Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

HEYVANLARIN BAŞININ KƏSİLMƏSİ VƏ ŞİKAR EDİLMƏSİNİN HÖKMLƏRİ

Məsələ: 2651.Əgər əti halal olan heyvanın başını, sonradan deyiləcək göstərişlərə əsasən kəssələr–istər vəhşi olsun istərsə də əhli, can verdikdən sonra əti halal, bədəni pak olur. Amma əgər nəcasət yeyən heyvanın başını, Şəriətdə müəyyən olunan göstərişlərə əsasən istibra etmədən kəssələr, əti halal deyil. İnsanın vəty (yaxınlıq) etdiyi heyvanın və onun balasının əti haramdır.

Məsələ: 2652.Əti halal olan vəhşi heyvanların (ahu, kəklik, dağ keçisi və s.) və əti halal olub sonradan vəhşiləşən əhli heyvanların (fərar edib vəhşi olan ev inəyi və dəvə kimi) başının kəsilməsi asanlıqla müyəssər olmadığından, sonradan deyiləcək göstərişlərə əsasən şikar etsələr pak və halal olur. Amma asanlıqla başını kəsmək mümkün olan qoyun, ev toyuğu və s. kimi əti halal əhli heyvanları, habelə tə”lim verilməklə əhilləşdirilən əti halal vəhşi heyvanları şikar etsələr, pak və halal olmur.

Məsələ: 2653.Əti halal olan vəhşi heyvan o vaxt şikarla pak və halal olur ki, qaça və ya uça bilsin. Deməli ahunun qaça bilməyən, kəkliyin uça bilməyən balası şikar edilməklə pak və halal olmur. Əgər ahu və onun qaça bilməyən balası bir güllə ilə şikar olunsa, ahu halal, balası haram olur.

Məsələ: 2654.Əti halal, amma atıcı qanı olmayan heyvan məsələn, balıq öz-özünə suda ölsə, yaxud balıq ovunda deyilən Şəriət göstərişindən başqa yolla öldürülsə, pakdır, ancaq ətini yemək olmaz.

Məsələ: 2655. Atıcı qanı olmayan haram ətli heyvan (ilan kimi) başı kəsilməklə halal olmur, amma onun ölüsü pakdır. İstər özü ölsün, istərsə də başı kəsilsin.

Məsələ: 2656.İt və donuz baş kəsilməklə, şikar edilməklə pak olmur. Onların ətini də yemək haramdır. Yırtıcı və ət yeyən haram ətli heyvanların (canavar, pələng) başı qeyd olunan göstərişlərə əsasən kəsilsə, yaxud ox, güllə və s. ilə şikar olunsa pak olur, amma əti halal olmur. Əgər ov iti ilə onu şikar etsələr bədəninin pak olması işqallıdır.

Məsələ: 2657.Fil, ayı, meymun, habelə yerin daxilində yaşayan və atıcı qanı olan siçan və kərtənkələ kimi heyvanlar öz-özünə ölsələr, nəcisdir. Hətta əgər başlarını kəssələr, yaxud şikar etsələr belə, bədəninin pak olması işqallıdır, ehtiyat-lazım onlardan ictinab etməkdir.

Məsələ: 2658.Əgər diri heyvanın qarnından balası ölü doğulsa, yaxud onu ölü halda çölə çıxartsalar, ətini yemək haramdır.

HEYVAN BAŞININ KƏSİLMƏSİ QAYDALARI

Məsələ: 2659.Heyvanın başını kəsəndə hülqumu (nəfəs borusu), qida borusu və hülqumun iki tərəfində olan iki yoğun damar (bunlara “dörd damar” deyilir), boğazın altında olan çıxıntının alt tərəfindən tam, kamil şəkildə kəsilməlidir. Əgər onları deşsələr, kifayət deyil.

Məsələ: 2660.Əgər dörd damarın bə”zilərini kəsib gözləsələr və heyvan öləndən sonra qalanlarını kəssələr faydası yoxdur (pak olmur). Hətta əgər bu qədər də gözləməsələr, ancaq adi qaydada dörd damarı bir-birinin ardınca kəsməsələr, nəticədə vahid əməl hesab olunmasa və heyvanın canı çıxmamışdan qabaq qalan damarları kəssələr, işkalı var.

