Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

SÜDVERMƏNİN HÖKMLƏRİ

Məsələ: 2532.Əgər bir qadın, 2542-ci məsələdə deyiləcək şərtlər daxilində bir uşağa süd versə, o uşaq aşağıdakı şəxslərə məhrəm olur:

1-O qadının özünə (ona süd anası deyilir);

2-Qadının əri (süd ona məxsusdur və ona da süd atası deyilir);

3-O qadının atası və anasına–nə qədər yuxarı getsələr də; (hətta onun süd anası və süd atası da olsa.)

4-O qadından dünyaya gələn, yaxud dünyaya gələcək uşaqlara;

5-O qadının övladlarının uşaqları; nə qədər aşağı getsə də; istər onun övladından dünyaya gəlsin, istərsə də onun övladı o uşaqlara süd vermiş olsun;

6-O qadının bacı və qardaşına, hətta süd bacısı və süd qardaşı da olsa; (Yə”ni süd əmizdirilməsi səbəbilə o qadınla bacı-qardaş olmuşlarsa da.)

7-O qadının əmisi və bibisinə, hətta süd əmisi və ya süd bibisi də olsa;

8-O qadının xalası və dayısına, Hətta süd dayısı və süd xalası da olsa;

9-O qadının ərinin övladlarına, (süd o ərin malıdır), nə qədər aşağı getsə, hətta onun süd övladları da olsa;

10-O qadının ərinin ata-anasına, nə qədər yuxarı getsə də;

11-Ərinin qardaşı və bacısına, hətta süd qardaşı və süd bacısı da olsa;

12-Ərinin əmisi, bibisi, dayısı və xalasına, nə qədər yuxarı getsələr də, hətta südvermə yolu ilə də olsalar. Həmçinin sonrakı məsələlərdə deyiləcəyi kimi, bundan başqa bir neçə nəfər də südvermə yolu ilə məhrəm olurlar.

Məsələ: 2533. Əgər bir qadın, 2542-ci məsələdə deyiləcək şərtlərə əsasən, bir uşağa süd versə o uşağın atası, o qadından dünyaya gələn qızlarla evlənə bilməz. Həmçinin, (südə sahib olan) ərin qızlarını da ala bilməz. Hətta ehtiyat-vacib budur ki, onun süd qızlarını da öz əqdinə keçirtməsin. Amma o qadının süd qızları ilə evlənməsi caizdir. Lakin ehtiyat-müstəhəb budur ki, onlarla da evlənməsin, onlara məhrəm baxışları ilə (yə”ni, insanın öz məhrəmlərinə etdiyi baxışlarla) baxmasın.

Məsələ: 2534.Əgər bir qadın 2542-ci məsələdə deyiləcək şərtlərlə uşağa süd versə o qadının əri (süd ona məxsusdur) o uşağın bacılarına məhrəm olmur, ancaq ehtiyat-müstəhəb budur ki, onlarla evlənməsin. Həmçinin ərin qohumları da o uşağın bacı və qardaşları ilə məhrəm olmur.

Məsələ: 2535.Əgər qadın bir uşağa süd versə o uşağın qardaşlarına məhrəm olmur. Həmçinin o qadının qohumları da süd verdiyi uşağın bacı-qardaşlarına məhrəm olmurlar.

Məsələ: 2536.Əgər bir kəs bir qıza kamil süd verən qadınla evlənib yaxınlıq etsə, o qızı öz əqdinə keçirdə bilməz.

Məsələ: 2537.Əgər insan bir qızla evlənsə, o qıza kamil süd verən qadınla evlənə bilməz.

Məsələ: 2538.İnsan anasının, yaxud nənəsinin kamil süd verdiyi qız ilə evlənə bilməz. Həmçinin əgər insanın atasının (başqa) arvadı onun atasına məxsus olan süddən bir qıza süd versə o şəxs həmin qızla evlənə bilməz. Əgər südəmər bir qızı öz əqdinə keçirtsə və sonra anası, nənəsi atasının arvadı, yaxud həmin ataya məxsus olan süddən o qıza süd versə əqd batil olur.

Məsələ: 2539.İnsanın bacısı, yaxud qardaşının arvadının (qardaşına məxsus olan) kamil süd verdiyi qızla evlənə bilməz. İnsanın bacısının, yaxud qardaşının övladı, yaxud bacısının nəvəsi və ya qardaşının nəvəsi süd versə də həmin qayda ilə.

