Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

AL-VERİN (MÜAMİLƏ) HÖKMLƏRİ
AL-VERDƏ MÜSTƏHƏB OLAN ŞEYLƏR

Məsələ: 2112.Müamilə hökmlərini (ehtiyac duyulan qədər) öyrənmək lazımdır. Müstəhəbdir ki, satıcı, müştərilərin arasında öz malının qiymətinə fərq qoymasın. Malının qiymətində çox israr etməsin. Onunla müamilə edən şəxs peşman olub müamiləni pozmaq istəsə qəbul etsin (malı geri götürsün).

Məsələ: 2113.Əgər insan, etdiyi müamilənin səhih, yaxud batil olmasını bilməsə aldığı malda təsərrüf edə bilməz. Amma müamilə vaxtı onun hökmlərini bilib sonradan şəkkə düşsə, təsərüf etməsinin eybi yoxdur. Müamiləsi səhihdir.

Məsələ: 2114.Malı olmayan və müəyyən xərclər vacib olan bir kəsin ailəsinin xərcləri üçün kəsb-ticarət, qazanc etməsi vacibdir. Habelə müstəhəb işlər üçün (öz ailəsinin güzəranını yaxşılaşdırmaq, fəqirlərin əlindən tutmaq və s.) kəsb-ticarət etmək müstəhəbdir.

MƏKRUH MÜAMİLƏLƏR

Məsələ: 2115.Məkruh müamilələrin ümdəsi aşağıdakılardan ibarətdir: 1-Qul satmaq; 2-Qəssablıq (heyvan başı kəsmək); 3-Kəfən satmaq; 4-Alçaq adamlarla al-ver etmək; 5-Sübh azanından gün çıxana qədərki al-ver; 6-Öz işini buğda, arpa və s. kimi şeylərin al-veri qərar vermək; 7-Başqasının almaq istədiyi bir şeyi almlq üçün müamiləyə daxil olmaq.

HARAM MÜAMİLƏLƏR

Məsələ: 2116.Bir neçə yerdə müamilə batildir:

1-Nəcisin eyninin (spirtli (məst edici) içkilər, ov üçün olmayan itin, donuzun) al-veri; Amma halal yolda istifadə edilə bilən nəcasətin eyninin al-veri caizdir. Məsələn, qaiti gübrə etsələr, al-veri caizdir. Həmçinin bizim zəmanəmizdə yaralılara, xəstələrə nicat verilməsi üçün edilən qan al-veri caizdir.

2-Qəsbi malın al-veri; (Amma əgər onun sahibi müamiləyə icazə versə batil deyil.)

3-Maliyyatı, xeyri olmayan şeylərin (məsələn, yırtıcı heyvanların) al-veri;

4-Adi mənafeyi haram olan şeylərin (qumar və musiqi alətləri kimi) müamiləsi;

5-Riba (sələm) olan müamilə.

Müamiləyə bir şey qatmaq (“ğəşş”, yə”ni başqa şeylə qarışan malı satmaq)–əgər qatılan şey mə”lum olmasa satıcı da alıcıya deməsə (piy qatılmış yağ kimi) bu kimi əmələ “ğəşş” deyilir və haramdır. Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunub ki, buyurur: “Müsəlmanlarla müamilədə ğəşş edən, onlara zərər vuran, saxtakarlıq edən, yaxud hiylə edən kəs bizdən deyil. Hər kəs öz müsəlman qardaşı ilə ğəşş etsə, (al-verdə qatqı qatsa) qatqı qatsa Allah onun ruzisinin bərəkətini götürər, məişətinin, güzəranının yolunu bağlayar və onu öz başına buraxar.”

Məsələ: 2117.Suya çəkilməsi mümkün olan nəcis şeyi satmağın eybi yoxdur. Əgər müştəri o şeyi yemək üçün alsa, satıcı onun nəcis olmasını deməlidir. Amma əgər paltar kimi şeylər olsa, hətta müştəri onunla namaz qılacaqsa belə, deməsi lazım (ilzami) deyil. Çünki təharətdə paltar və bədənin zahirən təharətli olması kifayətdir.

Məsələ: 2118.Əgər suya çəkilməsi mümkün olmayan pak şeylər (yağ və neft kimi) nəcis olsa, nəcis yağı yemək üçün alıcıya versə, müamilə batil və bu iş haramdır. Amma əgər pak olması şərt olmayan işlər üçün satırsa (məsələn, nəcis nefti yandırmaq, yaxud nəcis yağdan sabun hazırlamaq istəyirsə) onu satmağın eybi yoxdur.

