|
||||||||||||||||||||
|
İRSİN HÖKMLƏRİMəsələ: 2804. Qohumluq səbəbi ilə irs aparan şəxslər üç dəstədən ibarətdir: Birinci dəstə meyyitin atası, anası övladlarıdır. Övlad olmayan halda nə qədər aşağı getsə də (nəvə, nəticə...) hansı meyyitə daha yaxındırsa, irs aparır. Bu dəstədən hətta bir nəfər də olsa, ikinci dəstə irs aparmır. İkinci dəstə: “cədd” yə”ni babası, babasının atası–nə qədər yuxarı getsə də; nənə, onun anası–nə qədər yuxarı getsə də (nənəsinin nənəsi...)–istər ana tərəfdən olsun, istərsə ata tərəfdən; bacı və qardaşı, bunlar da olmayanda onların övladlarından hansı meyyitə daha yaxındırsa, irs aparır. Bu dəstədən hətta bir nəfər də qalsa, üçüncü dəstə irs aparmır. Üçüncü dəstə əmi, bibi, xala, dayı–nə qədər yuxarı getsə; və onların övladı–nə qədər aşağı getsə də. Nə qədər ki, meyyitin əmi, bibi, dayı, xalalarından bir kəs diridir, onların övladları irs aparmır. Amma əgər meyyitin ata tərəfdən doğma olan bir əmisi və həm ata, həm də ana tərəfdən doğma olan əmioğlusu olsa və onlardan başqa da vərəsə olmasa, irs həm ata, həm də ana tərəfdən doğma olan əmioğluya çatır; təkcə ata tərəfdən doğma olan əmisi isə irs aparmır.Məsələ: 2805. Əgər meyyitin əmisi, bibisi, dayısı, xalası və onların övladları; habelə övladlarının övladları (nəvələri) olmasa, meyyitin atasının və anasının əmisi, bibisi, dayısı və xalası irs aparır. Əgər bunlar da olmasa onların övladları; əgər övladları da olmasa, meyyitin babası və nənəsinin xalası, dayısı, bibisi və əmisi onlar da olmasa onların övladları irs aparır. Məsələ: 2806. Ər-arvad sonradan deyiləcəyi kimi bir birindən irs aparırlar. BİRİNCİ DƏSTƏNİN İRSİMəsələ: 2807. Əgər meyyitin varisi birinci dəstədən olan təkcə bir nəfər olsa, (məsələn atası, yaxud anası, yaxud bir qızı və ya bir oğlu olsa) malının hamısı ona çatır. Əgər bir neçə oğlan və ya bir neçə qız olsa, malın hamısı onların aralarında bərabər şəkildə bölünür. Əgər bir oğlan və bir qız olsa, malı üç yerə bölüb iki hissəsini oğlana, bir hissəsini isə qıza verməlidirlər. Əgər bir neçə oğlan və bir neçə qız olsa, malı elə bölməlidirlər ki, oğlanın hər biri qızdan iki qat artıq irs aparsın. Məsələ: 2808. Əgər meyyitin varisi təkcə atası və anası olsa mal üç yerə bölünür, iki hissəsini atası, bir hissəsini anası irs aparır. Amma əgər meyyitin iki qardaşı, yaxud dörd bacısı, yaxud bir qardaşı və iki bacısı olsa və onların hamısı meyyitlə ata tərəfdən doğma olsa, (yə”ni onların atası meyyitin atası ilə bir olsa)–istər anaları da meyyitin anası ilə bir olsun, istərsə bir olmasın, meyyitin ata-anası sağ olan vaxt onların irs aparmamasına baxmayaraq, onların olması ilə ana malın altıda birini, ata isə yerdə qalanları irs aparır. Məsələ: 2809. Əgər varis meyyitin təkcə atası, anası və bir qızı olsa, bu halda meyyitin ata tərəfdən iki qardaşı və ya dörd bacısı, yaxud bir qardaşı və iki bacısı olmasa, (ata, ana və qızı) malı beş yerə bölməlidirlər: ata və ana hər biri bir pay, qız üç pay aparır. Əks halda, yə”ni əgər ata tərəfdən iki qardaş, yaxud dörd