Məsələ: 2540.Əgər bir qadın öz qızının uşağına (nəvəsinə) süd versə o qız öz ərinə haram olur. Həmçinin əgər bir qadın qızının ərinin, başqa qadından olan uşağına süd versə (haram olur). Amma əgər qadın öz oğlunun uşağına süd versə, o uşağın anası ərinə haram olmur.

Məsələ: 2541.Əgər bir qızın atasının arvadı, o qızın ərinin uşağına (atasına məxsus olan) süd versə o qız öz ərinə haram olur. İstər uşaq o qızdan olsun, istərsə də ərinin başqa arvadından olsa.

MƏHRƏMLİYƏ SƏBƏB OLAN SÜDVERMƏNİN ŞƏRTLƏRİ

Məsələ: 2542.Məhrəm olmağa səbəb olan südvermənin 9 şərti var:

1-Uşaq diri qadının döşündən süd əmsin; Deməli ölmüş qadının döşündən süd əmsə, faydası yoxdur (məhrəmlik yaratmır).

2-O qadının südü haramdan olmasın; Deməli zinadan dünyaya gələn uşağın südünü başqa uşağa versələr uşaq o süd vasitəsilə heç kəsə məhrəm olmur.

3-Süd doğumdan olsun; Deməli uşaq doğulmamışdan qadının döşündən süd gəlsə və bir uşaq o südü əmsə, məhrəmliyə səbəb olmur.

4-Uşaq südü qadının döşündən əmsin; Deməli südü uşağın boğazına töksələr, məhrəmliyə səbəb olmur.

5-Süd xalis olub başqa şeylərlə qarışmasın;

6-Süd bir ərdən olsun; Deməli süd verən qadına təlaq versələr sonradan başqa ərə gedib ondan hamilə olsa, doğuş vaxtına qədər döşündə birinci ərindən süd qalsa və ya misal üçün, 8 dəfə doğuşdan qabaq birinci ərinə məxsus olan süddən və doğandan sonra isə 7 dəfə ikinci ərinə məxsus olan süddən uşağa versələr, o uşaq heç kəsə məhrəm olmur.

7-Uşaq xəstəlik səbəbilə əmdiyi südü qaytarmasın. Əgər qaytararsa ehtiyat-vacibə görə gərək süd əmmək vasitəsilə o uşağa məhrəm olacaq kəslər onunla evlənməsinlər və məhrəm baxışlarla baxmasınlar.

8-15 dəfə, yaxud bir gün (24 saat) ərzində, sonrakı məsələdə deyiləcəyi kimi doyunca süd əmsin, yaxud onu o qədər əmizdirsinlər ki, “o südlə sümüyü möhkəmlənmişdir, bədənində ət əmələ gəlmişdir” desinlər. Hətta əgər 10 dəfə də ona süd versələr və onların arasında heç fasilə (hətta yemək verilməklə də) düşməsə, ehtiyat-vacib budur ki, ona süd vasitəsilə məhrəm olan kəslər onunla evlənməsinlər, ona məhrəm baxışlarla baxmasınlar.

9-Uşağın iki yaşı tamam olmamış olsun; Deməli, iki yaşı tamam olandan sonra ona süd versələr, heç kəsə məhrəm olmur. Hətta əgər misal üçün, iki il tamam olmamışdan qabaq 8 dəfə, tamam olandan sonra isə 7 dəfə süd əmsə heç kəsə məhrəm olmur. Amma əgər süd verən qadının doğuşundan iki ildən artıq keçmiş olsa və onun südü hələ də qalmış olsa, bir uşağa süd versə, ehtiyat-vacib budur ki, onunla evlənməyi, məhrəmiyyət rəftarını tərk etsinlər.

Məsələ: 2543.Gərək uşaq bir gecə-gündüz əsnasında başqa yemək yeməsin, yaxud başqa kəsdən süd əmməsin. Amma əgər az miqdarda yemək yesə və “arada yemək yeyibdir” deyilməsə, eybi yoxdur. Həmçinin gərək 15 dəfəni bir qadının döşündən əmsin və bu əsnada başqa kəsin südünü əmməsin. Hər dəfə də zaman fasiləsi olmadan süd əmsin. Amma əgər süd əmdiyi vaxt əsnasında yenidən nəfəs çəksə, yaxud bir az gözləsə və birinci dəfə döşü ağzına aldığı vaxtdan doyduğu vaxta qədər bir dəfə hesab olunsa, eybi yoxdur. Və 10 dəfə süd əmsə, ehtiyat-vacibə görə qeyd olunan şərtlərə riayət olunmalıdır.