Məsələ: 2661.Əgər canavar qoyunun boğazını qopartsa və boynundakı (kəsilməli olan) dörd damardan bir şey qalmasa, o heyvan haram olur. Amma boynunun bir miqdarını qopartsa və dörd damar qalsa, yaxud bədəninin başqa yerini yırtsa və qoyunu diri olan halda deyilən göstərişlərə əsasən kəssələr, əti halal və pakdır.

HEYVANIN BAŞININ KƏSİLMƏSİ ŞƏRTLƏRİ


Məsələ: 2662.Heyvanın başının kəsilməsində altı şərt var:

1-Heyvanın başını kəsən şəxs–istər qadın olsun istrəsə də kişi–müsəlman olmalıdır; Müməyyiz (yaxşını-pisi başa düşən) müsəlman uşağı heyvanın başını kəsə bilər. Amma kafir və ya kafir hökmündə olan firqələrdən (ğülat, xəvaric, nəvasib kimi) olan kəslər heyvanın başını kəsə bilməz.

2-Heyvanın başı dəmir şeylərlə kəsilməlidir. Amma əgər dəmir tapılmasa və heyvanın başını kəsməyəcəkləri halda murdar olacağı gözlənilərsə, onun dörd damarını ayıra bilən iti bir şey ilə (şüşə, daş parçası və s.) başını kəsmək olar.

3-Heyvanın başını kəsəndə bədəninin qabaq tərəfi üzü qibləyə olmalıdır. Heyvanın başının üzü qibləyə kəsilməli olduğunu bilən bir kəs qəsdən üzünü qibləyə çevirməsə, heyvan haram olur. Amma unutsa, məsələni bilməsə, yaxud qibləni səhv salsa, yaxud qiblənin hansı tərəfdə olmasını bilməyib soruşa da bilməsə, digər tərəfdən də başını kəsməyə naçar olsa, habelə heyvanı üzü qibləyə döndərə bilməsə, eybi yoxdur.

4-Heyvanın başını kəsmək istəyəndə, yaxud bıçağı onun başına qoyanda baş kəsmək niyyəti ilə Allahın adını zikr etməlidir. “Bismillah” demək kifayətdir. Amma əgər baş kəsmək qəsdi olmadan Allahın adını desə o heyvan pak olmur, əti də haramdır. Məsələni bilməməzlik üzündən Allahın adını deməsə də eyni qayda ilə (pak olmur, əti də haramdır). Amma əgər unutqanlıq üzündən Allahın adını deməsə, eybi yoxdur.

5-Heyvan baş kəsiləndən sonra gərək bir qədər hərəkət etsin (hətta misal üçün, diri olmasını mə”lum edən gözünü, yaxud quyruğunu hərəkət etdirmək, yaxud ayağını yerə vurmaq kimi də olsa), yaxud qan adi qaydada çölə gəlsin. Bu hökm o haldadır ki, heyvanın başı kəsilən halda diri olması şəkkli olsun. Əgər şəkkli olmasa, lüzumu yoxdur.

6-Heyvanın öldürülməsi baş kəsilən yerdən (qabaqdan) olsun. Vücubi-ehtiyata əsasən, bıçağı boyunun ardından batırıb qabaq tərəfə gətirmək (yə”ni, başı dal tərəfdən kəsmək) caiz deyil.

DƏVƏNİN NƏHR EDİLMƏSİNİN QAYDALARI


Məsələ: 2663.Əgər dəvəni can verəndən sonra pak və halal olsun deyə, nəhr etmək istəsələr, gərək heyvanın başının kəsilməsindəki beş şərtdən əlavə, bıçaq, dəmir və s. kimi kəsici olan başqa şeyi, onun sinəsi ilə boynu arasındakı çuxur yerə batırsınlar.

Məsələ: 2664.Bıçağı dəvənin boğazına batırmaq istədikləri vaxt yaxşı olar ki, dəvə ayaq üstə olsun. Amma əgər dizlərini yerə vuran halda, yaxud böyrü üstə yatıb bədəninin qabağı üzü qibləyə olanda, bıçağı ora batırsalar, eybi yoxdur.

Məsələ: 2665.Əgər bıçağı dəvənin boynundakı çuxura batırmaq əvəzinə başını kəssələr, yaxud qoyun, inək və s.-ni dəvədə olan kimi bıçağı onun boynundakı çuxura batırsalar, onların əti haram, bədənləri nəcis olur. Amma əgər dəvənin dörd damarını kəsib diri olduğu müddətdə qeyd olunan göstərişlərə əsasən, bıçağı onun boynundakı çuxura batırsalar əti halal, bədəni pak olur. Həmçinin əgər bıçağı inək, qoyun və s.-in boynundakı çuxura batırıb diri olduğı müddətdə başını, qeyd olunan göstərişlərə əsasən, kəssələr halal və pakdır.