bacı, yaxud da bir qardaş və iki bacısı olsa, mal altı yerə bölünməlidir: ata və ana–hər biri bir pay, qızı üç pay irs aparır, yerdə qalan bir payı yenidən dörd yerə bölürlər: bir hissəsi ataya, üç hissəsi qıza çatır. Məsələn, əgər meyyitin malını 24 yerə bölsələr, onun 15 hissəsi qıza, 5 hissəsi ataya, 4 hissəsi isə anaya verilməlidir. Məsələ: 2810. Əgər meyyitin varisi təkcə atası, anası və bir oğlu olsa, malı 6 yerə bölməlidirlər: ata və ana–hər biri bir hissə, oğlan isə 4 hissəni irs aparır. Əgər bir neçə oğlan və ya bir neçə qız olsalar, o 4 hissəni öz aralarında bərabər şəkildə bölürlər. Əgər qız və oğlan olsa o 4 hissəni elə bölməlidirlər ki, oğlan qızdan iki qat artıq irs aparsın. Məsələ: 2811. Əgər meyyitin varisi təkcə atası və bir oğlu və ya anası və bir oğlu olsa, mal 6 yerə bölünməli bir hissəsi ataya və ya anaya, 5 hissəsi isə oğlana verilməlidir. Məsələ: 2812. Əgər meyyitin varisi ata, yaxud anası (meyyitin) oğlu və qızı ilə birlikdə olsa, 6 yerə bölməlidirlər: bir hissəsi ata və ya anaya çatır; yerdə qalanları isə oğlan və qız öz aralarında elə bölməlidirlər ki, oğlan qızdan iki qat artıq irs aparsın. Məsələ: 2913. Əgər meyyitin varisi təkcə atası və bir qızı, yaxud anası və bir qızı olsa, mal 4 yerə bölünməlidir: bir hissəsi ata və ya ananın, yerdə qalanlar isə qızındır. Məsələ: 2814. Əgər meyyitin varisi təkcə atası və bir neçə qızı, yaxud anası və bir neçə qızı olsa, malı 5 yerə bölməlidirlər: bir hissəsi ata və ya anaya çatır, 4 hissəsini isə qızlar öz aralarında bərabər şəkildə bölməlidirlər. Məsələ: 2815. Əgər meyyitin övladı olmasa (yə”ni ölmüş olsa), oğul nəvəsi (hətta qız da olsa) meyyitin oğlunun payını; qız nəvəsi (hətta oğlan da olsa) meyyitin qızının payını aparır. Məsələn, əgər meyyitin həm oğlunun qızı, həm də qızının oğlu olsa, malı 3 yerə bölüb bir hissəsini qızının oğluna, iki hissəsini isə oğlunun qızına verməlidir. İKİNCİ DƏSTƏNİN İRSİMəsələ: 2816. Qohumluq səbəbi ilə irs aparan ikinci dəstə meyyitin babası, nənəsi, qardaşı və bacısıdır. Əgər bacısı və qardaşı olmasa (ölmüş olsalar), onların övladları irs aparır. Məsələ: 2817. Əgər meyyitin varisi təkcə bir qardaşı və ya təkcə bir bacısı olsa, malın hamısı ona çatır. Əgər ata-anadan doğma olan bir neçə qardaşı və ya bacısı olsa, mal onların arasında bərabər şəkildə bölünməlidir. Əgər ata-anadan doğma olan həm qardaşı, həm də bacısı olsa, hər qardaş bacısının payından iki qat artıq irs aparır. Məsələn, əgər meyyitin ata-anadan doğma olan iki qardaşı və bir bacı olsa, malı beş yerə bölməlidirlər: qardaşlardan hər biri iki, bacısı isə bir pay irs aparır. Məsələ: 2818. Meyyitin ata-anadan bir olan qardaşı və bacısı olan halda, onunla ana tərəfdən ayrı, ata tərəfdən bir olan bacı və qardaşı irs aparmır. Əgər ata-anadan bir olan bacısı və qardaşı olmasa, bu halda ata tərəfdən bir olan bir bacısı və ya bir qardaşı olsa, malın hamısı ona irs çatır. Əgər təkcə ata tərəfdən bir olan bir neçə qardaşı və ya bir neçə bacısı olsa, mal onların arasında bərabər şəkildə bölünür. Əgər