Məsələ: 2119.Qəbul edilən nəcis dava-dərmanların al-veri caizdir, amma nəcis olması müştəriyə deyilməlidir.

Məsələ: 2120.Qeyri-islami ölkələrdən gətirilən yağ, maye dava-dərman və ətirlərin nəcis olmaları mə”lum olmasa, al-verinin eybi yoxdur. Amma heyvan can verəndən sonra ondan alınan yağ, kafirlərin şəhərindən, kafirlərin əlindən alınsa və atıcı qanı olan heyvanlardan olsa, Şəriət göstərişlərinə müvafiq olaraq kəsilən heyvanlardan olması ehtimalı verilərsə, pak və al-verinin caiz olmasına baxmayaraq, yeyilməsi haramdır. Satıcı da onun keyfiyyətini müştəriyə deməlidir.

Məsələ: 2121.Əgər tülkünü, Şəriətdə müəyyən olunmuş qaydalara əsasən kəsməsələr, yaxud onun özü ölsə, dərisinin al-veri haram, müamilə isə batildir.

Məsələ: 2122. Qeyri-islami ölkələrdən gətirilən, yaxud kafirin əlindən alınan ət, piy və dərinin, başı Şəriət qanunlarına uyğun olaraq kəsilmiş heyvanlardan olması ehtimalı verilsə al-veri caizdir, amma onda (dəridə) namaz qılmaq caiz deyil.

Məsələ: 2123.Müsəlmanın əlindən alınmış ət, piy və dərinin al-verinin eybi yoxdur. Amma əgər insan, o müsəlmanın onları kafirin əlindən aldığını bilsə və Şəriətdə olan qaydalara əsasən kəsilən heyvanlardan olub-olmaması barədə təhqiqat aparmasa, onun al-veri halaldır, lakin o dəridə namaz qılmaq, o əti yemək caiz deyil.

Məsələ: 2124.Məstedici şeylərin al-veri haram, müamiləsi isə batildir.

Məsələ: 2125.Əgər bir kəs qəsbi malı satsa, bu halda sahibi onun müamiləsini rədd etsə, batildir. satıcı da alıcıdan aldığı pulu ona (sahibinə) qaytarmalıdır.

Məsələ: 2126.Əgər alıcının məqsədi malın pulunu verməmək olsa, müamilənin işkalı vardır.

Məsələ: 2127.Əgər alıcı malın pulunu, sonradan haram puldan vermək istəsə və elə əvvəldən də məqsədi bu olsa, müamilənin işkalı vardır. Amma əgər əvvəldən məqsədi bu olmasa, müamilə səhihdir, borclu olduğu miqdarı da halal maldan verməlidir.

Məsələ: 2128.Musiqi alətlərinin (tar, saz və s.) al-veri haramdır.

Məsələ: 2129.Əgər bir şeydən halal yolda istifadəsi mümkün olan halda haram yolda istifadə məqsədi ilə (məsələn, üzümü, şərab hazırlanması üçün) satsalar onun müamiləsi haram və ehtiyata əsasən batildir.

Məsələ: 2130.Heykəl və üstündə heykəl olan sair şeylərin al-verinin eybi yoxdur.

Məsələ: 2131.Qumar, oğurluq, yaxud batil müamilədən əldə olunan şeyin al-veri batil, onda təsərrüf etmək haramdır. Əgər bir kəs onu alsa, əsl sahibinə qaytarmalıdır.

Məsələ: 2132.Əgər bir kəs yağa piy qatıb satsa və onun miqdarını da müəyyən etsə (məsələn, “mən” yağ satıram desə) müştəri müamiləni poza bilər. Amma əgər onu müəyyən etməsə əksinə bir “mən” yağ satsa və sonra piy qarışmış yağ versə müştəri o yağı geri qaytarıb xalis yağ tələb edə bilər.

