Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

ORUC VACİB OLMAYAN ŞƏXSLƏR

Məsələ: 1790.Əgər bir şəxs qocalıq səbəbi ilə oruc tuta bilməsə, yaxud ona məşəqqəti olsa, oruc ona vacib deyil. Amma ikinci halda (məşəqqəti olan halda) hər gün üçün bir müdd təam (buğda, arpa və s.) fəqirə verməlidir.

Məsələ: 1791.Qocalıq səbəbi ilə oruc tutmayan bir şəxs, Ramazan ayından sonra oruc tuta bilərsə, ehtiyat-müstəhəb budur ki, tutmadığı günlərin qəzasını tutsun.

Məsələ: 1792.Əgər bir insan çox susuz olan və ya susuzluğa dözə bilməyən və ya susuzluğun məşəqqəti olan bir xəstəliyə tutularsa, oruc ona vacib deyil. Amma ikinci halda (məşəqqətli olan halda) hər gün üçün bir müdd təam fəqirə verməlidir. Ehtiyat-vacib budur ki, naçar olduğu miqdardan artıq su içməsin. Əgər sonradan oruc tuta bilərsə, tutmadıqlarının qəzasını tutmalıdır.

Məsələ: 1793.Doğum vaxtı yaxınlaşan və oruc tutmağın bətnindəki uşağa zərəri olan qadına oruc vacib deyil. Həmçinin, əgər orucun onun özü üçün də zərəri olsa, oruc ona vacib deyil. Bu halda hər gün üçün bir müdd təam fəqirə verməlidir. Hər iki halda isə tutmadığı günlərin qəzasını etməlidir.

Məsələ: 1794.Uşağa süd verən və südü az olan–qadın istər uşağın anası olsun, istər dayəsi, istərsə də uşağa muzd almadan süd verən bir şəxsin oruc tutması süd verdiyi uşağa zərər versə, oruc ona vacib deyil. Habelə, əgər özü üçün də zərəri olsa, oruc ona vacib deyil. Bu halda gərək hər gün üçün bir müdd təam fəqirə versin. Hər iki halda isə tutmadığı orucların qəzasını etməlidir. Amma uşağa muzd almadan süd verən bir kəs tapılsa, yaxud uşağa süd vermək üçün onun ata-anasından və ya başqa şəxslərdən birinin verdiyi muzdu alan bir kəs tapılsa, uşağı ona verib oruc tutmalıdır.

AYIN ƏVVƏLİNİN SÜBUT OLUNMASI YOLLARI

Məsələ: 1795.Ayın əvvəli bir neçə yolla sübut olunur:

1-İnsanın özü ayı görsə;

2-Sözlərindən yəqin hasil olan bir neçə nəfər “ayı gördük” desələr, həmçinin, yəqinlik hasil olan hər şeyin vastəsi ilə;

3-Şə”ban ayının əvvəlindən 30 gün keçmiş olsa, bunun vasitəsi ilə Ramazan ayının əvvəli olması sübuta yetir. Yaxud Ramazan ayının əvvəlindən 30 gün keçsə, bu halda şəvval ayının olması sübut olunur.

4-İki adil kişi “gecə ayı görmüşük” deyə xəbər versələr, amma ayın xüsusiyyətlərini bir-birinin əksinə desələr, yaxud verdikləri şəhadət həqiqətin xilafına olsa (məsələn, “ayın dairəsi üfüq tərəfində idi” deyə xəbər versələr) ayın əvvəli olması sübuta yetmir. Amma əgər bə”zi xüsusiyyətləri ayırd etməkdə ixtilaflı olsalar (məsələn, biri “ay ucada idi”, digəri isə “ay ucada deyildi” desə), onların deməsi ilə ayın əvvəli olması sübuta yetir.

5-Cameüş-şərait müctehid ayın əvvəli olmasına dair hökm versə.

Məsələ: 1796.Əgər cameüş-şərait müctehid ayın əvvəli olmasını hökm etsə, hətta ona təqlid etməyən şəxslər də onun hökmünə əməl etməlidirlər. Amma cameüş-şərait müctehidin səhv etdiyini bilən bir şəxs, onun hökmünə əməl edə bilməz.

