Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

ORUCU BATİL EDƏN ŞEYLƏRİN HÖKMLƏRİ

Məsələ: 1720.Əgər insan qəsdən və ixtiyar üzündən orucu batil edən işlərdən görsə, orucu batil olur. Amma qəsdən olmasa eybi yoxdur. Bu hökmdə Ramazan ayının orucu ilə başqa oruclar arasında, habelə vacibi oruclarla müstəhəb oruclar arasında heç bir fərq yoxdur. Amma cünub şəxs yatsa və 1609-cu məsələdə deyildiyi kimi, sübh azanına qədər qusul etməsə, orucu batildir.

Məsələ: 1721.Əgər oruc tutan şəxs səhvən orucu batil edən işlərdən birini görsə və orucunun batil olmasını güman edərək o işlərdən yenə də görsə, orucu batildir.

Məsələ: 1722. Əgər bir şeyi zorla oruc tutanın boğazına töksələr və ya başını zorla suya batırsalar orucu batil olmaz. Amma əgər (özünün) orucunu batil etməyə məcbur etsələr (məsələn “orucu yeməsən, mal-dövlətinə, canına zərər yetircəyik” desələr) və zərərin qarşısını almaq üçün özü orucunu yesə orucu batil olur.

Məsələ: 1723.Oruc tutan şəxs boğazına bir şey töküləcəyini bildiyi yerə, yaxud onu, orucunu özünün yeməsinə məcbur edəcəklərini bildiyi yerə getməməlidir. Amma getməyi məqsədində tutub getməsə, yaxud gedəndən sonra ona bir şey yedizdirməsələr, orucu səhihdir. Əgər çarəsizlik üzündən orucu batil edən bir iş görsə və əvvəldən də məcbur olacağını bilsə, orucu batildir.

ORUC TUTAN ŞƏXSƏ MƏKRUH OLAN ŞEYLƏR


Məsələ: 1724.Bir neçə şey oruc tutana məkruhdur, o cümlədən: gözə dərman tökmək, sürmə çəkmək (əgər dadı, iyi boğaza çatarsa), zəifliyə səbəb olan iş görmək (qan almaq, hamama getmək kimi), burunotu çəkmək (əgər boğaza çatacağını bilməsə; amma əgər bilsə caiz deyildir), ətirli gülləri, bitkiləri iyləmək, qadının suda oturması, qeyri-maye şeylərlə imalə etmək, bədəndəki paltarları islatmaq, diş çəkdirmək, ağızdan qan gəlməsinə səbəb olan bütün işlər, yaş çubuqdan diş fırçası kimi istifadə etmək məkruhdur. Həmçinin insan məninin çölə gəlməsi qəsdi olmadan öz qadınını öpsə, yaxud şəhvətini təhrik edən bir iş görsə və adəti də bu qəbil işlərdən məninin çölə gəlməsi olmasa, məkruhdur. Amma məninin çölə gəlməsi qəsdi ilə olsa və məni gəlsə, orucu batildir.

ORUCUN QƏZASI VƏ KƏFFARƏ VACİB OLAN YERLƏR

Məsələ: 1725.Əgər bir kəs Ramazan ayının orucunda qəsdən qussa, təkcə o günün qəzasını tutmalıdır. Əgər gecə cünub olub 1642-ci məsələdə deyildiyi kimi üç dəfə oyanıb yatsa və sübh azanına qədər oyanmasa, yaxud qəsdən imalə etsə və ya başını suya batırsa, yaxud Allah və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in adından yalan danışsa, ehtiyat-vacibə görə kəffarə də verməlidir. Amma bunlardan başqa, orucu batil edən sair işləri qəsdən görsə, bu halda o işin orucun batil etdiyini bildiyi halda həm qəza, həm də kəffarə vacibdir.

Məsələ: 1726.Əgər məsələni bilməməzlik üzündən orucu batil edən işlərdən birini görsə, bu halda məsələni öyrənə bilərdisə, ehtiyata görə kəffərə ona vacibdir. Amma əgər məsələni öyrənə bilməzdisə və ya ümumiyyətlə məsələdən agah deyildisə, yaxud filan şeyin orucu batil etmədiyinə yəqini var idisə, kəffarə vacib deyil.

ORUCUN KƏFFARƏSİ

Məsələ: 1727.Ramazan ayının orucunun kəffarəsi vacib olan bir kəs ya bir qul azad etməli, ya sonrakı məsələdə deyilən göstərişə uyğun olaraq iki ay oruc tutmalı, ya da 60 fəqiri doyuzdurmalı, yaxud onların hər birinə bir müdd (təqribən 10 sir) təam (yə”ni buğda, arpa və bu kimi şeylər) verməlidir Əgər bir şəxs üçün bunlar mümkün olmasa, on yeddi gün oruc tutmaqla mümkün olan qədər müdd fəqirə təam vermək arasında ixtiyar sahibidir. Əgər verə bilməsə, hətta bir dəfə “əstəğfirullah” deməklə də istiğfar etməlidir. Ehtiyat-vacib budur ki, hər vaxt imkanı olsa, kəffarəni versin.

