda lazım olan bütün şərtlər (məsələn, aqil, imanlı, halalzadə, ədalətli olmaq) imam-cümədə də olmalıdır. Amma uşaqların və qadınların cümə namazına imamət etmələri caiz deyil. (Hansı ki, başqa namazlarda müməyyiz uşaqların özləri üçün caizdir.) Qadınlarda isə onu tərk etmək vücubi-ehtiyatdır. Məsələ: 1542.Kor, xəstə və həddindən artıq qoca olmayan hər qeyri-müsafir, azad, mükəlləf kişiyə cümə namazı vacibdir. Əlbəttə bu şərtlə ki, onunla cümə namazı qılınan yerin fasiləsi iki fərsəxdən artıq olmasın. Deməli bu şərtlərdən hər hansı birinə malik olmayan şəxs hətta cümə namazı tə”yini-vücub da olsa, cümə namazına getməsi vacib deyil, hətta orada iştirak etməyin məşəqqəti olmasa da. Məsələ: 1543.İki cümə namazı qılınan yerin arasında lazım olan ən az məsafə bir fərsəxdir. Məsələ: 1544. Cümə namazının bərqərar olması üçün lazım olan ən az say beş nəfərdir ki, onlardan biri imam olmalıdır. Deməli, cümə namazı beş nəfərdən azla vacib deyildir və bərqərar olunmur. Amma əgər yeddi və daha artıq olsalar cümə namazının fəziləti də artacaq. Məsələ: 1545.Lazımi şərtlər mövcud olduqda, cümə namazı böyük və kiçik şəhərlər və onların ətraf nahiyələrində olanlara, kəndlilərə, çadırlarda, səhralarda yaşayanlara (həyat tərzləri bu cür olanlara) vacibdir. Məsələ: 1546.Cümə namazının şərtlərinə malik olmayan şəxslər təsadüfən cümə namazına gəlsələr, yaxud məşəqqətlə özlərini ora çatdırsalar namazları səhihdir, zöhr namazı da onlara vacib deyil. Həmçinin, bir kəs şiddətli yağış və soyuğun olması ilə, yaxud ayaq və ya sair ə”zalarının olmaması kimi məşəqqət yaradan, cümə namazını saqit edən işlərlə belə, iştirak etsə, namazı səhihdir. Amma əgər dəli cümə namazı qılsa, namazı səhih deyildir. Həddi-büluğa çatmayan oğlan uşaqları cümə namazı qılsalar, səhihdir. Amma təklikdə cümə namazı bərqərar edə bilmədikləri kimi, cümə namazında lazım olan sayı da təkmil edə bilməzlər. Məsələ: 1547.Müsafir şəxs cümə namazında iştirak edə bilər və bu halda zöhr namazı ondan saqit olur. Amma müsafirlər ayrılıqda (cümə namazında hazır olanların iştirakı olmadan) cümə namazı təşkil edə bilməzlər və bu halda zöhr namazı onlara vacibdir. Həmçinin, müsafir cümə namazı üçün lazım olan sayı (5 nəfəri) təkmil edə bilməz, amma müsafirlər (10 gün və ya daha artıq) qəsdi-iqamə etsələr, cümə namazı təşkil edə bilərlər. Məsələ: 1548.Qadınlar cümə namazında iştirak edə bilər amma namazları da səhihdir və zöhrün də əvəzindən müczidir (kifayətdir). Amma onlar təklikdə cümə namazının bərqərar olması üçün lazım olan sayı (5 nəfəri) təkmil edə bilmədikləri kimi, (kişilərin iştirakı olmadan) cümə namazı təşkil edə bilməzlər. Çünki, cümə namazı kişilərin iştirakı ilə təşkil olunur. Məsələ: 1549.Müşkilə xonsa (kişi ya qadın olması ümumiyyətlə mə”lum olmayan) cümə namazında iştirak edə bilər. Amma cümə namazının bərqərar olması üçün lazım olan sayın təkmil edicisi, yaxud imam-cümə ola bilməz. Deməli əgər ondan başqa dörd nəfər bir yerə yığışsa, cümə namazı bərqərar ola bilməz: zöhr namazını qılmalıdırlar. |