Məsələ: 2133. Əgər çəki, yaxud peymanə ilə satılan malın müəyyən miqdarını, həmin cinsdən olan artıq miqdara satsalar (məsələn, bir “mən” buğdanı bir yarım “mən” buğdaya satsalar) sələm və haramdır. Bir dirhəm sələmin günahı insanın öz məhrəmi ilə (ana, bacı və s.) 70 dəfə zina etməsi günahından daha böyükdür. Hətta əgər iki maldan biri sağlam, digəri isə eybli olsa, yaxud birinin cinsi yaxşı, digərininki isə pis olsa, yaxud iki şeyin bir-birindən qiymət fərqi olsa, verdiyindən artıq miqdarda alsa, yenə də riba və haramdır. Deməli əgər, sağlam mis qab verib əvəzində onun miqdarından artıq sınıq mis alsa; sədr düyüsü verib ondan artıq başqa növ düyü alsa; e”mal olunmuş qızıl verib ondan artıq e”mal olunmamış qızıl alsa, riba və haramdır.

Məsələ: 2134.Əgər artıq aldığı şey satdığının cinsindən başqa olsa (məsələn, bir “mən” buğdanı bir “mən” buğda və üstəgəl bir riyal pula satsa) yenə də riba və haramdır. Hətta əgər üstündə bir şey almasa, amma alıcının müəyyən bir iş görməsini şərt etsə, yenə də riba və haramdır.

Məsələ: 2135.Əgər az miqdar verən şəxs müəyyən bir şey əlavə etsə (məsələn, bir “mən” buğda ilə bir dəsmalı 1,5 “mən” buğdaya satsa) əgər az miqdar qiymətdə onunla eyni cinsdən olanın çox miqdarla bərabər olsa və az miqdarı verən şəxs onu satmaqdan xilas olmaq üçün həmcinsindən artığı üçün bir şey əlavə etsə məsələn, bir “mən” ə”la növ buğda və bir dəsmalı 1,5 “mən” orta növ buğdaya satsa) eybi yoxdur. Həmçinin əgər hər iki tərəf müəyyən bir şeyi artırsalar (bir “mən” buğda və bir dəsmalı 1,5 “mən” buğda və bir dəsmala satsa) eyni qayda ilə.

Məsələ: 2136.Əgər zira, yaxud metrlə ölçülən (parça kimi), yaxud say ilə müamilə olunan (qoz və yumurta kimi) bir şeyi satıb əvəzində artıq alsa (məsələn, 10 ədəd yumurta verib 11 ədəd alsa) eybi yoxdur. Əgər 10 ədəd yumurtanı 11 yumurtaya zimməsində satsa, aralarında imtiyaz, fərq olması lazım (ilzami) deyil. Çünki, al-ver gerçəkləşir. Məsələn, 10 ədəd böyük yumurtanı 11 ədəd orta həddə olan yumurtaya zimməsində sata bilər. Əskinasların al-veri də elə bu qəbildəndir. Yə”ni nəqd əskinası ondan artığına, müddətlə sata bilər. Məsələn, 1000 tümən nəqd pulu, altı aydan sonra alsın deyə, 1200 tümənə satsa. Həmçinin, əskinasların əskinasa, yaxud əskinasın dollara və ya xarici pullara satmağın, yaxud (bankların, sərrafların, yaxud ayrı-ayrı şəxslərin vasitəsilə) xırdalamağın eybi yoxdur. Amma ribalı (sələmli) borc haramdır.

Məsələ: 2137.Bə”zi şəhərlərdə çəki və ya peymanə ilə, bə”zi şəhərlərdə isə say ilə al-ver olunan şeyi çəki və peymanə ilə satılan şəhərdə çox alsalar riba və haramdır, o biri şəhərdə isə haram deyil.

Məsələ: 2138.Əgər satdığı və əvəzində aldığı şey eyni növdən olmasa, artıq almağın eybi yoxdur. Deməli, bir “mən” düyü satıb iki “mən” buğda alsa, müamilə səhihdir.

Məsələ: 2139.Əgər satdığı və əvəzində aldığı mal eyni şeydən hazırlanmış olsa gərək müamilədə artıq almasın. Məsələn, bir “mən” yağ satıb əvəzində bir yarım “mən” pendir alsa, riba və haramdır. Həmçinin əgər, yetişmiş meyvəni kal meyvə ilə müamilə etsə artıq ala bilməz.

Məsələ: 2140.Buğda və arpa riba məsələsində bir növdən hesab olunur. Deməli, bir “mən” buğda verib 1,5 “mən” arpa alsa riba və haramdır. Həmçinin əgər on “mən” arpa alıb müqabilində xərmən vaxtı on “mən” buğda vermək istəsə, arpanı nəqd aldığına və bir müddətdən sonra buğdanı vermək istədiyinə görə artıq almaq kimidir və haramdır.