Məsələ: 2544. Əgər qadın öz ərinə məxsus olan süddən bir uşağa süd verib sonra başqa ərə getsə və ikinci ərinə məxsus olan süddən başqa uşağa süd versə o iki uşaq bir-birinə məhrəm olmurlar. Amma daha yaxşı olar ki, bir-biri ilə evlənməsin, bir-birinə məhrəm baxışı ilə baxmasınlar.

Məsələ: 2545.Əgər qadın ərinə məxsus olan süddən bir neçə uşağa süd versə onların hamısı bir-birinə, ərinə və (onlara süd verən) qadına məhrəm olurlar.

Məsələ: 2546.Əgər bir kəsin bir neçə arvadı olsa və onların hər biri deyilən şərtlərlə bir uşağa süd versələr, o uşaqların hamısı bir-birinə, o kişiyə və o qadınlara məhrəm olurlar.

Məsələ: 2547.Əgər bir kişinin iki südlü qadını olsa və onlardan biri bir uşağa 8 dəfə, digəri isə 7 dəfə süd versə o uşaq heç kəsə məhrəm olmur.

Məsələ: 2548.Əgər bir qadın ərinə məxsus olan süddən bir oğlan və bir qıza kamil süd versə onlar bir-birinə məhrəm olurlar. Amma o qızın bacı-qardaşları oğlanın bacı-qardaşlarına məhrəm olmurlar.

Məsələ: 2549.Bir kəs öz arvadının icazəsi olmadan, süd vasitəsilə onun arvadının bacısı uşaqları, yaxud qardaşı uşaqları olan qadınlarla evlənə bilməz. Həmçinin əgər bir oğlanla livat etsə, ehtiyat-vacibə görə, o oğlanın süd əmməsi ilə qızı, bacısı, anası və nənəsi olan şəxslərlə evlənə bilməz.

Məsələ: 2550.Bir kəsin qardaşına süd verən qadın həmin şəxsə məhrəm olmur. Amma ehtiyat-müstəhəb budur ki, onunla evlənməsin.

Məsələ: 2551.İnsan iki bacı ilə–hətta süd bacısı olsalar da, evlənə bilməz. Əgər iki qadını əqd edib sonradan bacı olduqlarını başa düşsə, bu halda onların əqdi eyni zamanda olubsa, hər ikisi batildir. Əks halda, birincisi səhih, sonrakı isə batildir.

Məsələ: 2552.Əgər qadın ərinə məxsus olan süddən aşağıdakı şəxslərə süd versə əri ona haram olmur (ancaq daha yaxşı olar ki, bu işi etməsin):

1-Öz bacısı və qardaşına;

2-Öz əmisi, bibisi, dayısı və xalasına;

3-Əmisinin və dayısının övladlarına;

4-Öz qardaşının övladlarına;

5-Ərinin qardaşına, yaxud ərinin bacısına;

6-Öz bacısının uşaqlarına, yaxud ərinin bacısının uşaqlarına;

7-Ərinin əmisi, bibisi, dayısı və xalasına;

8-Ərinin başqa arvaddan olan nəvəsinə;

Məsələ: 2553.Əgər bir kəs insanın bibisinin və ya xalasının qızına süd versə, həmin şəxsə məhrəm olmur. Amma ehtiyat-müstəhəb budur ki, onunla evlənməsin.

Məsələ: 2554.Bir kişinin iki arvadı olsa və onlardan biri o biri qadının əmisi uşağına süd versə, onun əmi övladlarına süd verən qadın öz ərinə haram olmur.

SÜDVERMƏNİN QAYDALARI

Məsələ: 2555.Uşağa süd vermək üçün hamıdan yaxşı anasıdır. Yaxşı olar ki, ana uşağa süd vermək üçün ərindən muzd almasın, amma yaxşı olar ki, əri muzd versin. Əgər uşağın anası dayədən artıq muzd almaq istəsə, əri uşağı ondan alıb dayəyə verə bilər.

Məsələ: 2556.Müstəhəbdir ki, uşaq üçün tutulan dayə 12 İmam şiəsi, ağıllı, iffətli, üzü gözəl olsun; məkruhdur ki, ağılsız, 12 İmama inanmayan, bədsurət, bədəxlaq, zinazadə olsun. Həmçinin zinadan hamilə olan və südü də zinadan olan qadını dayə kimi götürmək məkruhdur.