Məsələ: 1728.Ramazan ayının orucunun kəffarəsi kimi iki ay oruc tutmaq istəyən bir kəs onun 31 gününü ardıcıl, arada fasilə salmadan tutmalıdır, amma yerdə qalan günlər ardıcıl olmasa, eybi yoxdur.

Məsələ: 1729.Ramazan ayının orucunun kəffarəsi kimi iki ay oruc tutmaq istəyən bir kəs, əvvəldə ardıcıl tutmalı olduğu 31 günü elə gündə başlamalıdır ki, bu 31 günün içində orucu haram olan günlərdən (Qurban bayramı kimi) olmasın.

Məsələ: 1730.Ardıcıl oruc tutmalı olan bir şəxs arada üzrsüz səbəbə görə bir gün oruc tutmasa, yaxud tutduğu oruc günləri arasında orucu vacib olan bir günə çatsa (məsələn, oruc tutmağı nəzir etdiyi günə təsadüf etsə) gərək orucları əvvəldən başlasın.

Məsələ: 1731.Əgər ardıcıl oruc tutmalı olan günlər əsnasında heyz, nifas kimi üzr, yaxud getməyə məcbur olduğu bir səfər qarşıya çıxsa, üzrü aradan qalxandan sonra günləri əvvəldən başlaması vacib deyil: yerdə qalanları üzrü aradan qalxandan sonra tutmalıdır.

Məsələ: 1732.Əgər bir kəs orucu haram şeylə batil etsə–istər bu şey ümumiyyətlə haram olsun (şərab, zina və s. kimi), istərsə də müəyyən səbəblərə görə haram olsun (öz əyalı ilə heyz halında yaxınlıq etmək kimi), ehtiyat-vacibə görə ona cəm kəffarəsi vacib olur. Yə”ni həm bir qul azad etməli, həm iki ay oruc tutmalı, həm də 60 fəqiri doyuzdurmalıdır (yaxud da onların hər birinə bir müdd təam verməlidir). Əgər bu üçünün hamısını yerinə yetirmək mümkün olmazsa, mümkün olan qədərini yerinə yetirməlidir.

Məsələ: 1733. Əgər oruc tutan şəxs Allah və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in adından yalan danışsa ehtiyat-vacibə görə cəm kəffarəsi deyil, bir kəffarə verməsi lazımdır.

Məsələ: 1734.Əgər oruc tutan şəxs Ramazan ayının bir günündə bir neçə dəfə cima etsə, ehtiyata əsasən, o qədər də kəffarə vacibdir. Əgər onun ciması haram cima olsa, həmin qədər də cəm kəffarəsi vacib olur.

Məsələ: 1735.Əgər oruc tutan şəxs Ramazan ayının bir günündə bir neçə dəfə (cimadan başqa) orucu batil edən sair işlər görsə, onların hamısı üçün bir kəffarə kifayətdir. Ehtiyat-müstəhəbbə görə nə qədər edibsə, bir o qədər də kəffarə versin.

Məsələ: 1736.Əgər oruc tutan şəxs əvvəlcə haram cima, sonra isə öz halalı ilə cima etsə, hər biri üçün ayrıca kəffarə vacibdir.

Məsələ: 1737.Əgər oruc tutan kəs orucu batil edən halal işlərdən görsə (məsələn, su içsə), sonra isə orucu batil edən haram işlərdən görsə (məsələn, haram yeməklərdən yesə), bir kəffarə kifayətdir.

Məsələ: 1738.Əgər oruc tutan gəyirdiyi vaxt ağzına bir şey gəlsə və onu qəsdən udsa, orucu batildir. Qəzasını tutmalı, kəffarə də verməlidir. Əgər ağzına gələn şey haram olsa, məsələn, gəyirdiyi vaxt yemək halətindən çıxan qida və ya qan gəlsə və qəsdən onu udsa, o günün qəzasını tutmalıdır, ehtiyata görə cəm kəffarəsi də vacibdir.

Məsələ: 1739.Əgər bir kəs müəyyən gündə oruc tutacağını nəzir etsə və həmin günü oruc tutub qəsdən batil etsə, gərək ya bir qul azad etsin, ya iki ay dalbadal oruc tutsun, ya da 60 fəqirə təam versin.