ata tərəfdən bir olan həm qardaşı, həm də bacısı olsa, qardaşlar bacılardan iki qat artıq irs aparır. Məsələ: 2819. Əgər meyyitin varisi ata tərəfdən onunla ayrı, ana tərəfdən bir olan təkcə bir bacısı və ya bir qardaşı olsa, malın hamısı ona çatır. Əgər ana tərəfdən bir olan bir neçə qardaşı və ya bir neçə bacısı, yaxud həm qardaşı, həm də bacısı olsa, mal onların arasında bərabər şəkildə bölünməlidir. Məsələ: 2820. Əgər meyyitin həm ata-anadan bir olan bacısı və qardaşı, həm ata tərəfdən bir olan bacısı və qardaşı, həm də təkcə ana tərəfdən bir olan bir qardaşı və ya bir bacısı olsa, ata tərəfdən bir olan qardaş və bacı irs aparmır. Malı 6 yerə bölməlidirlər: bir hissəsini ana tərəfdən bir olan bacı və ya qardaşa, yerdə qalanları isə ata və anadan bir olan bacı və qardaşlar (hər qardaş bacısından iki qat artıq) irs aparır. Məsələ: 2821. Əgər meyyitin həm ata-anadan bir olan, həm atadan bir olan, həm də anadan bir olan bacısı və qardaşı olsa, atadan bir olan bacı və qardaş irs aparmır. Meyyitin malını üç yerə bölürlər, bir hissəsini meyyitin ana tərəfdən bir olan bacı və qardaşı öz aralarında bərabər şəkildə bölürlər. Yerdə qalanlarını isə ata-anadan bir olan bacısına və qardaşına verirlər: hər qardaş bacısından iki qat artıq irs aparır. Məsələ: 2822. Əgər meyyitin varisi təkcə atadan bir olan bacı və qardaşı ilə anadan bir olan bir qardaşı (yaxud bacısı) olsa, malı altı yerə bölürlər: bir hissəsini anadan bir olan qardaşı (və ya bacısı), yerdə qalanları isə atadan bir olan bacı və qardaşları (hər qardaş bacısından iki qat artıq) irs aparır. Məsələ: 2823. Əgər meyyitin varisi atadan bir olan qardaş və bacısı ilə anadan bir olan bir neçə bacısı və qardaşı olsa malı üç yerə bölməlidirlər: bir hissəsini anadan bir olan qardaş və bacı aralarında bərabər şəkildə bölməlidirlər, yerdə qalanları isə atadan bir olan bacı və qardaş (hər qardaş bacısından iki qat artıq) artıq irs aparır. Məsələ: 2824. Əgər meyyiti varisin təkcə qardaşı, bacısı və arvadı olsa, qadın “ər-arvadın irsi” bölməsində deyilənlərə əsasən, bacı və qardaş isə əvvəlki məsələlərdə deyilənlərə uyğun olaraq irs aparır. Əgər qadın ölsə və varisi də təkcə bacısı, qardaşı və əri olsa, əri onun malının yarısını, bacısı və qardaşı isə əvvəlki məsələlərdə deyilənlərə əsasən irs aparır. Ancaq arvad, yaxud ər irs apardığına görə ana tərəfindən olan bacı və qardaşların payından heç nə azalmır; əksinə, ata-ana, yaxud ata tərəfindən bir olan bacı və qardaşın payı azalır. Məsələn, əgər meyyitin varisləri onun əri, anadan bir olan bacısı və qardaşı ilə ata-anadan bir olan bacısı və qardaşı olsa, malının yarısı ərinə çatır, malın əslinin üçdə biri anadan bir olan bacı və qardaşa, yerdə qalanlar isə ata-anadan bir olan bacı və qardaşa çatır. Deməli, malının hamısı altı tümən olarsa, üç tüməni ərinə, iki tüməni anadan bir olan bacı və qardaşına, bir tüməni isə ata-anadan bir olan bacı və qardaşına çatır. Məsələ: 2825. Əgər meyyitin bacısı və qardaşı olmasa (ölmüş olsalar) onların payını övladlarına