Məsələ: 1797.Ayın əvvəli astronomların qabaqcadan verdikləri xəbərə əsasən sübuta yetmir. Amma əgər bir şəxs üçün onların dediklərindən yəqin hasil olsa, gərək ona əməl etsin.

Məsələ: 1798.Ayın yuxarıda olması, yaxud gec batması keçən gecənin ayın əvvəli olmasına dəlil ola bilməz.

Məsələ: 1799. Əgər bir kəs üçün Ramazan ayının əvvəli olması sübuta yetməsə və oruc tutmasa, sonradan iki adil kişi “keçən gecə ayı görmüşük” deyə xəbər versələr, o şəxs həmin günün qəzasını tutmalıdır.

Məsələ: 1800. Əgər bir şəhərdə ayın əvvəli olması sübuta yetsə, onun başqa şəhər camaatı üçün faydası yoxdur. Amma o iki şəhər bir-birinə çox yaxın olarsa, yaxud insan o şəhər-lərin şər”i üfüqlərinin bir olmasını bilsə, sübut olunur.

Məsələ: 1801.Ayın əvvəli teleqraf yolu ilə bir şəhərdən başqasına verilən xəbərlə sübuta yetmir. Amma əgər bir şəhərdən başqa şəhərə teleqrafla xəbər verilsə və bu iki şəhər bir-birinə yaxın, yaxud üfüqləri eyni olsa, insan da teleqrafın cameüş-şərait müctehidin hökmü, yaxud iki adil şəxsin şəhadəti əsasında olduğunu bilsə, sübuta yetir.

Məsələ: 1802.Ramazan ayının axırı, yaxud şəvvalın əvvəli olmasını bilməyən bir şəxs, oruc tutmalıdır. Amma məğribdən qabaq şəvvalın əvvəli olduğunu bilsə, orucunu açmalıdır.

Məsələ: 1803.Əgər zindanda olan bir kəs, ayın əvvəli olmasına yəqin edə bilməsə, öz gümanına əməl etməlidir. Bu da mümkün olmasa hər ayı oruc tutsa səhihdir və oruc tutduğu aydan 11 ay keçdikdən sonra yenidən bir ay oruc tutsa və sonradan onu xilafı mə”lum olsa, orucu səhihdir. Amma hələ Ramazan ayının gəlib çatmadığı mə”lum olsa, yenidən oruc tutmalıdır.

MƏKRUH VƏ HARAM ORUCLAR

Məsələ: 1804.Fitr və Qurban bayramları günündə oruc tutmaq haramdır. Həmçinin şə”banın axırı yoxsa Ramazanın əvvəli olması mə”lum olmayan gündə Ramazan ayının əvvəli niyyəti ilə oruc tutmaq haramdır.

Məsələ: 1805.Əgər qadının müstəhəb oruc tutması səbəbilə ərinin haqqı aradan gedərsə, oruc tutması caiz deyil. Hətta ərinin haqqı aradan getməsə də, amma əri onun müstəhəb oruc tutmasına mane olsa, ehtiyat-vacibə görə oruc tutmamalıdır.

Məsələ: 1806.Övladın müstəhəb oruc tutması ata-ananın, yaxud babanın əziyyətə düşməsinə səbəb olsa, caiz deyil. Hətta əgər onların əziyyətə düşmələrinə səbəb olmasa, amma onun müstəhəb oruc tutmasına mane olsalar ehtiyat-vacibə görə gərək oruc tutmasın.

Məsələ: 1807.Əgər oğul atanın icazəsi olmadan müstəhəb oruc tutsa və gün əsnasında ata onu nəhy etsə orucunu açmalıdır.

Məsələ: 1808.Orucun zərəri olduğunu bilən bir kəs, hətta həkim “zərəri var”, desə də oruc tutmalıdır. Orucun zərərli olmasına yəqini, yaxud gümanı olan bir kəsə, hətta həkim “zərəri yoxdur”, desə gərək oruc tutmasın. Əgər oruc tutsa səhih deyildir. Amma əgər qürbət qəsdi ilə tutsa və sonradan zərərli olmadığı mə”lum olsa, səhihdir.

