|
||||||||||||||||||||
|
YEMƏLİLƏRİN VƏ İÇMƏLİLƏRİN HÖKMLƏRİMəsələ: 2692.Caynağı olan yırtıcı quşların (şahin, qartal, kərkəs, çalağan və s.) ətini yemək haramdır. Həmçinin ehtiyat-vacibə görə qarğa, gecə quşu, tavuz da bu qayda ilə. Amma göyərçin növləri, kəklik, turac, qırqovul, ev toyuğu, sərçə növləri və s. kimi quşların yeyilməsi halaldır. (Bülbül, qaraquş, bildirçin, sərçə növündəndir.) Amma ehtiyat-vacibə görə şanapipik və qaranquşun ətini yeməkdən ictinab olunmalıdır.Məsələ: 2693.Adətən əti halal olan quşlar əti haram olan quşlardan iki yolla seçilir: 1-Uçan vaxtı qanad çalması, qanad saxlamasından çox olan quşlar halal, uçanda əksər hallarda qanadlarını saxlayıb çalmayanların əti haramdır. 2-Çinədanı, yaxud (insanın baş barmağı kimi) ayrı barmağı olanlar halal, olmayanlar isə haram ətlidir. Məsələ: 2694.Əti halal olan quşların yumurtası halal, əti haram olan quşların yumurtası isə haramdır. Əgər səhv olunsa, onda iki tərəfi bərabər olanlar haram, bir tərəfi o biri tərəfindən nazik olanlar isə halaldır. Məsələ: 2695.Su heyvanları içərisində yalnız pullu balıq və pulları təkcə qulaqlarının yanında aşkar görünən balıq növləri halaldır. Pulsuz balıqların əti, sair dəniz heyvanları (balina, xərçəng, qurbağa və s.) kimi haramdır. Məsələ: 2696.Halal balığın kürüsü halal, haram balığın kürüsü haramdır. Məsələ: 2697.Əgər diri heyvandan ruhu olan bir hissə ayrılsa (məsələn, qoyunun quyruğu, yaxud ətinin bir hissəsini kəssələr) nəcis və haramdır. Məsələ: 2698.Əti halal olan heyvanların bə”zi hissələri halal, bə”zi hissələri isə ehtiyat-lazıma görə haramdır. Onların cəmisi 15-dir: 1-Qan; 2-Fəzlə; 3-Toxumluq; 4-Fərc (cinsiyyət orqanı); 5-Balalıq; 6-Artıq ətlər; 7-Donbalan deyilən toxum; 8-Kəllə beynində xüsusi formada, noxudun yarısı qədər olan hissə; 9-Onurğa sümüyünün içində olan haram beyin (onurğa beyni); 10-Onurğa sümüyünün iki tərəfində olan piy; 11-Öd kisəsi; 12-Dalaq; 13-Bovl kisəsi; 14-Gözlərin bəbəyi. Ehtiyat lazıma görə; 15-Dırnaqların arasında olan və zatül əşca adlanan vəz. Ehtiyat lazıma görə, bu şeylərin haramlığı böyük heyvanlardadır. Amma kiçik heyvanlarda (sərçə kimi) bunların ayırd edilməsi, yaxud ayrılması mümkün olmasa, yeməyin eybi yoxdur. Məsələ: 2699. Heyvanın peyinin və burnunun suyunu yemək haramdır. Ehtiyat-vacib budur ki, insanın təbiətinə iyrənc olan sair şeylərdən də ictinab olunsun. Amma əgər pak olsalar və onun bir miqdarı yeyilməsi halal olan şeylərlə, camaatın nəzərində aradan getmiş sayılan tərzdə qarışsa yeyilməsinin eybi yoxdur. Məsələ: 2700. Torpaq yemək haramdır. Amma Həzrəti Seyyidü-Şühəda İmam Hüseyn (əleyhis-salam)-ın türbətini (şəfa üçün) az miqdarda yemək caizdir. Daha yaxşı olar ki, türbəti suda həll edib (həll olmaqla) aradan getdikdən sonra içsinlər. Dağıstan və İrəvan gilini müalicə üçün yeməyin (əgər əlacı yalnız bunları yeməkdə olsa) eybi yoxdur. Məsələ: 2701.Ağız boşluğuna gəlməyən burun suyunu və bəlğəmi udmaq haram deyil. Amma ağız boşluğuna daxil olarsa, ehtiyat-vacib onu udmamaqdır. Dişlərin dibini təmizləyən zaman oradan çıxan yemək qalıqlarını udmağın–insanın təbiəti ondan iyrənmirsə–eybi yoxdur. Məsələ: 2702.