Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

ZƏKATIN MƏSRƏF OLUNMA YERLƏRİ

Məsələ: 1992.İnsan zəkatı 8 yerə məsrəf edə bilər:

1-Fəqirə; Fəqir–özünün və ailəsinin illik xərclərini tə”min edə bilməyən kəsdir. Amma öz illik xərclərini tə”min edə bilən sənəti, yaxud mülkü və ya sərmayəsi olan bir kəs fəqir deyil.

2-Miskinə; Miskin–vəriyyəti fəqirdən də ağır olan kəsdir.

3-İmam (əleyhis-salam)ın, yaxud onun naibinin tərəfindən zəkatı yığıb saxlamağa onun mühasibəsinə, onu İmam (əleyhis-salam)-a, yaxud onun naibinə və ya fəqirlərə çatdırmağa vəzifəli olan şəxsə; O zəhmət çəkdiyi qədər zəkatdan istifadə edə bilər.

4-Zəkat verilərsə İslam dininə yönələn, yaxud müharibədə müsəlmanlara kömək edən kafirlərə, həmçinin zəkat verilərsə imanları güclənən zəif imanlı müsəlmanlara;

5-Qulların alınıb azad olunmasına;

6-Öz borcunu verə bilməyən borclulara; (Bu şərtlə ki, o borcu günah işdə sərf etməmiş olsun.)

7-Allah yolunda; Yə”ni, məscid, mədrəsə tikmək, ümumi-dini mənfəəti olan işlər görmək, yaxud körpü tikilməsi, yolların tə”mir olunması kimi xeyri müsəlmanlara çatan və ümumiyyətlə İslam və müsəlmanların xeyrinə olan hər bir işə.

8-İbnüs-səbilə, (səfərdə pulu qurtarıb yolda qalan şəxs).

(Bunların hökmləri sonrakı məsələdə deyiləcək.)

Məsələ: 1993.Ehtiyat-vacib budur ki, fəqir və miskin zəkatdan özünün və əhli-əyalının illik xərclərindən artıq götürməsin. Əgər müəyyən miqdarda pul və yaxud malı varsa, bu halda illik xərclərinin çatmayan hissəsi qədər götürməlidir.

Məsələ: 1994.Əgər bir kəsin illik xərcləri qədər malı olsa və bu miqdar sərf etdikdən sonra yerdə qalanının illik xərclərinə çatıb-çatmayacağında şəkk etsə, zəkat ala bilməz.

Məsələ: 1995.Qazancı illik xərclərindən az olan sənətkar, yaxud mülk sahibi, yaxud tacir öz xərclərinin kəsiri üçün zəkat ala bilər və öz iş avadanlıqlarını, əmək alətini, mülkünü, yaxud sərmayəsini xərclərinə sərf etməsi lazım (ilzami) deyil.

Məsələ: 1996.Özünün və ailəsinin bir illik xərcini tə”min edə bilməyən bir fəqirin, öz mülkü olan bir evi varsa və orada oturubsa, yaxud minik heyvanı varsa, əgər bunlarsız yaşaya bilməzsə, hətta abırının hifz olunması üçün də olsa, zəkat ala bilər. Həmçinin, ehtiyacı olduğu ev əşyaları, qab-qacaq, qış və yay paltarları və sair şeyləri də bu qayda ilə. Əgər fəqir qeyd olunlara malik olmasa və onlara ehtiyacı olsa zəkatdan ala bilər.

Məsələ: 1997.Müəyyən peşəni, sənəti öyrənmək çətin olmayan bir fəqir ehtiyat-vacibə görə öyrənməli, zəkatla güzəranını tə”min etməməlidir. Amma nə qədər ki, öyrənməyə məşğuldur, zəkat ala bilər.

Məsələ: 1998.Əvvələr fəqir olan və “fəqirəm” deyən bir şəxsin sözündən xatircəmlik hasil olsa, ona zəkat vermək olar.