Məsələ: 2666.Əgər heyvan inadkar olsa və onu, Şəriətdə müəyyən olan göstərişlərə əsasən kəsə bilməsələr, yaxud quyuya düşüb ölməsi gözlənilsə və Şəriətdəki qaydalara əsasən kəsilməsi mümkün olmasa, onda itilik səbəbilə bədəni yaralayan bir şeylə (qılınc kimi) heyvanın bədənini yaralasalar və yaralanma nəticəsində can versə, halal olur; üzü qibləyə olması lazım (ilzami) deyil. Ancaq gərək heyvanların başının kəsilməsindəki deyilən sair şərtlərə riayət olunsun.

HEYVAN KƏSƏNDƏ MÜSTƏHƏB OLAN ŞEYLƏR


Məsələ: 2667.Heyvanların başının kəsilməsində bir neçə şey müstəhəbdir:

1-Məşhur qaydaya əsasən, qoyunun başını kəsəndə iki qabaq və bir dal ayağını bağlayıb bir ayağını isə açıq qoysunlar. İnəyin başını kəsəndə isə dörd ayağını bağlayıb quyruğunu açıq qoysunlar. Dəvəni nəhr edəndə qabaq ayaqlarını dizlərinə qədər, yaxud qoltuğunun altına qədər bir-birinə bağlayıb dal ayaqlarını açıq qoysunlar. Müstəhəbdir ki, toyuğun başını kəsdikdən sonra buraxsınlar ki, qoy-qanad çalsın.

2-Heyvanın başını kəsən şəxs üzü qibləyə olsun;

3-Heyvanı kəsməmişdən qabaq qabağına su qoysunlar;

4-Elə kəssinlər ki, heyvan az əzab-əziyyət çəksin. Məsələn, bıçağı yaxşı itiləsinlər və başını tez kəssinlər.

HEYVAN BAŞI KƏSƏNDƏ MƏKRUH OLAN ŞEYLƏR

Məsələ: 2668.Heyvanların başının kəsilməsində aşağıdakı işlər məkruhdur:

1-Başqa heyvanların olduğu yerdə bir heyvanın başını kəsmək;

2-Cümə gecəsi, yaxud günü zöhrdən qabaq heyvanın başını kəsmək; (Amma ehtiyac halında eybi yoxdur.)

3-İnsanın özünün bəslədiyi heyvanın başını kəsməsi; Ehtiyat-vacib budur ki, canı çıxmamış heyvanın dərisini soymasınlar və onurğa sümüyündə olan haram (onurğa) beynini–ətinin onun səbəbilə haram olmmasına baxmayaraq, kəsməsinlər və ehtiyat-müstəhəbə görə canı çıxmamışdan qabaq heyvanın başını bədənindən ayırmasınlar. Amma bu əməl ilə heyvan haram olmur. Əgər qəflət üzündən, yaxud bıçağın çox iti olması səbəbilə ixtiyarsız olaraq heyvanın başı bədənindən ayrılsa, məkruh deyil.

SİLAH İLƏ ŞİKARIN HÖKMLƏRİ

Məsələ: 2669.Əgər əti halal olan vəhşi heyvanı silah ilə ovlasalar və ölsə 5 şərt daxilində bədəni pakdır:

1-Şikar silahı bıçaq, qılınc kimi kəsici, yaxud nizə, ox kimi iti olsun və itilik səbəbilə heyvanın bədənini parçalasın. Əgər heyvanı tora salmaq, çubuq, daş və s. kimi şeylərlə şikar etsələr (və ölsə) pak olmur, onu yemək də haramdır. Amma əgər onu diri tutub başını kəssələr haram olmaz. Əgər bir heyvanı tüfənglə ovlasalar, onun güllələri iti olub heyvanın bədəninə batsa və onu parçalasa, pak və halaldır; yox əgər güllənin ucu iti olmasa, əksinə təzyiq, sür”ət nəticəsində heyvanın bədəninə batıb öldürsə, yaxud hərarət vasitəsilə bədənini yandırsa və bu səbəblə heyvan ölsə pak və halal olması işqallıdır.

2-Şikar edən müsəlman, yaxud yaxşını-pisi başa düşən müsəlman uşağı olsun. Əgər kafir, yaxud kafir hökmündə olan bir kəs (ğülat, xəvaric və nəvasib kimi) heyvanı şikar etsə o şikar halal deyil.