Ölümə səbəb olan, yaxud insan üçün külli (yüz faizlik) zərəri olan şeylərin yeyilməsi haramdır. Məsələ: 2703.Əhli heyvanlardan dəvə, inək və qoyunun əti halal; at, qatır və ulağın əti isə məkruhdur. Vəhşi çöl heyvanlarından ahu, maral, vəhşi inək, vəhşi qoç, dağ keçisi və zebr halaldır. Məsələ: 2704.Əti halal əhli heyvanın əti üç yolla haram olur: 1-Adəti üzrə insan nəcisini yesə; (Bu halda onun əti və südü haram, ehtiyat-vacibə görə bovlu, qaiti və təri də nəcis olur.) 2-İnsan bu heyvanlarla yaxınlıq edib çirkin əmələ mürtəkib olsa; (Bu halda onun əti və südü, hətta ehtiyat-vacibə görə onun bütün nəsli də haram olur, həmçinin bovlu və qaiti də ehtiyata görə nəcisdir.) 3-Donuz südündən qidalanıb sümüyü onunla möhkəmlənən, inkişaf edən quzu, çəpiş və buzovun əti, südü və nəsli haram olur. Ehtiyat-vacibə görə bovl və qaiti də nəcisdir. Amma əgər insan südü əmib böyüsələr əti, südü haram deyil, amma kərahəti var. Məsələ: 2705.Nəcis yeyən heyvanın ətinin halal olması üçün onu istibra etməlidirlər. Yə”ni bir müddət nəcasət yeməsinin qarşısını alıb o qədər pak yeməklər verilməlidir ki, daha ona “nəcis yeyən” deyilməsin. Ehtiyat-vacibə görə dəvə 40 gün, inək 30 gün (yaxşı olar ki, 40 gün), qoyun 10 gün (yaxşı olar ki, 14 gün), su quşları 5 gün (yaxşı olar ki, 7 gün), ev toyuqları 3 gün və balığı bir gün istibra etsinlər. Məsələ: 2706.İnsanın yaxınlıq etdiyi heyvanın adətən ət və südündən istifadə olunursa (dəvə, inək, qoyun kimi), onu mümkün olan hər vasitə ilə dərhal öldürüb ətini yandırmalıdırlar. Bu çirkin vəty əməlinə mürtəkib olan şəxs onun pulunu sahibinə verməlidir. Əgər adətən minik üçün istifadə olunursa (at, qatır və ulaq kimi) onu başqa şəhərə aparıb orada satmalıdırlar. Vəty əməlini görən şəxs isə ona dəyən xəsarəti və pulunu ödəməlidir. Əgər bu heyvan sair heyvanların içinə qarışıb səhvə düşsə poşk atmaqla müəyyənləşdirilməlidir. Məsələ: 2707.Nəcis heyvanın (it və donuz kimi) əti və südü haramdır. Həmçinin adətən iynəsi və caynağı olan vəhşi, yırtıcı heyvanların (pələng, bəbr, canavar, kaftar, çaqqal, tülkü, pişik), həmçinin məsx olunmuş heyvanların (fil, ayı, meymun, dovşan) əti və südü haramdır. Kiçik həşəratları və həşəratları (siçan, kərtənkələ, ilan, koramal, əqrəb, tarakan, arı, qarışqa, milçək, ağcaqanad və sair qurdları) yemək haramdır. Məsələ: 2708.Şərab içmək haramdır. Bə”zi rəvayətlərdə ən böyük günah sayılmışdır. Hər kəs onu halal hesab etsə və onun halal sayılması Allahın və Peyğəmbər (s)-in təkzib edilməsinə gətirib çıxararsa kafirdir. İmam Cəfər Sadiq (əleyhis-salam)-dan rəvayət olunub ki, buyurur: “Şərab pisliklərin kökü, günahların mənşəyidir. Şərab içən kəs öz əqlini əldən verir və o vaxtda Allahı tanımır. Heç bir günahdan qorxusu olmur. Heç kəsin hörmətini saxlamır. Yaxın qohumlarının haqqına riayət etmir. Aşkar çirkinliklərdən çəkinmir. İman və tovhid ruhu bədənindən çıxır. Naqis və xəbis, Allahın rəhmətindən uzaq olan bir ruh onda qalır. Allah, mələklər, peyğəmbərlər və mö”minlər ona lə”nət edir, 40 gün namazı qəbul olmur. Qiyamət günü onun üzü qara, dili ağzından çölə çıxmış, ağzının suyu sinəsinə axan halda susuzluqdan nalə edəcəkdir.” Məsələ: 2709.