SÜDVERMƏNİN MÜXTƏLİF MƏSƏLƏLƏRİ

Məsələ: 2557.Müstəhəbdir ki, qadınların hər uşağa süd verməsinin qarşısı alınsın. Çünki ola bilsin ki, hansı uşağa süd verməsini unudub sonradan bir-birinə məhrəm olan iki nəfəri evləndirsinlər.

Məsələ: 2558.Müstəhəbdir ki, süd vasitəsilə qohum olan şəxslər bir-birinə ehtiram qoysunlar. Amma bir-birindən irs aparmırlar və insanın öz qohumlarına qarşı olan (xüsusi) qohumluq haqqı onlar üçün yoxdur.

Məsələ: 2559.Mümkün olan halda müstəhəbdir ki, uşağa iki il tamam süd verilsin.

Məsələ: 2560.Əgər südvermə vasitəsilə ərin haqqı aradan getməzsə, qadın ərinin icazəsi olmadan başqasının uşağına süd verə bilər. Amma südvermə ilə ərinə haram olmasına səbəb olan şəxslərə süd verməsi caiz deyil. Məsələn, əgər onun əri südəmər qız uşağını özü üçün əqd etmiş olsa, qadın o uşağa süd verməməlidir. Əks halda, o qadının özü ərinin arvadının anası (qaynanası) olur və ərinə haram olur.

Məsələ: 2561.Əgər bir kəs qardaşının arvadının ona məhrəm olmasını istəyərsə, bu halda gərək bir südəmər qız uşağını iki günlük özünə siyğə etsin və o iki gündə, 2542-ci məsələdə deyildiyi şərtlərə uyğun olaraq qardaşının arvadı o qıza süd versin. Bu halda qızın əqdi batil, ona məhrəm və əbədi haram olur, qardaşının arvadı isə ona məhrəm olur.

Məsələ: 2562.Əgər kişi bir qadını özünə əqd etməmişdən süd vasitəsilə o qadının ona haram olduğunu (məsələn, onun anasından süd əmdiyini) desə, bu halda onun sözünü təsdiq etmək mümkün olsa, o qadınla evlənə bilməz. Əgər əqddən sonra desə və qadın da onun sözünü qəbul etsə, əqd batildir. Kişi onunla yaxınlıq etməmiş olsa, yaxud yaxınlıq etsə, amma yaxınlıq edən vaxt qadın o kişiyə haram olduğunu bilsə, mehriyyəsi yoxdur. Əgər yaxınlıq etdikdən sonra kişinin ona haram olduğunu başa düşsə, kişi onun mehriyyəsini, onun misli olan qadınların mehriyyəsinə müvafiq olaraq verməlidir.

Məsələ: 2563.Əgər qadın əqddən qabaq süd əmmək vasitəsi ilə bir kişiyə haram olduğunu desə, bu halda onun sözünü təsdiq etmək mümkün olsa o kişi ilə evlənə bilməz. Əgər əqddən sonra desə kişinin əqddən sonra qadının ona haram olmasını deməsi kimidir ki, bunun hökmü keçən məsələdə deyilib.

Məsələ: 2564.Məhrəm olmağa səbəb olan südvermə iki yolla isbat olunur.

1-Sözlərindən yəqin və ya xatircəmlik hasil olan şəxslərin xəbər verməsi;

2-İki adil kişinin, yaxud hamısı adil olan bir kişi və iki qadının və ya dörd qadının şəhadət verməsi. Amma gərək südvermənin şəraitini də desinlər. Məsələn desinlər ki: “biz gördük ki, filan uşaq 24 saat ərzində filan qadının döşündən süd əmdi, arada da başqa şey yemədi.” Həmçinin 2542-ci məsələdə deyilən sair şərtləri də şərh etsinlər. Amma əgər şərtləri bilib, amma əqidələrində bir-birinə müxalif olmamaları və kişi və qadınla da əqidədə müxalifətləri olmaması mə”lum olsa şərtləri şərh etmələri lazım deyil.

Məsələ: 2565.Əgər uşağın məhrəmliyə səbəb olacağı qədər süd əmib-əmməməsində şəkk etsələr, yaxud o miqdarda süd əmməsini güman etsələr, uşaq heç kəsə məhrəm olmur. Amma yaxşı olar ki, ehtiyat etsinlər.