3-Silahı heyvanı şikar etmək üçün işlətsin. Amma başqa yeri nişan alsa və təsadüfən heyvana dəyib öldürsə o heyvan pak deyil, yeyilməsi də haramdır.

4-Silahı işə salanda Allahın adını desin. Əgər qəsdən Allahın adını deməsə, şikar halal deyil. Amma unutsa, eybi yoxdur.

5-Heyvana çatanda ölmüş olsun, yaxud diri olarsa baş kəsmək miqdarında vaxt olmasın. Əgər baş kəsmək miqdarında vaxt olduğu halda heyvanın başını kəsməsə və ölsə haramdır.

Məsələ: 2670.Əgər biri müsəlman və digəri kafir olan iki nəfər bir heyvanı şikar etsə, o heyvan halal deyil. Əgər hər ikisi müsəlman olsa, lakin ikisindən biri Allahın adını deyib digəri qəsdən deməsə, o heyvan ehtiyat-vacibə görə halal deyil.

Məsələ: 2671.Əgər heyvanı məsələn, güllə ilə vurduqdan sonra suya düşsə və insan onun həm güllə, həm də suya düşmək səbəbilə can verdiyini bilsə, halal deyil. Hətta təkcə güllə səbəbilə ölüb-ölməməsində şəkk etsə də halal deyil. Əgər bir heyvanı şikar etsələr və gözdən itsə, sonra onu ölmüş halda tapsalar, bu halda onun ölümünün təkcə şikar silahı ilə olmasına istinad versələr halaldır. Amma əgər şikar silahının başqa şeyin köməyi ilə heyvanın ölümünə səbəb olmasını ehtimal versələr, nəcasəti hökm olunur və haramdır.

Məsələ: 2672.Əgər bir kəs qəsbi it və ya qəsbi silah ilə heyvanı şikar etsə, şikar halal və onun öz malıdır, amma günah etməkdən əlavə, silahın və ya itin muzdunu sahibinə qaytarmalıdır.

Məsələ: 2673.Əgər qılınc, yaxud şikar etmənin səhih olduğu başqa şeylər əvvəldə deyilən şərtlərə uyğun olaraq heyvanı iki yerə bölsə, başı ilə boynu bir tərəfində qalsa və insan ona, can verməsindən sonra çatsa–əgər parçalamaq səbəbilə can vermiş olsa, hər iki hissəsi halaldır; və əgər heyvan diri olsa və baş kəsmək üçün Şəriət qaydalarına əməl etməyə vaxt olsa ehtiyat-vacibə görə baş və boyun olmayan hissə haram, olan hissə isə halaldır. Əgər baş kəsmək üçün vaxt olarsa, baş olmayan tərəfi haram, baş olan tərəfi isə Şəriət qaydalarına uyğun olaraq kəsilsə, halaldır. Bu şərtlə ki, hətta diri qalması mümkün olmasa və can vermə halında olsa da başını kəsən vaxt diri olsun.

Məsələ: 2674.Əgər çubuq, daş və şikar etmək səhih olmayan sair şeylərlə heyvanı iki yerə bölsələr, baş və boynu olmayan hissə haram, baş və boyun olan hissə isə diri olsa, başını Şəriət qaydalarına uyğun olaraq kəssələr, halaldır. Bu şərtlə ki, başı kəsilən vaxtda–hətta diri qalması mümkün olmasa və can vermə halında olsa da, diri olsun.

Məsələ: 2675.Əgər bir heyvanı şikar etsələr (və ya başını kəssələr) və onun qarnından balası diri çıxsa, bu halda onu Şəriət qaydalarına uyğun kəssələr, halal, əks halda isə haramdır.

Məsələ: 2676.Əgər bir heyvanı şikar etsələr, (yaxud başını kəssələr) qarnından ölü balası çıxsa, bu halda onun xilqəti kamil olsa, bədənində tük, yun göyərmiş olsa və anasının öldürülməsi səbəbilə ölmüş olsa, pak və halaldır. Amma əgər anasının öldürülməsindən qabaq ölmüş olsa, nəcis və haramdır.