İnsan şərab içilən süfrənin başında oturanlardan biri sayılsa oturmamalıdır. O süfrədən bir şey yemək haramdır. Məsələ: 2710.Hər müsəlmana vacibdir ki, susuzluqdan, aclıqdan ölüm ərəfəsində olan müsəlmana çörək və su verib onu ölümdən xilas etsin. YEMƏK YEYƏNDƏ MÜSTƏHƏB OLAN ŞEYLƏRMəsələ: 2711. Yemək yeyəndə müstəhəbdir ki: 1-Yeməkdən qabaq əlləri yusun; 2-Yeməkdən sonra əlləri yuyub dəsmalla qurulasın; 3-Ev sahibi hamıdan qabaq (yeməyə) başlayıb hamıdan sonra çəkilsin; 4-Yeməyə başlayanda “bismillah” desin; Amma əgər bir süfrədə bir neçə növ yemək olsa hər birini yeməyə başlayanda “bismillah” demək müstəhəbdir. 5-Sağ əllə yesin; 6-Əgər bir neçə nəfər bir süfrənin başında otursa, hər kəs öz qabağında olan yeməklərdən yesin; 7-Tikələri kiçik götürsün; 8-Yeməyi tə”cili və tələsən halda yeməsin, yeməyi uzatsın; 9-Xörəyi yaxşı-ylxşı çeynəsin; 10-Yeməkdən sonra Allaha həmd etsin; 11-Yeməkdən sonra dişlərini yusun, dişlərinin dibində qalan yemək qalıqlarını çıxartsın, ağzını yusun, misvak vursun; 12-Yeyinti məhsullarını atmasın; Amma səhrada çörək yeyirsə, müstəhəbdir ki, tökülən şeyləri quşlar, heyvanlar üçün qoysun; 13-Gündüz və gecənin əvvəlində yemək yesin, gündüz və gecə arasında yemək yeməsin; 14-Yemək yeyəndən sonra arxası üstə uzanıb sağ ayağını sol ayağının üstünə qoysun; 15-Yeməyin əvvəlində və axırında duz yesin; 16-Meyvələri və göyərtiləri yeməkdən qabaq su ilə yusun; 17-Mümkün qədər qonağı olsun; 18-Yemək yeyəndə oturub yesin. YEMƏK YEMƏKDƏ MƏKRUH OLAN ŞEYLƏRMəsələ: 2712.Yemək vaxtı bir neçə şey məkruhdur. 1-Tox halında yemək; 2-Çox yemək; (Rəvayətdə var ki, Allahın hər şeydən artıq, qarnı dolu olan adamdan acığı gəlir.) 3-Yemək yeyəndə başqalarının üzünə baxmaq; 4-Xörəyi çox isti, yandıra-yandıra yemək; 5-Yediyi, yaxud içdiyi şeyi üfürmək; 6-Süfrəyə çörək qoyulandan sonra başqa şeyləri gözləmək; 7-Çörəyi bıçaqla kəsmək; 8-Çörəyi yemək qabının altına qoymaq, ona hər növ ehtiramsızlıq etmək; 9-Sümüyə yapışan ətləri tər-təmiz təmizləmək; 10-Meyvəni tam yemədən atmaq. SU İÇMƏYİN MÜSTƏHƏBBATIMəsələ: 2713.Su içməkdə bir neçə şey müstəhəbdir:1-Suyu somurmaqla içmək; 2-Gündüzlər ayaq üstə içmək; 3-Su içməkdən əvvəl “bismillah”, axırda “əlhəmdu lillah” demək; 4-Suyu üç dəfəyə içmək; 5-Meyli olanda su içmək; 6-Su içəndən sonra İmam Hüseyn (əleyhis-salam) və onun Əhli-beytini yad edib və qatillərinə lə”nət göndərsin. SU İÇMƏYİN MƏKRUHATIMəsələ: 2714.Çox su içmək, piyli yeməklərdən sonra su içmək gecə ayaq üstə su içmək məkruhdur. Həmçinin suyu sol əllə içmək, qabın sınıq yerindən və dəstəyindən tutub içmək məkruhdur. |