Məsələ: 1999.Əgər bir kəs “fəqirəm” desə və əvvələr fəqir olmasa, yaxud fəqir olub-olmaması mə”lum olmasa, bu halda onun sözündən xatircəmlik hasil olmazsa, ehtiyat-vacib budur ki, ona zəkat verilməsin.

Məsələ: 2000.Zəkat verməli olan bir kəsin fəqirdə borcu olsa, ona verməli olduğunu zəkatdan hesab edə bilər.

Məsələ: 2001.Əgər fəqir şəxs ölsə və onun malı borcuna çatmasa, insan, ona vermiş olduğu borcu zəkatdan hesab edə bilər. Hətta əgər onun malı borcu qədərində olsa, amma vərəsələri onun borcunu verməsə, yaxud başqa səbəblərə görə insan öz borcunu ondan ala bilməsə, bu halda ona verdiyi borcu zəkatdan hesab edə bilər.

Məsələ: 2002.İnsanın fəqirə zəkat kimi verdiyi şeyin zəkat olduğunu deməsi lazım (ilzami) deyil. Hətta əgər fəqir xəcalət çəksə müstəhəbdir ki, ona zəkat niyyəti ilə verib, amma zəkat olduğunu aşkar etməsin.

Məsələ: 2003.Əgər bir kəsin fəqir olduğuna inanaraq ona zəkat versələr və sonra fəqir olmadığı mə”lum olsa; yaxud məsələni bilməməzlik üzündən fəqir olmayan bir kəsə zəkat versələr, bu halda ona verilən şey qalırsa geri alıb müstəhəqqə verə bilər. Amma əgər aradan getmiş olsa, bu halda onu alan şəxs zəkat olduğunu bilib, yaxud ehtimal vermiş olsa, gərək əvəzini versin və müstəhəqqə çatdırılsın; yox əgər zəkatdan başqa ad ilə verilmiş olsa, ondan bir şey almaq olmaz. Əgər zəkat verən şəxs müstəhəqqi tanımaqda səhlənkarlıq etməyibsə (məsələn, aydın şər”i dəlillər onun fəqir olduğuna dəlalət edirdisə) yenidən öz malından zəkat verməsi lazım deyil.

Məsələ: 2004.Borclu olan və öz borcunu verə bilməyən şəxs, hətta illik xərclərini tə”min edə bildiyi halda da öz borcunu vermək üçün zəkat ala bilər. Amma gərək borc etdiyi malı mə”siyət yolunda xərcləməmiş olsun, yaxud mə”siyət üçün xərcləyibsə ondan tövbə etsin ki, bu halda fəqirlərin payından ona vermək olar.

Məsələ: 2005.Əgər insan borclu olan və borcunu verə bilməyən bir şəxsə zəkat verib sonradan borcunu mə”siyətdə xərclədiyini bilsə, bu halda o borclu şəxs fəqirdirsə, ona verilənləri zəkat hesab edə bilər. Amma əgər o mə”siyətdən tövbə etməmiş olsa, ehtiyat-vacibə görə ona veriləni zəkatdan hesab etməməlidir.

Məsələ: 2006.Borclu olan və öz borcunu verə bilməyən şəxs hətta fəqir olmasa da, insan, ona verdiyi borcu zəkatdan hesab edə bilər.

Məsələ: 2007.Pulu, xərci qurtaran, yaxud minik vasitəsi xarab olan bir müsafirin səfəri mə”siyət səfəri olmasa və borc etməklə, yaxud özündə olan bir şeyi satmaqla mənzilə çata bilməzsə, hətta öz vətənində fəqir olmasa da, zəkat ala bilər. Amma əgər başqa bir yerdə müəyyən qədər borc etmək, yaxud bir şey satmaqla səfər xərcini tə”min edə bilərsə, yalnız həmin yerə çatması üçün lazım olan qədər zəkat ala bilər.

Məsələ: 2008.Yolda qalan və zəkat götürən müsafir vətəninə çatandan sonra zəkatdan artıq qalsa, onu cameüş-şərait müctehidə verib zəkat olmasını deməlidir.