verirlər. Meyyitin anadan bir olan bacısının və qardaşının övladlarının payı, onların arasında bərabər şəkildə bölünür. Amma təkcə atadan, yaxud ata-anadan bir olan qardaşlarının və bacılarının övladlarında isə hər oğlan qızdan iki artıq irs aparır. Məsələ: 2826. Əgər meyyitin varisi təkcə nənəsi və babası olsa–istər ata tərəfdən olsun, istərsə də ana tərəfdən–malın hamısı ona çatır. Meyyitin babası sağ olduğu halda, babasının atası irs aparmır. Məsələ: 2827. Əgər meyyitin varisi təkcə ata tərəfdən olan bir babası və nənəsi olarsa, malı üç yerdə bölməlidirlər: iki hissəsi babasına, bir hissəsi isə nənəsinə çatır. Əgər babası və nənəsi ana tərəfdən olarsa, malı öz aralarında bərabər şəkildə bölməlidirlər. Məsələ: 2828. Əgər meyyitin varisi ata tərəfdən olan bir babası, (yaxud nənəsi) ilə ana tərəfdən olan bir babası (və ya nənəsi) olsa malı üç yerə bölünməlidir: iki hissəsini ata tərəfdən olan babası (yaxud nənəsi), bir hissəsini isə ana tərəfdən olan babası (yaxud nənəsi) irs aparır. Məsələ: 2829. Əgər meyyitin varisi təkcə onun arvadı, ata tərəfdən olan babası və nənəsi, həmçinin ana tərəfdən olan babası və nənəsi olarsa, qadın gələcək məsələlərdə deyilənlərə əsasən öz irsini aparır, malın əslinin üçdə biri ana tərəfindən olan baba və nənəyə verilir ki, öz aralarında bərabər şəkildə bölürlər. Yerdə qalanlarını isə ata tərəfdən olan babaya və nənəyə verirlər: baba nənədən iki qat artıq irs aparır. Əgər meyyitin varisi əri, babası və nənəsi olarsa, əri malın yarısını, babası və nənəsi isə əvvəlki məsələlərdə deyilənlərə əsasən irs aparırlar. ÜÇÜNCÜ DƏSTƏNİN İRSİMəsələ: 2830. Üçüncü dəstə–meyyitin əmisi, bibisi, dayısı, xalası və onların övladlarıdır. Yuxarıda qeyd olunduğu kimi, əgər birinci və ikinci təbəqədən bir kəs olmazsa, yalnız bu halda üçüncü dəstə irs aparır.Məsələ: 2831. Əgər meyyitin varisi təkcə bir əmisi, yaxud bir bibisidirsə (istər ata-anadan bir olsun, yə”ni onlar meyyitin atası ilə bir ata-anadan olsunlar, istərsə də təkcə ata tərəfdən, yaxud təkcə ana tərəfdən bir olsunlar) malın hamısı ona çatır. Əgər bir neçə əmisi, yaxud bir neçə bibisi (hamısı da ata-anadan, yaxud atadan bir) olsa, malı öz aralarında bərabər şəkildə bölməlidirlər. Əgər həm əmisi, həm də bibisi olsa və hamısı da ata-anadan, yaxud atadan bir olsalar, əmilər bibidən iki qat artıq irs aparır. Məsələn, əgər meyyitin varisləri iki əmisi və bir bibisi olsa, malı beş yerə bölürlər: bir hissəsi bibisinə çatır, dörd hissəsini isə əmiləri öz aralarında bərabər şəkildə bölürlər. Məsələ: 2832. Əgər meyyitin varisi təkcə anadan bir olan bir neçə əmisi (yaxud bibisi) olsa, mal onların aralarında bərabər şəkildə bölünür. Amma əgər ana tərəfdən bir olan bir neçə əmisi və bibisi olsa, ehtiyat-vacibə görə bir-biri ilə razılaşmalıdırlar. Məsələ: 2833. Əgər meyyitin varisi əmisi və bibi olsa, onların da bə”ziləri ata, bə”ziləri ana, bə”ziləri isə həm ata, həm də ana tərəfdən bir olsalar, ata tərəfdən bir olan əmisi və bibisi irs aparmır. Deməli, əgər meyyitin anadan bir olan bir əmisi (və ya bibisi) olsa, malı altı yerə bölməlidirlər: bir hissəsini ana tərəfdən bir olan əmisi (yaxud bibisi), yerdə qalanlarını isə həm atadan, həm də anadan bir olan əmisi və bibisi irs aparır ki, əmilər bibilərdən iki qat artıq irs aparır. Əgər ana tərəfdən bir olan həm əmisi, həm də bibisi olsa, malı üç yerə bölməlidirlər: iki hissəsini ata-anadan bir olan əmisinə və bibisinə verirlər (əmisi bibisindən iki qat artıq irs aparır), bir hissəsini isə ana tərəfdən bir olan bibisinə və əmisinə verirlər. Ehtiyat-vacib budur ki, malı bölməkdə bir-biri ilə razılaşsınlar. Məsələ: 2834. Əgər meyyitin varisi təkcə bir dayısı (və ya xalası) olsa, malın hamısı ona çatır. Əgər həm dayısı, həm də xalası olsa və hamısı da ata-anadan, yaxud atadan və ya anadan bir olsalar, mal onların arasında bərabər şəkildə bölünməlidir. Ehtiyat budur ki, malı bölməkdə bir-biri ilə razılaşsınlar. Məsələ: 2835. Əgər meyyitin varisi anadan bir olan dayısı (yaxud xalası) və ata-anadan bir olan dayısı (yaxud xalası), habelə ata tərəfdən bir olan dayısı (yaxud xalası) olsa, ata tərəfdən bir olan xalası və dayısı irs aparmır. Mal altı yerə bölünür, bir hissəsini anadan bir olan dayısına (yaxud xalasına), yerdə qalanlarını isə ata-anadan bir olan dayısına (yaxud xalasına) verilər ki, onlar da öz aralarında bərabər şəkildə bölürlər. Məsələ: 2846. Əgər meyyitin varisi həm atadan bir olan, həm ana tərəfdən bir olan, həm də ata-anadan bir olan dayıları və xalaları olsalar, ata tərəfdən bir olan dayısı və xalası irs aparmır. Mal üç yerə bölünür: bir hissəsini ana tərəfdən bir olan dayısı və xalası öz aralarında bərabər şəkildə bölməlidirlər. Yerdə qalanı isə ata-anadan bir olan dayısı və xalası öz aralarında bərabər şəkildə bölməlidirlər. Məsələ: 2837. Əgər meyyitin varisi bir dayısı (yaxud xalası) və bir əmisi (yaxud bibisi) olsa, malı üç yerə bölməlidirlər: bir hissəsini dayısı (və xalası), yerdə qalanlarını isə əmisi (və bibisi) irs aparır. Məsələ: 2838. Əgər meyyitin varisi bir dayısı (yaxud xalası), əmisi və bibisi olsa, bu halda bibisi və əmisi ata-anadan, yaxud atadan bir olsa, malı üç yerə böləcəklər: bir hissəsini dayısı (yaxud xalası) aparır, yerdə qalanın iki hissəsi əmisinə, bir hissəsi isə bibisinə çatır. Deməli əgər malı doqquz yerə bölsələr, üç hissəsini dayısına (yaxud xalasına), dörd hissəsini əmisinə, iki hissəsini isə bibisinə verməlidirlər. Məsələ: 2839. Əgər meyyitin varisi bir dayısı (yaxud xalası), anadan bir olan əmisi (və ya bibisi) və ata-anadan, yaxud atadan bir olan əmisi və bibisi olsa, malı üç yerə bölməlidirlər: bir hissəsini dayısına (yaxud xalasına) verirlər, yerdə qalanlarını isə altı yerə bölürlər. Bir hissəsini anadan bir olan əmisinə (yaxud bibisinə), yerdə qalanlarını isə ata-anadan, yaxud atadan bir olan əmisinə və bibisinə verirlər ki, əmisi bibisindən iki qat artıq irs aparır. Deməli əgər meyyitin malını doqquz yerə bölsələr, üç hissəsi dayısına (yaxud xalasına), bir hissəsi ana tərəfdən bir olan əmisinə (yaxud bibisinə), beş hissəsi isə ata-anadan, yaxud