Məsələ: 1809.Əgər insan orucun zərərli olmasını ehtimal versə və bu ehtimaldan onun üçün qorxu törənsə, bu halda onun ehtimalı camaatın nəzərində yerli ehtimal olsa, gərək oruc tutmasın. Əgər oruc tutsa səhih deyildir. Amma əgər qürbət qəsdi ilə tutsa və sonradan zərərli olmaması mə”lum olsa səhihdir.

Məsələ: 1810.Bir kəs orucun ona zərərli olmamasına əqidəsi olan halda oruc tutub məğribdən sonra zərərli olmasını başa düşsə o günün qəzasını tutmalıdır.

Məsələ: 1811. Qeyd olunan günlərdən başqa yenə də oruc tutulması haram olan günlər var ki, müfəssəl fiqhi kitablarda deyilmişdir.

Məsələ: 1812.“Aşura” gününün, habelə Ərəfə, yaxud Qurban bayramı günü olmasında şəkk olan günün orucu məkruhdur. Amma müstəhəbdir ki, insan “Aşura” günü əsrə qədər oruc qəsdi olmadan yeyib-içməkdən çəkinsin.

MÜSTƏHƏB ORUCLAR

Məsələ: 1813.Məkruh və haram günlərdən başqa ilin bütün günlərində oruc tutmaq müstəhəbdir. Bə”zi günlərdə oruc tutmaq üçün daha artıq sifariş olunmuşdur. O cümlədən:

1-Hər ayın birinci və axırıncı cümə axşamı günləri, ayın 10-dan sonra olan birinci çərşənbə; əgər bir kəs bunları tuta bilməsə, müstəhəbdir ki, qəza etsin. Əgər qayda üzrə oruc tuta bilməsə, müstəhəbdir ki, hər gün üçün bir müdd təam, yaxud 12,6 noxud gümüş fəqirə versin.

2-Hər ayın 13, 14, 15-ci günləri;

3-Rəcəb və Şə”ban aylarının hamısı və onlardan bə”zi günlər, hətta bir gün də olsa belə;

4-Novruz bayramı günü, Zilqə”dənin 25-ci və 29-cu günü, Zilhəccənin birindən 10-a kimi, “Ərəfə” günü. Amma əgər zəiflik səbəbilə “Ərəfə” gününün dualarını oxuya bilməsə, o günün orucu məkruhdur. Habelə “Qədir-Xum” bayramında (18 Zilhəccə), Məhərrəm ayının 1-i və 3, Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in səadətli miladı (17 Rəbiül-əvvəl) və be”səti (27 Rəcəb).

Əgər bir kəs müstəhəb oruc tutsa, onu axıra çatdırması vacib deyil. Hətta əgər mö”min qardaşı onu yeməyə də”vət etsə, müstəhəbdir ki, onun də”vətini qəbul edib günün ortasında iftarını açsın.

ORUCU BATİL EDƏN İŞLƏRDƏN ÇƏKİNMƏYİN MÜSTƏHƏB OLDUĞU YERLƏR

Məsələ: 1814.Altı nəfər üçün Ramazan ayında oruc tutmamalarına baxmayaraq, müstəhəbdir ki, orucu batil edən işlərdən çəkinsinlər.

1-Səfərdə orucu batil edən işlərdən görüb zöhrdən qabaq vətəninə və ya 10 gün qalmaq istədiyi yerə çatan şəxs;

2-Zöhrdən sonra vətəninə, yaxud 10 gün qalmaq istədiyi yerə çatan müsafir;

3-Zöhrdən qabaq sağalan və orucu batil edən işlərdən birini görən xəstə;

4-Zöhrdən sonra sağalan xəstə;

5-Gün əsnasında heyz və ya nifas qanından pak olan qadın;

6-Ramazan ayı günləri əsnasında müsəlman olan kafir.

Məsələ: 1815.Müstəhəbdir ki, oruc tutan şəxs məğrib və işa namazını iftardan qabaq qılsın. Amma əgər bir kəs onu gözləyirsə, yaxud yeməyə daha çox meyli varsa və nəticədə hüzuri-qəlb ilə namaz qıla bilməzsə, yaxşı olar ki, əvvəl iftar edib sonra namazı, mümkün olan qədər fəzilətli vaxtında qılsın.