OV İTİ İLƏ ŞİKAR ETMƏK


Məsələ: 2677. Əgər ov iti əti halal olan vəhşi və ya vəhşiləşmiş əhli heyvanı şikar etsə, onun pak və halal olmasının 7 şərti vardır:

1-İtə elə tə”lim verilsin ki, hər vaxt onu şikar tutmaq üçün göndərsələr getsin və hər vaxt ov dalınca getməsinin qabağını alsalar, dayansın; Amma əgər şikara yaxınlaşanda qabağını ala bilməsələr, eybi yoxdur. Ehtiyat-vacib budur ki, əgər sahibi çatmazdan qabaq şikarı yeməyə adət etsə, şikardan ictinab etsinlər. Amma əgər şikar etdiyi heyvanın qanını yeməyə adət etsə, yaxud təsadüfən şikarı yesə eybi yoxdur.

2-O iti, sahibi göndərsin; əgər göndərilmədən ovun dalınca gedib şikar etsə o heyvanı yemək haramdır. Hətta əgər öz-özünə şikara getsə və sonradan sahibi ovu tez tutmaq üçün muşqurtsa, sahibinin səsi vasitəsilə tələsməsinə baxmayaraq, ehtiyat-vacibə görə gərək o şikarın ətini yeməsinlər.

3-İti ov dalınca göndərən şəxs müsəlman, yaxud yaxşını-pisi başa düşən müsəlman övladı olsun; Əgər kafir, yaxud kafir hökmündə (ğulat, xəvaric, Əhli-beyt (əleyhimüs-salam) ilə düşmənlik izhar edən nasibilərdən) olan şəxs iti göndərsə, o itin etdiyi şikar haramdır.

4-İti göndərən vaxt Allahın adını zikr etsin; Əgər qəsdən Allahın adını zikr etməsə o şikar haramdır. Amma əgər unudaraq deməsə eybi yoxdur. Əgər iti göndərən zaman Allahın adını qəsdən deməsə və itin şikara çatmasından qabaq Allahın adını desə ehtiyat-vacibə görə o şikardan ictinab olunmalıdır.

5-Şikar, itin dişindən aldığı yara səbəbilə ölsün; Deməli, it ovu boğsa, yaxud şikar qaçmaqla, qorxudan ölsə, halal deyil.

6-İti göndərən şəxs, heyvanın öldüyü vaxt çatsın, yaxud diri olarsa, başını kəsmək qədər vaxt olmasın; Əgər baş kəsmək qədər vaxt olarkən çatıb başını kəsməsə, nəticədə ölsə, halal deyil.

7-Ovçu (şikarçı) sür”ətlə, yaxud adi qaydada ova tərəf hərəkət etsin.

Məsələ: 2678.İti göndərən şəxs heyvana, başını kəsə biləcəyi vaxt çatıb adi, yaxud tələsən halda bıçağı çıxartsa və baş kəsilmə vaxtı keçsə, nəticədə heyvan ölsə, halaldır. Amma əgər misal üçün, bıçağın qabının dar olması, yaxud bir şeyin yapışması səbəbilə çıxartmaq uzun çəksə və vaxt keçsə ehtiyat-vacibə görə halal olmur. Əgər heyvanın başını kəsməyə alət olmasa və o heyvan ölsə vacibdir ki, onun ətini yeməkdən ictinab olunsun.

Məsələ: 2679.Əgər bir neçə it göndərsələr və onların hamısı birlikdə bir heyvanı şikar etsə, bu halda onların hamısında əvvəldə deyilən şərtlər mövcud olsa, şikar halaldır. Əgər birində həmin şərtlər olmasa, amma şikar edilməsində rolu olsa, o şikar haramdır.

Məsələ: 2680.Əgər iti bir heyvanı şikar etmək üçün göndərsələr və başqa heyvanı şikar etsə, halal və pakdır. Həmçinin əgər it, o heyvanı başqa heyvanla birlikdə şikar etsə, hər ikisi halal və pakdır.

Məsələ: 2681.Əgər iti aralarında bir kafir olan bir neçə nəfər birlikdə göndərsələr, o şikar haramdır. Əgər hamısı müsəlman olsa, amma onlardan biri Allahın adını qəsdən deməsə ehtiyat-lazıma görə o şikar haramdır. Həmçinin göndərilən itlərdən birinə əvvəldə deyilən kimi tə”lim verilməmiş olsa, o şikar haramdır.

Məsələ: 2682.Əgər ov itindən başqa şahin və ov quşu bir heyvanı şikar etsə o şikar halal deyil. Amma əgər heyvanın diri olduğu vaxt çatıb Şəriətdəki qaydalara əsasən başını kəssələr halaldır.