ata tərəfdən bir olan əmisinə və bibisinə verilməlidir. Məsələ: 2840. Əgər meyyitin varisi anadan bir olan əmisi və bibisi, bir dayısı (yaxud xalası), ata-anadan, yaxud atadan bir olan əmisi və bibisi olsa, malı üç yerə böləcəklər: bir hissəsini dayısı (yaxud xalası) irs aparacaq, yerdə qalanları isə üç yerə böləcəklər, bir hissəsini ana tərəfdən olan əmisi və bibisi aparacaq, ehtiyat-vacibə görə bir-biri ilə razılaşmalıdırlar. İki hissəsini isə ata-anadan, yaxud atadan bir olan əmi və bibisi böləcəklər. (Əmisi bibisindən iki qat artıq irs aparacaq.) Deməli malı doqquz yerə bölsələr, onun üç hissəsini xalası (yaxud dayısı), iki hissəsini ana tərəfdən bir olan əmi və bibisi, dörd hissəsini isə ata-anadan, yaxud ata tərəfdən bir olan əmisi və bibisi irs aparacaq. Məsələ: 2841. Əgər meyyitin varisi hamısı ata-anadan, yaxud təkcə atadan və ya təkcə anadan bir olan bir neçə dayısı və xalası, həmçinin əmisi və bibisi də olsa, mal üç yerə bölünməlidir: iki hissəsini əmisi və bibisi əvvəlki məsələdə deyilən qaydaya əsasən, bir hissəsini isə dayıları və xalaları öz aralarında bərabər şəkildə bölürlər. Məsələ: 2842. Əgər meyyitin varisi ata tərəfdən bir olan dayısı (yaxud xalası) və ata-anadan, yaxud atadan bir olan bir neçə dayısı və xalası, həmçinin əmisi və bibisi də olsa, mal üç yerə bölünür: iki hissəsini əvvəldə deyilən göstərişlərə əsasən əmisi və bibisi öz aralarında bölürlər. Deməli əgər meyyitin ana tərəfdən bir olan bir dayısı (yaxud xalası) olsa, yerdə qalan bir hissəni altı yerə bölüb bir hissəsini ana tərəfdən bir olan dayısına (yaxud xalasına), yerdə qalanlarını isə ata-anadan, yaxud atadan bir olan dayısına və xalasına verəcəklər, onlar da öz aralarında bərabər şəkildə böləcəklər. Əgər ana tərəfdən olan bir neçə dayısı, yaxud bir neçə xalası, yaxud həm, dayısı həm də xalası olsa, o bir hissəni üç yerə bölüb bir hissəsini ana tərəfdən bir olan dayılar və xalalar öz aralarında bərabər şəkildə böləcəklər, Yerdə qalanlarını ata-anadan, yaxud atadan bir olan dayı və xalasına verəcəklər ki, öz aralarında bərabər şəkildə bölsünlər. Məsələ: 2843. Əgər meyyitin əmisi, bibisi, dayısı və xalası olmasa (ölmüş olsalar), əmisinə və bibisinə çatmalı olan hissə onların övladlarına, dayı və xalasına çatmalı olan hissə isə onların övladlarına çatır. Məsələ: 2844. Əgər meyyitin varisi onun atasının əmisi, bibisi, dayısı və xalası, habelə anasının əmisi, bibisi, dayısı və xalası olsalar, malı üç yerə bölünür: bir hissəsini anasının əmisi, bibisi, dayısı və xalası öz aralarında bərabər şəkildə bölürlər. Amma ehtiyat-vacib budur ki, meyyitin ana tərəfdən bir olan əmisi və bibisi bir-biri ilə razılaşsınlar. İki hissəsini isə üç yerə bölüb bir hissəsini meyyitin atasının dayısına və xalasına verirlər, onlar da öz aralarında bərabər şəkildə bölürlər. Qalan iki hissəsini isə meyyitin atasının əmisinə və bibisinə verirlər. (Belə ki, əmisi bibisindən iki qat artıq alır.) ƏR-ARVADIN İRSİMəsələ: 2845. Əgər bir qadın ölsə və övladı olmasa, malının yarısını əri, yerdə