Məsələ: 2141.Əgər müsəlman bir şəxs İslamın pənahında olmayan kafirdən riba alsa eybi yoxdur. Həmçinin, ata-oğul, ər-arvad bir-birindən riba ala bilərlər.

SATICININ VƏ ALICININ ŞƏRTLƏRİ

Məsələ: 2142.Satıcı və alıcı üçün altı şərt vardır:

1-Baliğ olsunlar; 2-Aqil olsunlar; 3-Cameüş-şərait müctehid onları öz mallarında, əmlakında təsərrüf etmələrini qadağan etməmiş olsun; 4-Al-ver niyyətləri olsun (deməli əgər misal üçün, zarafatyana “öz malımı satdım” desə müamilə batildir); 5-Bir kəs onları al-verə məcbur etməsin; 6-Verdiyi mal, yaxud əvəz özünün malı olsun, yaxud səğir uşağın atası, babası kimi malının ixtiyarı onların əlində olsun. (Bunların hökmləri sonrakı məsələlərdə gələcək.)

Məsələ: 2143.Həddi-büluğa çatmamış uşaqla edilən müamilə, hətta atası və ya babası müamilədə ona icazə vermiş olsa da batildir. Amma əgər uşaq müməyyiz olsa və uşaqlar üçün adi olan az qiymətli şeyləri müamilə etsə, eybi yoxdur. Həmçinin əgər uşaq pulu satıcıya, malı alıcıya çatdırmaq üçün vasitə olsa, yaxud malı alıcıya versə və pulunu da satıcıya çatdırsa (əslində iki nəfər həddi-büluğa çatan şəxs müamilə etdiyi üçün) müamilə səhihdir. Amma satıcı və alıcının malın pulunu və ya özünü onun sahibinə çatdıracaqlarına yəqini olmalıdır.

Məsələ: 2144. Əgər bir kəs həddi-büluğa çatmamış uşaqdan bir şey alsa, yaxud ona bir şey satsa, ondan aldığı pulu, yaxud malı sahibinə verməli, yaxud, sahibindən razılıq istəməlidir. Əgər onun sahibini tanımırsa və tanıması üçün vasitə yoxdursa uşaqdan aldığı şeyi onun sahibinin tərəfindən məzalim verməlidir. Amma əgər aldığı şey səğirin öz malı olsa onu qəyyumuna çatdırmalıdır. Əgər onu tapmasa cameüş-şərait müctehidə verməlidir.

Məsələ: 2145.Əgər bir kəs həddi-büluğa çatmamış uşaqla müamilə etsə və uşağa verdiyi pul, yaxud mal aradan getsə uşaqdan, yaxud onun qəyyumundan tələb edə bilməz.

Məsələ: 2146.Əgər satıcını və ya alıcını müamiləyə məcbur etsələr, bu halda müamilədən sonra razılıqlarını bildirib “razıyıq” desələr, müamilə səhihdir. Amma ehtiyat-müstəhəb budur ki, yenidən müamilə siyğəsini oxusunlar.

Məsələ: 2147.Əgər insan bir kəsin malını, sahibinin icazəsi olmadan satsa və (sonradan) sahibi razı olmasa, icazə də verməsə, müamilə batildir.

Məsələ: 2148.Uşağın atası və (ata tərəfdən olan) babası onun malını o vaxt sata bilər ki, onun üçün məfsədəsi (zərəri) olmasın. Üstəlik daha yaxşı olar ki, nə qədər ki, xeyri, məsləhəti yoxdur, satmasınlar. Amma atanın və ata tərəfdən olan babasının vəsisi (canişini) və cameüş-şərait müctehid uşağın malını o vaxt sata bilərlər ki, uşağın məsləhəti, xeyri onda olsun.

Məsələ: 2149.Əgər bir kəs bir malı qəsb edib satsa və sonradan malın sahibi müamiləni, özü üçün icazə versə müamilə səhihdir. Ehtiyat-vacib budur ki, müştəri və malın sahibi mal və onun əvəzi olan mənfəətdə bir-biri ilə razılaşsınlar.

Məsələ: 2150.Əgər bir kəs bir malı qəsb edib satsa, məqsədi də o pulu özünə götürmək olsa, bu halda malın sahibi müamiləyə icazə verməsə batildir. Əgər malı qəsb edən kəs üçün də icazə versə, müamilənin səhihliyində işkal var. Zahir budur ki, pul malikin özünə qayıdır.