Məsələ: 1740.Vaxtı ayırd edə bilən bir şəxs, “məğrib olmuşdur” deyən bir kəsin sözünə inanıb iftar etsə və sonradan hələ məğrib olmadığı mə”lum olsa, ehtiyata görə həm qəzası, həm də kəffarəsi vacibdir.

Məsələ: 1741.Öz orucunu qəsdən batil edən bir şəxs, zöhrdən sonra səfərə çıxsa, yaxud zöhrdən qabaq kəffarədən qaçmaq üçün səfər etsə, kəffarəsi boynundan götürülmür; hətta əgər zöhrdən qabaq qarşıya çıxan səfərə getsə, ehtiyata görə, kəffarə ona vacibdir.

Məsələ: 1742.Əgər bir kəs qəsdən orucunu batil etsə və sonradan heyz, nifas və ya başqa xəstəlik kimi üzr qarşıya çıxsa, kəffarə ona vacib deyil.

Məsələ: 1743.Əgər Ramazan ayının birinci günü olduğunu yəqin edib qəsdən orucunu batil etsə və sonradan şə”banın axırı olması mə”lum olsa, ona kəffarə vacib deyil. Həmçinin əgər bir kəs Ramazanın axırı, yaxud şəvvalın əvvəli olduğunda şəkk etdiyi halda qəsdən orucunu batil etsə və sonradan şəvvalın əvvəli olduğu mə”lum olsa, kəffarə ona vacib olmaz.

Məsələ: 1744. Əgər oruc tutan şəxs Ramazan ayında özünün oruc tutmuş arvadı ilə cima etsə, bu halda arvadını cimaya məcbur etmişsə, həm özünün, həm də arvadının kəffarəsini verməlidir. Amma əgər qadın cimaya razı olsa, hər birinə bir kəffarə vacibdir.

Məsələ: 1745.Əgər qadın, oruc tutmuş ərini cimaya, yaxud orucu batil edən başqa bir işə məcbur etsə, ərinin kəffarəsini verməsi vacib deyildir.

Məsələ: 1746.Əgər oruc tutan şəxs Ramazan ayında özünün oruc tutmuş arvadı ilə cima etsə, bu halda qadını, özündən ixtiyarı olmayan halda məcbur etsə və cima əsnasında da qadın razı olsa, ehtiyat-vacibə görə kişi iki, qadın isə bir kəffarə verməlidir. Əgər öz ixtiyar və iradəsi ilə cima etsə, ərinin onu məcbur etməsinə baxmayaraq, hər biri öz kəffarəsini verməlidir.

Məsələ: 1747.Əgər oruc tutan şəxs Ramazan ayında, oruc tutmuş arvadı yuxuda olan halda onunla cima etsə, kişiyə bir kəffarə vacibdir. Qadının orucu səhihdir, kəffarə də vacib deyildir.

Məsələ: 1748.Əgər kişi, qadınını cimadan başqa orucu batil edən sair işlərə məcbur etsə, qadının kəffarəsini verməməlidir, qadının özünə də kəffarə vacib deyil.

Məsələ: 1749.Səfərdə olmaq və ya xəstəlik səbəbi ilə oruc tutmayan bir şəxs, oruc tumuş qadınını cimaya məcbur edə bilməz. Amma məcbur edərsə, ona kəffarə vacib deyil.

Məsələ: 1750.İnsan kəffarəni verməkdə səhlənkarlıq etməməlidir. Amma onu dərhal verməsi lazım (ilzami) deyil.

Məsələ: 1751.Əgər bir kəsə kəffarə vacib olsa və bir neçə il onu verməsə, üstünə bir şey əlavə olunmur.

Məsələ: 1752.Bir günün kəffarəsi üçün 60 fəqirə təam verməli olan bir kəs 60 fəqir tapa bilməsə, gərək tapdığının hər birinə bir müddən artıq təam verməsin, yaxud bir fəqiri bir dəfədən artıq doyuzdurmasın. Amma əgər fəqirin ailəsi olsa insan onun fəqir ailə üzvlərinin hər biri üçün, hətta səğir olsalar da, bir müdd təam verə bilər. Bu şərtlə ki, hər birinin payını ayrılıqda deyil, hamısını üst-üstə töküb, bir yerdə təhvil versin.

Məsələ: 1753.Ramazan ayının orucunun qəzasını tutan bir kəs, zöhrdən sonra qəsdən orucu batil edən bir iş görsə, 10 fəqirin hər birinə bir müdd təam verməlidir. Əgər bunu edə bilməsə, üç gün oruc tutmalıdır, ehtiyat-müstəhəbbə görə 60 fəqirə təam verməlidir.