qalanını isə sair vərəsələr irs aparır. Əgər o ərindən, yaxud başqa ərindən övladı olsa, malının dördə biri ərinə, yerdə qalanları isə sair vərəsələrə çatır.Məsələ: 2846. Əgər bir kişi ölsə və övladı olmasa, malının dördə biri arvadına, yerdə qalanı isə sair vərəsələrə çatır. Əgər o arvaddan, yaxud başqa arvadından övladı olsa, malının səkkizdə birini arvadı, yerdə qalanlarını isə sair vərəsələr irs aparır. Qadın ərinin mənqul (bir yerdən başqa yerə daşına bilən) əmlakının hamısından irs aparır. Amma torpaq və onun qiymətindən irs aparmır. Həmçinin o yerin fəzasında olanların özündən (bina və ağac kimi) irs aparmır. Amma onun qiymətindən irs aparır. Məsələ: 2847. Əgər qadın irs aparmadığı şeydə təsərrüf etmək istəsə, sair vərəsələrdən icazə almalıdır. Həmçinin nə qədər ki, vərəsələr qadının payını verməyiblər, qadının qiymətindən irs apardığı bina kimi şeylərdə onun icazəsi olmadan təsərrüf etməməlidirlər. Əgər qadının payını verməmişdən qabaq bunları satsalar, qadın icazə versə müamilə səhih, əks halda isə onun payının nisbətində batildir. Məsələ: 2848. Əgər bina, ağac və s. kimi şeylərə qiymət qoymaq istəsələr, onda onlar tələf olub aradan gedənə qədər icarəsiz olaraq torpaqda qalanda malik olduğu dəyərlə hesablayıb, qiymətindən qadının payını verməlidirlər. Məsələ: 2849. Çeşmənin məcrası və bu kimi şeylər yer, onda işlədilən kərpic və s. kimi şeylər isə bina hökmündədir. Məsələ: 2850. Əgər meyyitin bir neçə arvadı olsa, bu halda övladı olmazsa malının dörddə biri; övladı olarsa səkkizdə biri qeyd olunduğu kimi, onun əqdində olan qadınların arasında–hətta əri onların heç biri, yaxud bə”zisi ilə yaxınlıq etməmiş olsa da–bərabər şəkildə bölünəcək. Amma ölüm yatağında olan xəstəlik vaxtı bir qadını öz əqdinə keçirib yaxınlıq etməmiş olsa, qadın ondan irs aparmır, mehriyyə haqqı da yoxdur. Məsələ: 2851. Əgər qadın xəstəlik halında ərə gedib həmin xəstəliklə ölsə, əri hətta onunla yaxınlıq etməsə də ondan irs aparır. Məsələ: 2852. Əgər qadına, təlaq hökmlərində deyildiyi kimi ric”i təlaq versələr və iddə əsnasında ölsə, əri ondan irs aparır. Həmçinin əgər kişi qadının iddəsi əsnasında ölsə arvadı ondan irs aparır. Amma əgər ric”i təlaq iddəsi keçdikdən sonra, yaxud bain təlaqı iddəsində onlardan biri ölsə, digəri ondan irs aparmır. Məsələ: 2853. Əgər kişi xəstəlik halında arvadına təlaq verib on iki qəməri ay keçməmişdən qabaq ölsə, arvadı üç şərt daxilində ondan irs aparır: 1-ci şərt budur ki, bu müddətdə başqa ərə getməsin; 2-ci şərt budur ki, ərinə, onunla yaşamağa meylli olmaması səbəbi, təlaq verməsinə razı salmaq üçün bir şey verməmiş olsun; Hətta əgər bir şey verməsə, amma təlaq qadının təklifi ilə olsa, yenə də irs aparması işkallıdır. 3-cü şərt budur ki, əri arvadına təlaq verdiyi vaxtdakı xəstəliklə, yaxud başqa səbəblərə görə ölsün. Deməli, o xəstəlikdən sağalıb başqa səbəbə görə ölsə, arvadı ondan irs aparmır. Məsələ: 2854. Kişinin arvadının geyməsi üçün aldığı paltarı–hətta arvadı geymiş olsa da, ər öləndən sonra onun malı hesab olunur. |