Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

FİTRƏ ZƏKATI

Məsələ: 2053.Fitr bir kəs bayramı gecəsinin qürubunda–hətta bir neçə an qalanda belə, baliğ, aqil, huşyar olsa, fəqir və bir kəsin qulu olmasa özü və onun çörək yeyənləri sayılan hər nəfər üçün buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s. kimi şeylərdən bir sa” (təqribən 3 kq) müstəhəqqə verməlidir. Əgər bunlardan hər hansının pulunu versə, kifayətdir.

Məsələ: 2054.Əgər bir kəs özünün və ailəsinin illik qazancını tə”min edə bilməsə və tə”min etmək üçün işi, qazancı, kəsb-ticarəti də olmasa fəqirdir və fitrə zəkatı ona vacib deyil.

Məsələ: 2055. Hər kəs Fitr bayramı gecəsində (məğrib vaxtı) onun çörək yeyənləri hesab olunan şəxslərin fitrə zəkatını verməlidir: istər böyük olsunlar, istərsə də kiçik; istər müsəlman olsunlar istərsə də kafir; istər onların xərcləri o şəxsə vacib olsun istərsə də olmasın; istər öz şəhərində olsun, istərsə də başqa şəhərdə.

Məsələ: 2056.Əgər insanın çörək yeyənləri başqa şəhərdə olsa və onu, öz malından fitrəsini verməyə vəkil etsə, bu halda fitrəsini verəcəyinə xatircəmdirsə, özü onun fitrəsini verməsi lazım deyil.

Məsələ: 2057.Fitr bayramı gecəsində qürubdan qabaq ev sahibinin razılığı ilə evə daxil olan və onun çörək yeyəni hesab olunan qonağın fitrəsi ev sahibinə vacibdir.

Məsələ: 2058.Fitr bayramı gecəsində məğribdən qabaq ev sahibinin razılığı olmadan evə daxil olan və bir müddət onun yanında qalan qonaq onun çörək yeyənlərindən hesab olunsa ehtiyata əsasən onun fitrəsi ev sahibinə vacibdir. Həmçinin, insanın xərcini verməyə məcbur etdiyi kəsin də fitrəsini verməlidir.

Məsələ: 2059.Fitr bayramı gecəsində məğribdən sonra gələn qonağın fitrəsi–hətta məğribdən qabaq onu də”vət etsə və onun evində iftar etsə də, ev sahibinə vacib deyil.

Məsələ: 2060.Əgər bir kəs Fitr bayramı gecəsi qürub zamanı dəli və ya bihuş olsa, ona fitrə zəkatı vacib deyil.

Məsələ: 2061.Əgər uşaq məğribdən qabaq həddi-büluğa çatsa, dəli ağıllansa, fəqir varlansa və fitrənin vacib olma şərtlərinə malik olsalar, fitrə zəkatı verməlidirlər.

Məsələ: 2062.Fitr bayramı gecəsi qürub vaxtı fitrə zəkatı vacib olmayan bir kəsdə, bayram günü zöhrə qədər fitrənin vacib olması şərtləri tapılsa, müstəhəbdir ki, fitrə zəkatı versin.

Məsələ: 2063.Fitr bayramı gecəsi məğribdən sonra müsəlman olan kafirə fitrə zəkatı vacib deyil. Amma şiə olmayan müsəlman ayı görəndən sonra şiə olsa, fitrə zəkatı verməlidir.

Məsələ: 2064.Əgər bir kəsin bir sa” (təqribən 3 kq) miqdarında buğda və bu kimi şeyləri olsa, müstəhəbdir ki, fitrə zəkatı versin. Əgər əhli-əyalının da fitrəsini vermək istəsə, fitrə niyyəti ilə o bir sa” buğdanı öz ailə üzvlərindən birinə verə bilər ki, o da həmin məqsədlə başqasına versin və bu qayda ilə axırıncı nəfərə kimi verə bilər. Daha yaxşı olar ki, axırıncı nəfər aldığı şeyi özlərindən olmayan bir kəsə versin. Əgər onlardan biri səğir olsa onun qəyyumu onun yerinə alsın ehtiyat-vacib budur ki, səğir üçün aldığını başqa kəsə verməsin.

Məsələ: 2065.Əgər Fitir bayramı gecəsində qürubdan sonra uşaq dünyaya gəlsə, yaxud bir kəs insanın çörək yeyənlərindən hesab olunsa, onun fitrəsini vermək vacib deyil. Amma müstəhəbdir ki, bayram gecəsi qürubdan, bayram günü zöhrə qədər onun çörək yeyənləri hesab olunanların fitrə zəkatını versin.

Məsələ: 2066. Bir kəsin çörək yeyəni, qürubdan əvvəl başqa kəsin çörək yeyəni olsa, onun fitrəsi çörəyini yediyi şəxsə vacibdir. Məsələn, əgər qız qürubdan qabaq ər evinə göçsə, əri onun fitrəsini verməlidir.

Məsələ: 2067.Fitrəsini başqası verməli olan bir kəsin öz fitrəsini verməsi vacib deyil.

Məsələ: 2068.Əgər insanın fitrəsi başqasına vacib olsa və o, fitrəni verməsə, insanın özünə vacib olmaz.

Məsələ: 2069.Fitrəsi başqasına vacib olan bir kəsin özü fitrəni versə, fitrənin vacib olduğu şəxsdən saqit olmur. Amma əgər onun icazəsi ilə versə, saqit olar.

Məsələ: 2070.Xərclərini əri verməyən bir qadın, başqa bir kəsin çörək yeyəni olsa, fitrəsi həmin şəxsə vacibdir. Əgər başqa kəsin çörək yeyəni deyildirsə, fəqir olmadığı halda öz fitrəsini verməlidir.

Məsələ: 2071.Seyyid olmayan bir kəs seyyidə fitrə verə bilməz. Hətta əgər bir seyyid onun çörək yeyəni olsa da, onun fitrəsini başqa bir seyyidə verə bilməz.

Məsələ: 2072.Anasından, yaxud dayəsindən süd əmən uşağın fitrəsi, ananın və ya dayənin xərclərini verən şəxsin öhdəsinədir. Amma ana, yaxud dayə öz xərclərini uşağın malından götürsə, uşağın fitrəsi heç kəsə vacib deyil.

Məsələ: 2073.Əgər insan bir kəsi əcir edib onun xərclərini verməsini (xidmətçi kimi) şərt etsə, bu halda öz şərtinə əməl etsə və onun çörək yeyəni hesab edilsə, onun da fitrəsini verməlidir. Amma onun xərclərinin bir miqdarını verməyi şərt etsə (məsələn, başqa xərcləri üçün pul versə) onun fitrəsini verməsi vacib deyil. Məsələn, zavodlarda, mehmanxanalarda işləyən və adətən öz yeməklərini orada yeyən fəhlələrin, fitrəsi sahibkarlara deyil, özlərinə vacibdir.

Məsələ: 2074.Əgər bir kəs Fitir bayramı gecəsi qürubdan sonra ölsə, onun özünün və ailə üzvlərinin fitrəsini onun malından verməlidirlər. Amma əgər qürubdan qabaq ölsə, özünü və ailə üzvlərinin fitrəsini onun malından vermək vacib deyil.

Məsələ: 2075.Əgər fitrə zəkatını, əvvəldə (malın zəkatında) deyilən 8 yerdən birinə işlətsələr, kifayətdir. Amma ehtiyata müstəhəb budur ki, yalnız fəqir şiələrə versinlər.

Məsələ: 2076.Əgər şiə bir uşaq fəqir olsa, insan fitrəni ona da xərcləyə bilər, onun qəyyumuna verməklə uşağın mülkünə də keçirə bilər.

Məsələ: 2077. Fitrə verilən fəqirin adil olması lazım (ilzami) deyil. Amma ehtiyat-vacib budur ki, şərab içənə və aşkar mə”siyət edənə fitrə verilməsin.

Məsələ: 2078.Fitrəni mə”siyət yolunda işlədən bir kəsə fitrə verilməməlidir.

Məsələ: 2079.Ehtiyat-vacib budur ki, bir fəqirə, onun bir illik xərclərindən çox və bir sa”dan az fitrə verilməsin.

Məsələ: 2080.Əgər qiyməti adi haldakı qiymətindən iki qat artıq olan bir şeydən (məsələn, adi undan iki qat baha olan ə”la növ undan) yarım sa” verilsə kifayət deyildir. Əgər onu, fitrənin qiyməti məqsədilə də versələr işkalı vardır.

Məsələ: 2081.İnsan sa” ölçüsünün yarısını bir maldan (məsələn, buğdadan) yarısını isə başqa şeydən (məsələn, arpadan) verə bilməz. Əgər onu fitrə məqsədilə də versə işkalı vardır.

Məsələ: 2082.Müstəhəbdir ki, insan zəkat fitrəsini verəndə qohum fəqirləri başqalarından qabağa salsın, sonrakı mərhələdə fəqir qonşularına, sonra isə fəqir elm əhlinə versin. Amma əgər başqaları müəyyən cəhətə görə üstün olsalar, müstəhəbdir ki, onları qabağa salsın.

Məsələ: 2083.Əgər bir kəsin fəqir olmasına inanıb ona fitrə versələr və sonra fəqir olmadığı mə”lum olsa, yaxud məsələni bilməməzlik üzündən fəqir olmayan bir kəsə fitrə versələr, bu halda ona verilən mal aradan getməmiş olsa, geri alıb müstəhəqqə verə bilərlər. Əgər aradan getmiş olsa, bu halda onu alan kəs fitrə olduğunu bilsə və ya ehtimal versə, onun əvəzini qaytarmalıdır ki, müstəhəqqə verilsin. Amma əgər (fitrədən) başqa adla verilibsə, ondan bir şey almaq olmaz. Əgər müstəhəqqin ayırd edilməsində səhlənkarlıq etməsə (məsələn, şər”i dəlillər fəqir olmasına şəhadət versə) yenidən öz malının fitrəsini verməsi lazım deyil.

Məsələ: 2084.Əgər bir kəs “fəqirəm” desə, ona fitrə vermək olmaz. Amma əgər onun fəqir olmasına xatircəmlik hasil olsa, yaxud əvvəllər fəqir olması mə”lum olsa, ona fitrə vermək olar.